15:58
22 Sentyabr 2020

İmtahana düşən məntiqsiz MƏNTİQ SUALLARI - Ekspertlər danışdı - YENİLƏNİB

Yazıya imtahanları təşkil edən qurumun fikirləri əlavə edilib.

14:30

“Magistraturaya daxil olmaq istəyən tarixçinin, ədəbiyyatçının, hüquqşünasın, 50 yaşında müəllimin və başqa bu kimi sahələrdə imtahan verənlərin məntiqi düşüncəsini bu cür suallarla yoxlamaq özü ciddi məntiqsizlikdir”.

Bu fikirləri sosioloq alim, iqtisad elmləri doktoru Əhməd Qəşəmoğlu sosial şəbəkədə paylaşıb və imtahanlara daxil edilən məntiq sualları ilə bağlı ciddi problemlərin olduğunu açıqlayıb: “Son illər hamımız tez-tez eşidirik ki, təhsil sistemində təşkil olunan imtahanlarda məntiq fənnindən olan suallara daha ciddi əhəmiyyət verilir. Bu imtahanlarda yığılan balların çoxu bu fənn əsasında müəyyən edilir. Əvvəllər bunu normal hesab edirdim. Təbii ki, gənc alimlərin, müəllimlərin məntiqli düşüncə tərzinə çox ehtiyac var. Amma son bir ayda məntiq fənnindən olan suallarla tanışlığım məndə heyrət və çoxlu suallar yaradıb.

Məntiq gözəl fəndir. Aristoteldən üzü bu yana ciddi alimlər hamısı məntiqdən danışır. Hamı məntiqli düşünməyin tərəfdarıdır. Amma bu test imtahanlarındakı sualların ciddi məntiq elminə dəxli yoxdur”.

Alim daha sonra qeyd edir: “İmtahan verən baş sındırmalıdır ki, bu misallarda rəqəmlərin hansının hansı hissəsini götürüb onun başına hansı ədabaz oyunları açsın və sonunda oradakı qanunauyğunluğu tapa bilsin. Magistraturaya daxil olmaq istəyən tarixçinin, ədəbiyyatçının, hüquqşünasın, 50 yaşında müəllimin və başqa bu kimi sahələrdə imtahan verənlərin məntiqi düşüncəsini bu suallarla yoxlamaq özü ciddi məntiqsizlikdir. Bu imtahanlarda məntiqi düşüncəni yoxlamaq üçün tamamilə başqa tipli suallar olmalıdır. Belə hoqqabaz suallar yox. Mən mexanika-riyaziyyat fakultəsini çox yüksək balla bitirmişəm. İndi də tətbiqi riyaziyyat sahəsində ciddi çalışıram. Bu suallarla imtahana hazırlaşmaq xeyli gəncimizdə stress, ruh düşgünlüyü, gərginlik yaradır. Bu tip suallar xeyli istedadlı gəncimizi təhsil almaqdan kənarda qoya bilər”.

Təhsil eksperti Elxan Nəcəfov mövzu ilə bağlı bildirib ki, Azərbaycanda nə orta, nə də ali məktəblərdə məntiq fənni adı altında heç bir fənn tədris olunmadığı halda, ötən ilə qədər müəllimlərin işə qəbul imtahanında (bu il tətbiq olunmadı), eləcə də təhsilin magistratura pilləsinə qəbulda məntiq imtahanları tətbiq olunur: “Müəyyən narazılıqlardan sonra müəllimlərin işə qəbul imtahanından məntiqlə bağlı imtahan çıxarıldı. Həmçinin, tədrisdə olmamaması ilə əsaslandırıldı. Magistraturaya qəbul imtahanlarında isə qalır. Məntiq suallarının olması belə əsaslandırılır ki, gələcək üçün yetişdirilən kadrların məntiqi təfəkkürünə üstünlük verilməlidir”.

