5002
15:57
01 Sentyabr 2020

Avtobus sürdüyünü iddia edən direktor TÖHMƏT ALDI

Təhsil Nazirliyi sosial şəbəkədə məzuniyyət vaxtı avtobus sürücüsü işləməyi ilə bağlı yalan məlumat yayan məktəb direktoru barədə qərar verib.

Nazirlikdən Lent.az -a verilən məlumata görə, Saatlı rayonu, Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevə "Müəllimlərin etik davranış qaydaları"nı pozduğuna görə, təhsil nazirinin müvafiq əmri ilə töhmət verilib.

Qeyd edək ki, avqustun 31-də Bakı Nəqliyyat Agentliyi də Elnur Rzayevlə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, sosial şəbəkələrdə Saatlı rayonu, Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevin məzuniyyət vaxtı avtobus sürücüsü işləməsi ilə bağlı fikirləri həqiqəti əks etdirmir: “BakuBus MMC”də bu adda sürücü çalışmır. Elnur Rzayevlə əlaqə saxlanılıb və özünün də bildirdiyinə görə o, bunu, sadəcə paylaşım xatirinə edib: "BakuBus”da sürücü kimi işə qəbul qanunvericiliklə müəyyən olunan sistem əsasına həyata keçirilir. Sürücü kimi işə qəbul olunan namizədlər əvvəlcə xüsusi təlimlərə cəlb olunur. Təlimi keçən namizədlər Əmək Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə müvafiq olaraq daimi əsaslı əmək müqaviləsinin əsasında sürücü vəzifəsinə təyin olunurlar. Bu isə onların əmək hüquqlarının qorunması, həm də sosial təminatlarının həyata keçirilməsi baxımından çox əhəmiyyətlidir".