23272
15:41
02 İyun 2020

Bir gecəlik gəlin, dağlarda gizli görüş, “Kəmərli üsyanı”... – Səbuhi Məmmədli yazır

Həmin qızıllar üzü Gəncəbasardan tutmuş Borçalıya, Dağıstandan tutmuş Şəkiyə qədər ağa və bəylərdən, varlı tacirlərdən toplamışdılar. Amasiyaya göndəriləcəkdi həmin qızıllar. Bəs, kimə, niyə?

Bu məqama qayıdacağıq. Amma indi əsas məsələ başqaydı; çar Rusiyasının sərhədlərini keçib Osmanlı torpağına bu qızılları kim çatdıracaqdı? Məhz həmin adamın kimliyində qərara gələ bilmirdilər. Gözlər mürşidə tikilmişdi.

“Səhər sübh namazından sonra deyəcəm”.

Bu sözləri deyib də aralanmışdı mürşid adamlardan.

Səhər sübh namazından sonra hamı yenə bir yerə yığışmışdı. Həyəcanla veriləcək qərarı gözləyirdilər.

- Amasiyaya Cındır Osman gedəcək...


(əvvəli burada
https://lent.az/news/343285



…O qarı hər gün Yuxarı Salahlıdan Aslanbəyliyə piyada kilometrlərlə yol gedib gəlirmiş. Dan yeri sökülməmiş gəlib, gecə əl-ayaq çəkiləndən sonra qayıdarmış öz kəndinə. Bir gün də elə o yoldaca dünyasını dəyişir. Onu kiçik bir təpəlikdə dəfn edirlər. Həmin yolu gedən sağ-salamat getməsi üçün nəzir qoyur indi də onun məzarına. Necə deyərlər, inanc yeridi bu məzar.

Dostumuz Babək Məmmədli deyir ki, Hürmələk nənə Hacı Mahmud Əfəndi həzrətlərinin türbəsində xidmət edərmiş. “Türbədən çıxıb Salahlıya, evinə tələsəndə dünyasını dəyişib. Həmin tərpədə də torpağa tapşırıblar. Sonradan bu yer ocağa çevrildi, abadlaşdırıldı. Kimlərsə məzarı rahat ziyarət etmək üçün təpənin üstünədək pilləkən saldırdı. Gedək, biz də bir nəzir qoyaq”.

Düzü, mistik bir yer təsiri bağışlayır. Sanki rahatlıq tapırsan, yüngülləşirsən. Ətrafa sərin meh yayılır. Babək deyir ki, yayın cırhacırında belə, burda bu kiçik təpənin başında meh əsir.


***



İndi isə İncə Dərəsinin Pəri qarısından danışacağıq. İncədə “Dədəm öyü”nün qızı olub Pəri. Ərinin də adı Məmili. Şeyx evinin gəlini olub həm də. Əri Məmili Şeyx Məmmədin qardaşı nəvəsi imiş. Şeyx Məmməd də kim olsa yaxşıdır? Hacı Mahmud Əfəndinin şəxsi bərbəri. Hacı Mahmud Əfəndi o titulu şəxsi sədaqətinə, və imanına görə veribmiş Məmmədə. Hə, Məmlidən danışırdıq axı. Pəri və Məmili 1941-ci il iyunun 21-də toy çaldırıblar. Bir gün sonra müharibə başlayıb. Elə həmin günün səhərisi Məmilini əsgər aparıblar. Nə ölüsündən, nə də dirisindən xəbər gəlib onun. Pəri, hə, o cavan Pəri də ərə getməyib, ölənəcən onu gözləyib. Düz 41 il. Şair Məmməd İlqarın Pəri qarıya həsr etdiyi “Bir gecənin gəlini” şeiri isə sadəcə bədəndə qan dondurur:





41 il ötdü,

Pəri nənə,

41-də gedən oğlanın

Bir gecəlik bəyliyindən.

