1012
11:59
29 İyun 2020

İki rayonda narkotik alverçiləri tutuldu

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının keçirdikləri ardıcıl uğurlu əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Lənkəran və Masallı sakinləri saxlanılıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az -a verilən məlumata görə, İdarənin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı rayonunun Xıl kənd sakini Fərid Abbasov saxlanılıb. Onun üzərindən bir bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Aparılan araşdırmalarla F. Abbasovun narkotik vasitəni Lənkəran rayonunun Qumbaşı kənd sakini Ağadadaş Qafarovdan əldə etdiyi müəyyən edilib. Əməliyyat tədbirlərinin davamı olaraq sonuncunun yaşadığı evə keçirilən baxış zamanı oradan 1 ədəd bağlamada çəkisi 3 kiloqram 145 qram narkotik vasitə qurudulmuş marixuana, 1 bükümdə 8 qram heroin və 1 bükülüdə 5,5 qram psixatrop maddə metamfetemin aşkarlanaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq Ağadadaş Qafarovun narkotik vasitəni əldə etdiyi mənbə də müəyyən edilib və həmin şəxsin rayonun Boradigah qəsəbə sakini Hacıəli Rəfiyev olduğu aşkarlanıb. Saxlanılan H. Rəfiyevin üzrəindən və yaşadığı evdən ümumilikdə 383 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.