18:15
02 Sentyabr 2020

“Şaxtyor”un yolunu kəsən, “Napoli”nin izlədiyi azərbaycanlı: “800 dollar təklif etdilər, satmadım” - TAYM-AUT

Lent.az -ın “Taym-aut” layihəsinin ikinci qonağı Azərbaycanın ən istedadlı futbolçularından olmuş, millinin sabiq hücumçusu Samir Əliyevdir. Karyerası ərzində müxtəlif klubların formasını geyinmiş, Ukrayna və Rusiyada legioner həyatı yaşamış “7 nömrə” məşqçi kimi də qarşısına böyük məqsədlər qoyub. Bu vaxtadək “Neftçi” və “Səbail” komandalarını çalışdırmış Əliyev hazırda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının “sükanı arxası”ndadır. Həmsöhbətimizin həyat hekayəsini öz dilindən eşidək...

“O sevgi mənə əmilərimdən keçib”

“Futbola uşaqlıqdan marağım olub. O sevgi mənə əmilərimdən keçib. Çünki hər ikisi futbol həvəskarı idi. SSRİ vaxtı biri “Spartak”a, digəri Kiyev “Dinamo”suna azarkeşlik edib. Amma nəsildə mənə qədər peşəkar futbolçu çıxmamışdı. 1988-ci ildə Bakıya köçmüşük. Ailədə 3 uşaq olmuşuq: 2 qardaş, 1 bacı. Evin ən böyük övladı mənəm. Tərbiyəli uşaq olmuşam, amma davadan da qaçmamışam. Bunun üstündə dəfələrlə qonşular evimizə şikayətə gəliblər. Döymüşəm də, döyülmüşəm də. Anam evdar qadın olub, atam isə Bakıda avtobus sürücüsü işləyib. Dolanışığımız orta səviyyədə idi. 1988-1989-cu illərdə əmim “Neftçi”nin Bakıdakı oyunlarına gedəndə məni də özü ilə aparırdı. Belə-belə, futbola marağım artdı. Əksər uşaqlar kimi günüm məhəllədə top dalınca düşməklə keçirdi. Amma nə vaxtsa böyüyüb əmimin məni apardığı Tofiq Bəhramov adına Respublika stadionuna peşəkar futbolçu kimi çıxacağım, “Neftçi”nin heyətində oynayacağım ağlıma gəlməzdi”.

“Hiss etdim ki, məndən futbolçu çıxacaq”

“8-ci mikrorayona yaxın qalırdıq. 12-13 yaşım olardı. Uşaqlarla stadionun yanından keçəndə gördük ki, biz yaşda oğlanlar məşq edirlər. Kənardan izlədik, məşqdən sonra yaxınlaşdıq məşqçiyə. 4 nəfər idik. Beləcə futbola yazıldıq. Sonra digər 3 uşaq futbolu atdı, mən isə bu yolla getməyə davam etdim. İlk məşqçim rəhmətlik Hüseyn İsmayılov olub. Məşq edə-edə hiss elədim ki, gələcəkdə məndən futbolçu çıxacaq. 1994-cü ildə - 15 yaşım olanda Hüseyn müəllim bizdən ibarət, “Naxçıvan” adlı komanda yaratdı və birinci dəstədə oynamağa başladıq. Düzdür, rəqiblərimizə 0:5, 1:6, 0:7 hesabı ilə məğlub olurduq, amma 15 yaşında birinci dəstədə oynaya-oynaya bərkiyirdim. Bizim futbolçu nəslindən Samir Musayev, Rizvan Fərzəliyev, Zaur Ramazanov, Fərrux İsmayılov da mənimlə birlikdə həmin komandada olublar”.

