9013
20:15
15 Sentyabr 2020

“Taxta” oğlan, ağlaya bilməyən gözəl, nakam sevgidən qaçan biznesmen... – Onların filmləri

Saf baxışlı, günəş təbəssümlü, uzunburun oğlan. Ona baxanda adamın ürəyindən keçirdi ki, məktəbə getməyəsən, yollanasan dünyanın o başına macəra arxasınca. Bu yolda yaxşı dostlar tapasan, dünyanın sirlərindən agah olasan və arzularına çatasan. Bəh-bəh... Ona görə də “Buratinonun macəraları” filmi bütün uşaqların sevə-sevə baxdığı filmlərdən idi.

Lent.az “Onların filmləri” layihəsində uşaqlığımızın bu sevimli filmindən söhbət açır.

“Buratinonun macəraları” filmi ekranlara 1976-cı ildə çıxıb. Həmin il SSRİ-nin ən baxımlı kinosu oldu. Bu filmlə neçə-neçə nəsillər böyüdü.

“Belarusfilm”də işləyən rejissor Leonid Neçayevə “Mosfilm”dən təklif gəlir ki, Aleksey Tolstoyun “Qızıl açar və ya Buratinonon macəraları” nağılı əsasında animasiya filmi çəksin.

Neçayev işə başlayır, amma multfilm üzərində iş onu cəlb etmir ki, etmir. İşdən imtina da etmək istəmir. Belarusa qayıdanda sifarişin içindən “multfilm” sözünü çıxardır və kinostudiyanın direktoruna göstərib deyir ki, Moskva bədii uşaq filmi sifariş edib. Kinostudiyada ona inanırlar. Nəticədə ekranlara “Buratinonun macəraları” adlı rəngarəng, məzəli, maraqlı, illərlə nəsillərin marağını çəkən kino çıxır.

9 yaşlı Dima İosifov Buratino roluna təsadüfən düşüb. Fiqurlu konkisürənlər məktəbinə “Belarusfilm”dən gələn nümayəndə sadəcə onu seçib. Sən demə, 30 fiqurlu konkisürən uşaqdan yalnız bir nəfəri - Dima oğlan imiş.

Əvvəlcə onu Arlekino roluna dəvət edirlər. Az müddət sonra onu Buratino roluna sınağa çəkmək qərarına gəlirlər. Saçını, qaşını qırxıb, qrimləyirlər. Sifətinə taxta görünüşü verirlər. Burnu üzərində iş uzun çəkir. Əl işi olduğundan çəkiliş müddətində 40-dan artıq burun nümunəsi düzəldilir. Hər dəfə burun üzərində iş bir-birindən fərqli çıxırdı. Fikir versəniz, filmin sonuna qədər burunlar fərqlidir, bəzisi qısa, qalın, yaxud nazik uzun olurdu.

Həmkarları ilə Dima tez dostlaşır, xüsusən də Peronu oynayan Roman Stolkarsla.

Uşaqlar bəzən çəkiliş meydanında dəcəllik edirdilər, bununla belə aktyorlar onlara həmkarları kimi yanaşırdılar. Dimanın dediyinə görə, Papa Karlonu oynayan Nikolay Qrinko ilə və Yuri Katin Yartsevlə (Cüzeppe) ünsiyyətdən zövq alıb.

Vladimir Basovu (Duremar) çox sevib.

Vladimir Etuşdan (Karabas-Barabas) uşağın xoşu gəlmirmiş. Ona görə də şam qozasını ağacdan onun başına atanda çalışırmış ki, düz təpəsinin ortasını nişanlayıb var gücü ilə vursun. Etuş da ağrıdan Dimaya çox qəzəblənib.

Balaca aktyorun uşaq psixologiyasında Baadur Suladze zədə kimi qalıb. Dima etiraf edir ki, ondan pul tələb edən kafe sahibini oynayan aktyorla illər sonra da rastlaşanda bədənimdən qorxulu gizilti keçirdi.

Filmdə dublyor işləməyib. Bütün qorxulu tryuklarda da aktyorlar özləri çəkiliblər.

İçərisində Buratinonun olduğu kuzənin sındırılma səhnəsində Dima həqiqətən onun içində olub. Həm də bir kadra çəkilib, çünki kuzə cəmi bir dənə olub. Kadr çəkilib başa çatıncaya qədər bütün yaradıcı heyət həyəcan içində mənzərəni seyr ediblər.

Buratinonun təpəsi aşağı ağacdan asıldığı səhnəni çəkməyə anası icazə vermirmiş. Çəkiliş qrupu balaca bir hiylə işlədib. Guya fasiləyə çıxırlar və anasından xahiş ediblər ki, uşağa buterbrod alıb gətirsin. Ana buterbrod arxasınca gedən kimi həmin səhnəni çəkiblər.