Ekspert bildirib ki, insanların məntiqlə bağlı imtahana hansı kitabdan hazırlaşmaq məsələsi problemdir: “Hazırlıq üçün nəzərdə tutulan proqram yoxdur. Sadəcə, repetitor müəllimlər ( əsasən də riyaziyyat və yaxud ona yaxın fənndən dərs deyənlər) məntiq üzrə hazırlayırlar. Bu problem o şəkildə həll oluna bilər ki, testlərdə riyazi məntiqdən sual salınmasın. Namizədin ümumi dünyagörüşü yoxlanılsın. Analitik təfəkkürü inkişaf etdirən məntiqi suallar tətbiq olunsun. Təəssüf ki, humanitar sahə üzrə magistraturaya hazırlaşan bakalavrların qarşısına riyazi hesablamaya söykənən məntiq sualları düşür. Adətən humanitar fənləri seçənlər riyazi təfəkkürlərini qaneedici qiymətləndirmədikləri üçün bu addımı atırlar. Həmin şəxsləri bakalavr pilləsindən sonra (üstəlik məntiq fənni tədris olunmadan) birdən-birə riyazi məntiq sualları ilə imtahan etmək ədalətli olmur. Dəqiq fənlər üzrə magistraturaya hazırlaşanlara riyazi məntiqdən sualların düşməsi normal sayıla bilər. Amma humanitar fənlər üzrə daha çox dünyagörüşü ilə bağlı, təhlil qabiliyyətini ortaya çıxaran məntiqi sualların olması yaxşıdır. Sualı hazırlayan əsaslandıra bilsin ki, bu sualı həll etmək üçün riyazi təfəkkürə ehtiyac yoxdur.

Yəni, dəqiq fənnlər üzrə olan suallarla humanitar sahə üzrə olan suallar fərqlənməlidir”.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucovun fikrincə, magistratura pilləsi üzrə imtahanda məntiqdən testlərin daxil edilməsi doğru yanaşmadır: “Beynəlxalq təcrübədə nüfuzlu ali təhsil məktəblərinin magistraturalarına, eyni zamanda bakalavr pilləsinə qəbul zamanı mütləq şəkildə məntiqdən test sualları daxil edilir. Dünyanın ən məşhur universitetlərinə, sadəcə riyaziyyat və xarici dildən imtahan verməklə qəbul olunmaq mümkündür. Təbii ki, tələbə namizəddə seçəcəyi ixtisas üzrə baza bilikləri də olmalıdır”.

İ.Orucovun sözlərinə görə, dünyanın ən aparıcı ali məktəbləri imtahanı bu formada keçirirlərsə, nəyə görə bizdə olmasın? Onun fikrincə, məntiqdən imtahanın olması doğrudur: “Hazırda çevik qərar qəbul edəcək mütəxəssislərə təlabat var. Məntiqi düşünmə qabiliyyəti olan insanlar daha çevik qərarlar qəbul edə bilirlər.

Məntiq fənninin tədrisinə gəlincə, dünyanın heç bir ölkəsində orta məktəbdlərdə bu fənn üzrə hazırlıq olmur. Amma bütövlükdə təhsil proqramı şagirdlərin məntiqi biliklərini inkişaf etdirəcək formada tədris olunur. Düşünürəm ki, bizdə bu istiqamətdə işlərin görülməsinə ehtiyac var. Məntiqdən heç bir anlayışı olmayan şagird və ya tələbə imtahan verərəkən onun üçün xeyli çətinliklər yaranır. Dediyim kimi, təhsilimizi o formada təşkil etməliyik ki, tələbə olmağa iddiaçı olanlarımızın məntiqi bilkləri yetərincə olsun”.

Təhsil eksperti Kamran Əsədov isə Azərbaycanda magistratura pilləsinə qəbul üzrə keçirilən imtahanların çətin olduğunu vurğulayıb: “İmtahanda təqdim edilən mövzuların heç biri ali təhsil pilləsində tədris edilmir. Təəssüflər olsun ki, məntiq fənni əsasən riyazi bilkləri yoxlamağa xidmət edir. Ali məktəb tələbələrindən tədris boyu yalnız məntiqi düşüncə, hadisələrə yanaşma tərzi soruşulur. Amma imtahanlarda çətin bilik və bacarıqları əks etdirən riyazi bilklər soruşulur. Bu amil olduqca yanlışdır. Təsadüfi deyil ki, imtahanda daha yaxşı nəticəni texniki və dəqiq elmlər sahəsində oxuyan tələbələr göstərir”.

K.Əsədov hesab edir ki, bu sahədə atılmalı olan ən vacib addımlardan biri magistratutra pilləsinə məntiqdən təqdim edilmiş test tapşırıqlarının ixtisas qruplarına uyğun tərtib edilməsidir: “Hamı üçün eyni formatda test tapşırıqlarının salınması digər ixtisaslarda oxuyanlar üçün çaşqınlıq yaradır. Bundan başqa, Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi test tapşırıqları xüsusi magstr jurnalındakı test tapşırıqları ilə uyğun gəlmir. Nümunə testlər yox səviyyəsindədir. Ona görə hesab edirəm ki, məntiqdən təqdim edilən test qrupları daha çox riyazi bilkləri deyil, məntiqi təfəkkürü yoxlamağa istiqamətlənərsə daha optimal variant olar”.