“Evimizə gəlib, valideynlərimi birtəhər razı saldı”

“Məktəbdə dərslərimi yaxşı oxuyurdum. Amma sonra futbolla paralel dərslərə gedib-gəlməkdə çətinlik çəkməyə başladım. Bütün günü futbolu düşünürdüm, dərslərimə vaxt ayıra bilmirdim. İkisi bir yerdə düz gəlmirdi. Sonra valideynlərim məni futbola getməyə qoymadılar. Bir müddət futboldan uzaq düşdüm. Evimiz Binəqədi Rayon Məhkəməsinin yanında yerləşirdi. Məktəbdən qayıdanda Hüseyn müəllimi gördüm. Məndən niyə məşqlərə gəlmədiyimi soruşdu. Dedim ki, valideynlərim oxumağımı istəyirlər, ona görə də futbola qoymurlar. Mənimlə evimizə gəldi, valideynlərimlə danışdı. Onları birtəhər razı saldı ki, bu uşaqda potensial var, yaxşı futbolçu ola bilər, məşqlərə gəlsin, dərslərinə də özüm nəzarət edəcəm. Futbolda qazandığım hər şeyə görə rəhmətlik Hüseyn İsmayılova borcluyam. O olmasaydı, futbolu davam etdirməyəcəkdim. 10-cu sinfi bitirən ərəfədə Vaqif Sadıqov məni U-18 yığmamıza dəvət etdi. Seçim qarşısında qalmışdım: ya oxumalı, ya da futbola davam etməli idim. Futbolu seçdim”.

“Hədə-qorxu gəlirdi ki...”

“Məktəbdə qiymətlərim pis olanda atam məni danlayırdı. Hədə-qorxu gəlirdi ki, belə davam etsə, səni futbola getməyə qoymayacam. Amma U-18-də yer alandan sonra dərs haqda, ümumiyyətlə, düşünə bilmirdim. Türkiyədə toplanışlarda olduq, İngiltərəyə getdik. Seçmə mərhələ oyunlarına əsas heyətdə çıxırdım. Onda valideynlərim də başa düşdülər ki, mən artıq bu yolu seçmişəm. 18 yaşımda əsas milliyə də dəvət aldım, yoldaşlıq görüşündə iştirak etdim. Futbolu seçdiyim üçün heç vaxt peşman olmamışam”.

“250 dollar maaş alırdım...”

15 yaşımda “Naxçıvan” komandasının heyətində birinci dəstədə oynayanda nadir hallarda qalib gəlirdik. Amma qələbə qazandığımız matçlardan sonra mükafat alırdıq. O vaxtın pulu ilə 2-3 “şirvan” verirdilər bizə, cib xərcliyi idi. Milli komandaların heyətində isə ezamiyyət pulu alırdıq. İlk peşəkar müqaviləmi 1999-cu ildə - 20 yaşımda “Neftçi” ilə bağlamışam. “Flaqman”ı həmin vaxt Əhməd Ələsgərov çalışdırırdı. 250 dollar maaş alırdım. O vaxt üçün pis pul deyildi. Yarısını evə verirdim, yarısını da özümə xərcləyirdim. Ondan əlavə “Neftçi”də 100, 200, maksimum 300 dollar məbləğində mükafatlar da alırdıq”.

“Neftçi”nin formasını geyinmək uşaqlıq arzum idi”

“Mən “Neftçi”yə gələndə pulu düşünməmişəm. Düzdür, ona qədər milli komandada debüt etmişdim, ölkədə tanınan futbolçu idim, artıq mənə dəvətlər gəlirdi. Ağasəlim Mircavadovun çalışdırdığı “Şəmkir”, Vaqif Sadıqovun baş məşqçisi olduğu “ANS Pivani” klubundan, rəhmətlik Ruslan Abdullayevin “Dinamo”sundan da təklif almışdım. Amma sonda “Neftçi”ni seçdim. Çünki “Neftçi”nin formasını geyinmək uşaqlıq arzum idi. İlk dəfə həmin formanı geyinib məşqdə çıxanda hansı hisslər keçirdiyimi sözlə ifadə edə bilmərəm. Mənim üçün unudulmaz andır”.