Dmitri yenə kino sahəsində çalışır. Onlarla filmə çəkilib. Rejissor kimi filmlər və seriallar çəkir.

Şəxsi həyatında isə çox xoşbəxt ər və üç uşaq atasıdır. Buratinoya çəkilməyindən 40 ildən artıq vaxt keçsə də, nə qədər filmlərə çəkilsə də onu hələ də küçədə barmaqla göstərib, “Buratino” - deyə çağırırlar.

90-cı illərdə şayiə yayıldı ki, Buratinonu oynayan aktyor Əfqanıstan müharibəsində həlak olub. Amma bu o deyildi. Çox az adam bilir ki, Buratino roluna Minsk məktəblisi Kolya Koblikov təsdiq olunmuşdu. Çəkilişlər başlayanda Kolya zədə aldığından onu Dima ilə əvəz edirlər. Əfqanıstanda əsgərlik keçən Kolya 19 yaşında orda həlak olur.

Keçək ikinci sevimli obraz olan Malvinaya. Rejissor assistenti qatarla harasa gedirmiş və onunla bir kupedə anası ilə altı yaşlı bir gözəl qızcığaz gedirmiş.

Tatyana Prosenko Malvina roluna belə dəvət olunur. Filmə də, kupedə oynayıb-oxuduğu kimi, əyləncəli yanaşırdı. Filmdə ağlamaq lazım gələndə isə bu günəş təbəssümlü qızı heç cür ağlada bilmirlər. Gözünə qliserin tökülməsi belə iş yaramır, yaş axır, amma gözlər gülür.

Axırda rejissor hamının əzizlədiyi bu qıza elə acıqlanır ki, qızın gözlərindən yaş süzülməyə başlayır, Leonid Aleksandroviç dərhal “çəkin!” - deyə göstəriş verir. Çəkilişdən sonra isə rejissor qıza konfet verib, işinin öhdəsindən əla gəldiyi üçün təbrik edir. Hələ çəkiliş vaxtı qızın süd dişləri töküldüyündən diş həkiminə gedib ona farfordan diş düzəltdirməli də olublar.

Rejissor sonradan bu mavi gözlü qızcığaz üçün ayrıca “Qırmızıpapaq” filmini yazır, amma çəkilişlərə az qalmış Tanya yıxılır, beyni silkələnir, həkimlər ona çəkilməyi qadağan edirlər. Filmə başqası çəkilir, amma Tanya Kinematoqrafiya institutunun məzunu olur. Həyat yoldaşı Aleksey Volçukovdur-aktyor və jurnalist. İki uşaqları var.

Tanya ilə Dimanın dostluğu indiyə qədər davam edir. Roman Stolkar isə İsraildə yaşayır, kino ilə heç bir əlaqəsi yoxdur. Həkim-pediatr olan Roman həm də dörd uşaq atasıdır.

Tomas Aqustinos (Artemon) Kanadada yaşayır, biznesmendir. Tanyanı kino çəkilişləri zamanı sevən Tomas sevgisinə cavab almadığından, Tanyanı unutmaq üçün həm kinodan, həm də Rusiyadan gedib.

Arlekino rolunu oynayan Qriqori Svetlorusıy haqqında fərqli məlumatlar var - gah təhlükəsizlik orqanlarında çalışdığını deyirlər, gah da kriminal avtoritet olduğunu. Hər bir halda, Amerikada yaşadığı bəllidir.

Papa Karlo roluna Nikolay Qrinkonu çəkməyə kino sahəsinə rəhbərlik edən məmurlar dövlət məmurları icazə vermirmiş ki, o, yalnız Qulliver tipli obrazları oynaya bilər. Rejissor isə təkidlə onu çəkir. Aktyor yüzlərlə rol oynayıb, Tarkovskinin filmlərində belə. Dünya kino festivallarında isə ona “Papa Karlo” deyə müraciət ediblər. Aktyor 89 yaşında dünyasını dəyişib. Minskdə yaşadığı evə barelyefi vurulub. Küçələrdən biri onun adını daşıyır.

Bu filmdə oynayan bütün aktyorlar yaddaşlarda həmin obrazlarla yazılıb, bu günə

qədər.

Filmi senzura qəbul etməyib, “bu sırtıq oğlan gələcək nəslin tərbiyəsini poza bilər” - deyiblər, - “yaxşı nümunə deyil”. Yalnız ilin sonu kinostudiyanın planı xatirinə qəbul edilən film növbəti ilin ən sevilən filmi olur. 1976-cı ilin yanvarında ekranlara çıxan “Buratinonun macəraları” filmi.