Evinə basqın edərək həmkəndlisini öldürən HƏBS EDİLDİ
16 oktyabr 2020 14:47 (UTC +04:00)

Evinə basqın edərək həmkəndlisini öldürən HƏBS EDİLDİ

Astara rayonu, Çayoba kənd sakini, 1964-cü il təvəllüdlü Aslanova Rəhimə Ağacan qızının oktyabrın 1-də yaşadığı evdə üzərində xəsarətlər olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilərək, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə zərərçəkmiş şəxsin həmkəndlisi Heydərov Rüstəm Qulamhüseyn oğlunun özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə Rəhimə Aslanovanın yaşadığı evə həyat və sağlamlıq üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rüstəm Heydərov oktyabrın 15-də Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

# 346
avatar

Mehman Nəbiyev

Oxşar yazılar