“Biletimizi alıb bizi Ukraynaya yola saldı”

“2002-ci ildə ölkədə futbol dayananda Ukraynaya yollandım. Ondan öncə “Neftçi”də ukraynalı futbolçu oynayırdı - Roman Zub. Mənə, Kamal Quliyevə və Fərrux İsmayılova deyirdi ki, sizin potensialınız Ukraynada oynamağa imkan verir. Bizdə futbol dayanandan sonra o, Kamalla əlaqə saxladı, “Volın” variantının olduğunu dedi. Onun məsləhəti ilə yoxlanışa getdik. Həmin ərəfədə millimiz Latviya ilə səfərdə yoldaşlıq oyunu keçirirdi. Rəhmətlik Fuad Musayevə dedik ki, Ukraynadan dəvət gəlib. O da sağ olsun, biletimizi alıb yola saldı, bizi orda qarşıladılar. Birinci məşqdən sonra məşqçi hər ikimizə müqavilə bağlamağı təklif etdi. Həmin vaxt subay olsam da, ilk vaxtlarda Ukraynaya uyğunlaşmaq çətin gəlirdi. Buna baxmayaraq, birinci oyundaca “Metallist”ə 2:0 hesabı ilə qalib gəldik və mən qol vurdum. Baş məşqçimiz Vitali Kvartsyanıy çox tələbkar idi, komandada güclü rəqabət yaratmışdı. Həmişə ailəyə bağlı biri olmuşam, sözsüz ki, evdən ötrü darıxırdım. Millidən dəvət alanda gəlib ailəmizi görürdük”.

“Müharibə gedirdi deyə, razılaşmadım”

“Ukraynada işlərim yaxşı gedirdi. “Şaxtyor”, Dnepr”, “Dinamo”, “Metallist” kimi komandalara qarşı oynayanda təcrübən artır. Təəssüflər olsun ki, o vaxt bizdə menecerlik inkişaf etməmişdi, yol göstərən yox idi. Doğru seçim edə bilmirdik. Elə oldu ki, həmin ərəfədə bir ukraynalı menecer mənimlə əlaqə saxladı, 2-3 variant olduğunu söylədi. Onlardan biri də Rusiyanın birinci divizionuna düşən “Uralan” idi, yaxşı müqavilə təklif etmişdi. Komanda qarşısına Premyer Liqaya qayıtmağı məqsəd qoymuşdu. Açığı, Ukrayna Premyer Liqasını Rusiyanın birinci dəstəsinə dəyişmək istəmirdim. Amma bir şərtlə razılaşdım. Menecer məni aldatdı ki, 6 ay oyna, göz önündə ol, sənə Rusiyada daha iddialı klub tapacam. “Uralan” “Volın”dan qat-qat çox pul verirdi mənə. Elə oldu ki, həmin ərəfədə “Uralan”da maliyyə problemləri başladı və vətənə qayıdası oldum. Açığı, həmin vaxt başqa təkliflərim də var idi. “Terek” məni istəyirdi, amma orda müharibə gedirdi deyə, razılaşmadım. “Tom”dan da təklif almışdım, ora da getmədim ki, uzaqdır, Sibirdir”.

“Rusiyada “Xəzər Lənkəran”dakından daha çox qazanırdım”

“Azərbaycana pula görə qayıtmadım. “Uralan”da “Xəzər Lənkəran”dakından daha çox qazanırdım. Sadəcə, o vaxt Nazim Süleymanov “Xəzər Lənkəran”a gəlməyimi çox istəyirdi. Onunla aramızda belə bir danışıq oldu ki, bir müddət oynayım, sonra yenidən ölkə xaricinə çıxım. Çünki yenidən legioner həyatı yaşamaq istəyirdim. Təəssüflər olsun ki, alınmadı, burda qalmalı oldum. “Xəzər Lənkəran”da yaxşı kollektiv formalaşmışdı. Oktay Dərəlioğlu kimi futbolçu ilə hücumda tandem təşkil edirdik. Oktay sadə və peşəkar idi. Ondan çox şey götürdüm, davranışı ilə mənə də kömək edirdi. Çox heyif ki, burda az qaldı. “Qızıl oyun”da “Neftçi”yə uduzub gümüş medal qazandıq. Halbuki həmin matça qədər vacib xallar itirməsəydik, “Qızıl oyun”suz da çempion olardıq”.