Mövzu ilə bağlı imtahanları təşkil edən qurumdan da açıqlama aldıq.

Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə bildirib ki, magistratura ali təhsilin ikinci səviyyəsi olaraq yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin və elmi-pedaqoji kadrların hazırlığını təmin etməyi nəzərdə tutur: “Magistraturaya qəbul imtahanının məzmunu ali təhsil müəssisələrinin və AMEA-nın müvafiq şöbələri, ixtisas kafedraları, professor-müəllim heyəti və aparıcı mütəxəssisləri ilə birgə hazırlanır. İmtahandan öncə istər məntiq, istərsə də digər iki fənn (xarici dil, informatika) üzrə qəbul proqramları bakalavrlara təqdim olunur. DİM-in tapşırıq nümunələri ilə bağlı ayrıca kitabları (“Məntiq testləri”) nəşr olunub və orada imtahan modelinə uyğun kifayət qədər test tapşırıqları var. Proqram və tapşırıq nümunələri “Magistr” jurnallarında da verilir. Məntiq testləri isə bütün dünyada olduğu kimi təhsilin daha yuxarı səviyyəsinə qəbul olmaq istəyənlərin ümumi intellekt səviyyəsini yoxlamaq üçün istifadə olunur.

X.Xanlarzadə əlavə edib ki, məntiqi riyazi test tapşırıqlarına cavab vermək namizəddən elementar riyazi biliklər tələb edir və bu test tapşırıqları ilə praktiki riyazi təfəkkürün inkişaf səviyyəsi yoxlanılır: “Bundan əlavə, imtahanda istifadə olunan verbal test tapşırıqları ilə namizədin söz ehtiyatının zənginliyi, sözlə ifadə olunmuş məlumatı təhliletmə, sintezetmə, müqayisəetmə, ümumiləşdirmə, müxtəlif sözlərin istifadəsində incəlikləri hissetmə qabiliyyətləri yoxlanılır. İmtahanda fiqurlarla bağlı da test tapşırıqları təqdim olunur və bakalavrların vizual məlumatı təhliletmə qabiliyyətləri yoxlanılır. Hər üç növ tapşırıqlardan istifadə bizə imtahan iştirakçılarının ümumi intellekt səviyyəsini müəyyən etməyə imkan yaradır. Test bloku isə ənənəvi olaraq asan, orta və daha yüksək hazırlığa malik bakalavrları bir-birindən fərqləndirmək üçün çətin tipli tapşırıqlardan ibarət olur və imtahan iştirakçılarının ümumi səviyyəsinə uyğun olur.

“Hər il DİM-də təşkil olunan elmi-metodiki seminarlarda imtahanlarda istifadə olunan tapşırıqların müzakirəsi və hər bir tapşırıq, hətta tapşırığın yanlış və doğru cavabları belə statistik göstəricilər əsasında təhlil olunur. Hər kəs bu seminarlarda iştirak edib real vəziyyətlə tanış ola bilər və bu sahənin ekspertləri ilə birgə müzakirələrə qoşula bilər”, - deyə DİM sözcüsü vurğulayıb.

Artıq magistratura pilləsi üzrə imtahan verən bir neçə şəxslə apardığımız söhbət də ekspertlərin fikirlərini təsdiqlədi. Məsələn, humanitar sahəni seçənlər üçün məntiqdən təqdim olunan suallar çətinlik yaratsa da, dəqiqi elmlər ürzə təhsil alnlar o qədər də şikayətçi deyillər. Bu il riyaziyyat-informatika ixtisası üzrə müəllimliyi bitirən Hülya Məmmədova magistratura pilləsi üzrə verdiyi imtahanlardan yaxşı nəticə göstərib. O, məntiq suallarından narazılıq etmir: “Məntiqdən verilən 50 sual asan, orta və çətin olmaqla qruplaşdırılmışdı. Gözlədiyimdən daha yaxşı (sadə) düşmüşdü. Yəni, cavablandırılmasına görə əksər suallar vaxt itkisinin qarşısını alacaq səviyyədə idi”.

Dİgər xəbərlər