1261
14:10
11 İyun 2020

Ermənistanda hakimiyyət böhranı dərinləşir - TƏHLİL


Ermənistanda siyasi və iqtisadi böhran dərinləşməkdədir. Mövcud iqtidardan narazılıq artır. Baş nazir Nikol Paşinyanın Ermənistan daxilində reytinqi ciddi problemlər fonunda sürətlə düşür. Bir tərəfdən pandemiyanın gətirdiyi ciddi problemlər, digər tərəfdən Rusiya ilə “qaz anlaşması”nın əldə edilməməsi, habelə, ölkə daxilində vətəndaş həmrəyliyinin mövcud olmaması Paşinyan iqtidarını küncə sıxır. Bir sözlə, Paşinyanın və onun komandasının uğursuzluğu hər gün artır. Paşinyan bütün problemləri koronavirusla əlaqələndirməyə çalışır, lakin müxalifət böhranın başlıca səbəbi kimi Paşinyanın səriştəsizliyini önə çıxarır.

Paşinyan ölkə daxilində müxalifətin təzyiqləri ilə, xaricində isə Moskvanın sərt tələbləri ilə üzləşib. Daim pisləşən Ermənistan-Rusiya münasibətləri fonunda Baş Nazir artıq nə edəcəyini bilmir. Hakim komanda parçalanır, istefa dalğası bütün iqtidarı iflic etməkdədir. Moskvanın Ermənistana Paşinyanın təklif etdiyi qiymətə qaz satmaq xahişindən imtina etməsi və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qarabağ probleminin mərhələli şəkildə həllinin vacibliyinə diqqət yetirdiyi bəyanatlar Ermənistan rəhbərinin vəziyyətini daha da kritikləşdirib.

Paşinyan hakimiyyətə gələn ərəfədə vəd etdiyi hər hansı islahatı və ya işi məntiqi sonluğa çatdıra bilmir. Bu, onun bacarıqsızlığından, qeyri-peşəkarlığından xəbər verir. Paşinyan heç bir sahədə dərin islahatlar apara, heç bir sahəni normal idarə edə bilmir. Yerli və xarici analitiklər iddia edirlər ki, bu gün bütün dövlət idarəetmə sistemi xaosa sürüklənir. Paşinyanla münaqişədən sonra ölkəni tərk edən Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru və “Vətən” İnkişaf Fondunun Himayəçilik Şurasının sədri Artur Vanetsyan mətbuata müsahibəsində bildirib ki, hakimiyyətin ali eşelonlarında qarşıdurma dərinləşməkdədir. Ermənistan hökumətinin Rusiya ilə gərgin münasibətləri fonunda ölkədəki böhran daha da dərinləşib. Ermənistanda nəşr edilən “Fakt” qəzetinin məlumatına görə, siyasi dairələrdə bir neçə variant müzakirə olunur və onlardan biri Ermənistan prezidenti Armen Sarkisyana aiddir. Qəzetin yazdığına görə, Paşinyan hakimiyyətdə olduğu iki il ərzində cəmiyyətlə bütün körpüləri yandırıb və bütün mümkün sərhədləri aşıb. Salamat qalmış yeganə “körpü” prezident Armen Sarkisyanla əlaqədir ki, Nikol hazırda bundan istifadə etməyə çalışır.

Araşdırmaçılara görə, “Fakt” qəzeti yoxlanılmış informasiyanı dərc edir və Paşinyanın siyasi əleyhdarlarına yaxın deyil, odur ki, müstəqil mətbu orqan olsn “Fakt”ın versiyalarına inanmaq olar.

Qəzet yazır ki, hakimiyyətin Armen Sarkisyana mərhələli şəkildə ötürülməsi məsələsi müzakirə olunur, ilk addım kimi Baş Nazirin müavini Tiqran Avinyanın postunun A. Sarkisyana “verilməsi” müzakirə edilir. Əgər bununla bağlı razılıq əldə olunarsa, Armen Sarkisyanın göstərdiyi şəxs Avinyanın yerinə baş nazirin müavini təyin ediləcək.

Vurğulayaq ki, Ermənistandakı daxili siyasi vəziyyətin gərginləşdiyini sübut edən daha bir fakt yalnız bir günün içində - iyunun 8-də Baş Nazir Nikol Paşinyanın üç güc strukturunun rəhbərini - Milli Təhlükəsizlik Xidmətinin direktoru Eduard Martirosyanı, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyanı və Ermənistan Polisinin rəisi Arman Sarkisyanı işdən çıxarmasıdır. Bəzi iddialara görə, çətin vəziyyətə düşən N. Paşinyan Ermənistanın sabiq Prezidenti Levon Ter-Petrosyanla görüşüb, ondan bəzi məsləhətlər alıb. Məhz bu görüşdən sonra onun yuxarıda qeyd olunan şəxsləri vəzifələrindən kənarlaşdırması da Ermənistanda ciddi müzakirə mövzusuna çevrilib.