“Optovoy”lardan alıb satırdım”

“Futboldan qabaq da pul qazanıb, valideynlərimə kömək etmişəm. Həyət evimizin qarajında məhəllə marketi işlətmişəm. Gedib “28 May”dakı “optovoy”lardan alırdım, gətirib satırdım. Amma pul xərcləyən olmuşam, yığan olmamışam. Ailə qurandan, futbolu atandan sonra pula qarşı davranışın dəyişir, qənaət edirsən. Dərk edirsən ki, ailəni saxlamalısan, valideynlərinə, qardaş-bacına kömək etməlisən, gələcəyi düşünməlisən. Bir də oynadığın dövrdəki qədər qazanmırsan və həyat səni məcbur edir ki, ayağını yorğanına görə uzat. Futbol oynadığım dövrdə özüm, ailəm, qardaşım üçün böyük olmasa da, nəsə eləmişəm. Amma onun 2-3 qatını da edə bilərdim”.

“Cavan yaşda pul görürsən, başın gicəllənir”

“Düşünürəm ki, ailə həyatını erkən qursaydım, daha yaxşı olardı. Evlənəndə 27 yaşım var idi. Futbolçu həyatı elədir ki, cavan yaşda pul görürsən, şan-şöhrət istər-istəməz adamın başını gicəlləndirir. Amma ailən, uşaqların olanda daha məsuliyyətli olursan. 3 övladım var: 2 oğlan, 1 qız. Böyük oğlumun 13 yaşı var, futbola marağı yoxdur. Balaca oğlum isə 11 yaşındadır. Qavramaq qabiliyyəti var, amma o yaşa görə zəifdir. Mən onun vaxtında daha çevik idim. Həvəsi olar, futbola gedər. İndi qiymət vermək tezdir. Uşaqları futbola məcburi yönləndirmək istəmirəm”.

“Övladlarıma əl qaldırmağı xoşlamıram”

“Ailədə uşağın öz yeri var, böyüyün öz yeri. Övladlarıma əl qaldırmağı xoşlamıram. Uşağa sərbəstlik vermək olar, amma mütləq nəzarət altında olmalıdır. İndi tamam başqa dövrdür. Uşağın başını qatmağa o qədər pis vərdişlər var ki... Çalışıram ki, onları elə şeylərdən yayındıram. Övladlarımdan razıyam, çünki valideyn sözünə qulaq asırlar”.

“Gecəyarısı problemim olub, zəng etmişəm, gəliblər”

“Futbol adamlarından bir neçəsi ilə yaxınlığım var. Əsl dostlarımın da sayı az deyil. Hansı ki, həm yaxşı, həm də pis gündə yanımda olurlar. Elə olub ki, gecəyarısı problemim olub, zəng etmişəm, gəliblər. Sınanmış dostlarım var. İnsanlarla münasibətdə əsas səmimiyyətə fikir verirəm. Dürüstlük çox önəmlidir mənim üçün. Yalanı bağışlamıram. Səmimi deyilsənsə, deməli, yalan danışırsan. Elə adama qarşı münasibətim dəyişir. Düzdür, onu bildirməməyə çalışıram, amma tədricən elələrindən uzaqlaşıram”.

“Balıq tutanda əsəblərim sakitləşir”

“Qocalmaqdan qorxmuram, hər yaşın öz gözəlliyi var. Nədənsə gileylənən adam deyiləm. Bir dənə ölümlə oluma çarə yoxdur. Hər şeyə hazır olmaq lazımdır. Təbii ki, heç kim yaxınlarını itirmək istəməz. Mən realist insanam, hər şeyi real qəbul etməyə çalışıram. Hobbim balıq tutmaqdır. Pandemiyaya qədər boş olan kimi qaçırdım balıq tutmağa. Həm əsəblərim sakitləşirdi, həm də futbol haqda beynimdə analizlər aparırdım. Dənizdə, kanallarda balıq tutmuşam, həvəskarıyam. Stolüstü oyunlar da oynayıram, amma “xəstə”si deyiləm”.

“Hamısı “əjdaha” idi”

“İtaliya yığması ilə Bakıda keçirdiyimiz görüşdəki oyunum daha çox yadda qalıb. Əslində, ondan da yaxşı oyunlar keçirmişəm. Sadəcə, İtaliya kimi rəqiblə görüşdə fərdi keçidlər etmişəm deyə, o, daha çox xatırlanır. Həmin İtaliya millisinin heyətində hamısı “əjdaha” idi. Onlara qarşı Bakıda komanda olaraq pis oynamamışdıq. Ukraynada çıxış edirdim deyə, yaxşı fiziki formada idim. Futbolçu potensialım daha yaxşı karyera qurmağa, daha yaxşı klublarda oynamağa imkan verirdi. Buraxdığım səhvləri məşqçi karyeramda təkrarlamaq istəmirəm. Özümə güvənirəm. Hiss edirəm ki, məşqçi kimi üzərimdə işləyib, daha yaxşı yerlərdə ola bilərəm”.

“Yanaşma düz deyil deyə, istedadları batır”

“Bizim vaxtımızda sosial şəbəkə, cürbəcür oyunlar yox idi. Joze Mourinyo deyir ki, internet narkotik kimi bir şeydir. Pep Qvardiola isə “Mançester Siti”də belə bir qayda qoyub: futbolçular bazaya girdisə, telefon işlədə bilməzlər. İstəyir ki, futbolçular bir-birləri ilə təmasda olsunlar. Bu gün Azərbaycanda məndən də istedadlı futbolçular var. Sadəcə, onlara qarşı yanaşma düz olmalıdır. Uşaqlar var ki, sırf yanaşma düzgün deyil deyə, istedadları batır”.

“Dedi ki, “Napoli”nin nümayəndələri səni izləməyə gələcək”

“Bunu ilk dəfə açıqlayıram: İtaliya ilə səfər oyununa çıxırdıq. 0:4 hesabı ilə uduzduğumuz görüşdən 2 gün qabaq rəhmətlik Fuad Musayev mənə dedi ki, “Napoli”nin nümayəndələri səni izləməyə gələcək. Həqiqətən elə olub, yoxsa Musayev məni ruhlandırmaq üçün deyib, bilmirəm. Həmin görüşdə elə bir şansımız olmadı. Bakıdakı qarşılaşmadan sonra italyan müdafiəçilər mənə qarşı daha diqqətli oynayırdılar, imkan vermirdilər ki, top mənə çatsın. Oyun ərzində cəmi 1 zərbə vurmaq imkanım olmuşdu”.

“Paltardəyişmə otağına gedəndə heç kimdə forma qalmamışdı”

“Tanınmış futbolçulardan məndə ancaq Fabio Kannavaronun forması olub. İtaliya ilə Bakıdakı oyun bitən kimi baxdım ki, hamı bir-biri ilə forma dəyişir. Paltardəyişmə otağına gedəndə heç kimdə forma qalmamışdı. İnzibatçımız məndən soruşdu ki, sən niyə dəyişdirmədin? Dedim dəyişməyə adam tapa bilmədim (gülür). Formamı istədi, verdim. Getdi İtaliya millisinin paltardəyişmə otağına, orda Kannavaro ilə dəyişdi, gətirdi. Açığı, forma istəmək baxımından utancaq olmuşam. Kannavaronun formasına görə mənə 800 dollar pul təklif etdilər, satmadım. Sonra öz qaynım istədi ki, ver, geyinim. Ondan da kimsə istəmişdi, “otkaz” etməyib vermişdi”.

“Qayıtdı ki, cəhənnəmə, Samir, çıx, 11-ci də sən ol”

“Ukraynada oynayırdım, “Şaxtyor”la səfər matçı idi. Çempionatın sonuna 4 tur qalmışdı. Artıq məşqçi də bilirdi ki, mən klubda qalmaq istəmirəm, başqa təkliflərim var. Oyundan 1 gün qabaq əsas heyətdə kimlərin yer alacağı, demək olar ki, bəlli olurdu. Hiss etdim ki, məşqçi daha mənə qarşı soyuqdur, “Şaxtyor”la görüşdə ehtiyatda qalacam. Məşqçi “ustanovka”da heyəti açıqlamağa başladı və 10 nəfərin adını çəkdi. Futbolçulardan biri soruşdu ki, 10 nəfər dediniz, bəs 1 nəfər? O da qayıtdı ki, cəhənnəmə, Samir, çıx, 11-ci də sən ol (gülür). Həmin matçda 2 qol vurdum, 3:1 hesabı ilə qalib gəldik və 10 min mükafat verildi. “Şaxtyor” bizə uduzandan sonra “Dinamo” onları keçib çempion oldu. Sağ olsunlar, həm “Volın”, həm də “Dinamo”dan mükafat aldıq (gülür)”.

Dİgər xəbərlər