Bunun ardınca Ermənistan parlamentindəki ikinci ən böyük siyasi qüvvənin - 132 deputatdan 25-ni təmsil edən “Çiçəklənən Ermənistan” müxalifət partiyasının sədri Qagik Tsarukyan Nikol Paşinyan və hökumətinin istefasının vacibliyini bəyan edib: “Mən əvvəl deyirdim ki, hökumətin tərkibinin 97 faizini dəyişdirmək lazımdır. Ancaq bu gün uğursuzluqları görərək deyə bilərəm ki, bu hakimiyyətin kadrlarının 97 yox, 100%-i dəyişməlidir, çünki onlar bütün sahələrdə uğursuz olduqlarını sübut etdilər”.

Parlamentdə təmsil olunan üçüncü böyük siyasi qüvvə - "İşıqlı Ermənistan" partiyası (17 deputat) da hesab edir ki, Ermənistan hökuməti islahatlar aparmaq iqtidarında deyil.

N. Paşinyanın etdiyi dəyişikliklərin hansısa keyfiyyət dəyişikliyinə gətirib çıxaracağı inandırıcı deyil. Ümumiyyətlə, onu düşünülmüş, ağıllı siyasət yeritməkdə “ittiham etmək” də mümkün deyil. Küçə inqilabının üçüncü ilində Paşinyan vəziyyəti görür, odur ki, hansısa dəyişikliklərdən, ona qarşı qüvvələrin birləşməsindən ehtiyat edir. Buna görə də yüksək postlara özünə tam sadiq adamlar təyin etmək istəyir ki, hansısa etirazlar olsa, güc strukturları tam olaraq onu dəstəkləsin.

Digər tərəfdən, Paşinyan bu dəyişikliklərlə, guya xalqa xidmət etdiyini, yarıtmaz kadrları çıxarıb yerinə yaxşıları təyin etdiyini nümayiş etdirir. Lakin onun bu cəhdləri də alınmır. Ölkədə elə vəziyyət yarana bilər ki, bütün qüvvələr ona qarşı birləşə bilər. Artıq cəmiyyətin bütün təbəqələrində uğursuz inqilabçıya qarşı inamsızlıq indidən artır. Dogər vacib məqam ondan ibarətdir ki, Paşinyan eyni zamanda çirkli pulların yuyulmasında da ittiham edilir.

O, Paşinyan proseslərin sonunu necə görməsi mövzusunda seçim etməlidir: Ya Ukraynadakı “Yanukoviç variantı”, ya da Gürcüstandakı “Şevernadze variantı”ndan birini seçməlidir.

Bəzi ekspertlər hesab edirlər ki, Ermənistanda özünü göstərən siyasi və iqtisadi böhran meylləri Nikol Paşinyanın xaricə qaçışı ilə nəticələnə bilər.

Burada əsas məqam ondan ibarətdir ki, Paşinyan komandasının iqtidardan getməsində Ermənistan müxalifəti qədər Rusiya da maraqlıdır. Təkcə ona görə yox ki, Kreml hələ də Nikolu özününkü yox, gizli qərbçi sayır – baxmayaraq ki, iki illik hakimiyyəti dövründə Paşinyan verdiyi vədlərə rəğmən, Ermənistanı Rusiya orbitindən uzalqaşdırmağa cürət eləməyib - ilk növbədə ona görə ki, Moskva Ermənistanın timsalında postsovet respublikasında, üstəlik, forpostda “rəngli inqilab”ın necə fiasko olduğunu nümayiş etdirmək istəyir.

N. Paşinyan belə bir şəraitdə iqtisadiyyatın çöküşü və dərin böhrandan daha çox kabinetini, statusunu əlindən ala biləcək yeni liderin ortaya çıxma ehtimalından narahatdır. Paşinyan proseslərin məhz belə istiqamət ala biləcəyindən ehtiyat edir.

İndi çoxunu belə sual düşündürür: Ermənistandakı bu şəraitdə, belə hökumətlə Qarabağ danışıqlarının fiaskoya uğradığını söyləmək olarmı?

APA Analitics