41 ildi

Bir gecənin gəlinisən.

Göydə allah varmı ki,

göyə qaldırırsan əlini sən?..

Könül veriləsi Günəşi var,

Ayı, ulduzları var bu göyün.

Buludu var,

yağışı var,

qarı var bu göyün.

Ancaq...

Allahı yoxdu,

Pəri nənə,

Allah haqqı, yoxdu!!

Nolaydı deyirəm, nolaydı –

Ya bir qızın,

ya bir oğlun olmuş olaydı.

O da xalxın oğulları,

qızları kimi gedib

o davada ölmüş olaydı.

Heç olmasa,

and içə biləydin qara kağızına!

Heç olmasa –

bu tənha damın altında uzun,

üzüntülü gecələrində

Şirin bir xatirə tapıb

ata biləydin

bu yalquzaq tənhalığın ağzına.




İndi neyniyəsən,

anam,

ya mən fağır neynim axı,

Neynim axı,

Pəri nənə?

Nə elə tilsimim,

sehrim yoxdu ki,

Nə də elə sözüm,

şerim yoxdu ki,

unutdura biləm

bu kədəri sənə...



***

3 kəndin qovuşduğu yerdi İncə Dərəsi. Özünəməxsus təbiəti, yaşam tərzi olan, özü-özunün içinə çəkilmiş bu məkanda tanınmış şairlər, yazıçı və publisistlər, məşhur aşıqlar yetişib. Və bir maraqlı fakt: Azərbaycan folklorunun unikal nümunələrindən olan Qım-qıma da məhz İncə Dərəsiylə bağlıdır. Tarixi mənbələrə görə, qədimdə burada İncu (Aslanbəyli kəndi), Kimer (Kəmərli kəndi) və Qamak (Qaymaqlı kəndi) tayfaları yaşayıb. Yeri gəlmişkən, bunlardan ən qədimi İncu tayfasıdır.

Dərənin əhatə etdiyi bu 3 kəndin əhalisi etnoxronim kimi, İncəlilər adlandırılır.


***



Tarixdən söz düşmüşkən, bir maraqlı fakt. 1984-cü ildə Ermənistan rəhbərliyi Azərbaycanın Qazax rayonunun Kəmərli kəndinin 1675 hektar torpaq sahəsinə iddia irəli sürür. Bu ərazi Ermənistan SSR Noyemberyan rayonunun Dovex kəndi ilə Qazax rayonunun Kəmərli kəndi arasında yerləşir. Kəmərli əhalisi erməni iddialarını dayandırmaq üçün rayon rəhbərli və Azərbaycan hökumətinə dəfələrlə müraciət etmişdi. Hətta Sov.İKP Mərkəzi Komitəsinə müraciətlər belə nəticələr verməmişdi. 24 oktyabr 1984-cü il tarixində Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini Rasizadə, Azərbaycan KP MK Qazax rayon partiya komitəsinin birinci katibi Süleymanov, rayon İcraiyyə Komitəsinin sədri Eyyubov və digər rəsmi şəxslər Kəmərli kəndindən 6 km aralıda yerləşən Bataqlı bulaq deyilən yerə gəlir. Onların Ermənistanın əsassız iddia etdiyi meşə massivinə baxmaq istəyi kənd əhalisini hiddətləndirir. Kənd sakinləri gələnləri daşa basır, Rasizadənin maşınını aşırır. Yaranmış vəziyyət Azərbaycan KP MK bürosunun 1984-cü il 12 noyabr tarixli iclasında “Qazax rayonunun Kəmərli kəndində münaqişə haqqında” adı altında müzakirəyə belə çıxarılır. Bu hadisə o zaman SSRİ-də böyük rezonans doğurmuşdu.


***

İncə Dərəsi Azərbaycanda həm də nəqşibəndilik təriqətinin geniş yayıldığı yerdir. Nəqşibəndilik təriqəti Veysəl Qarani soyundan olan Hacı Mahmud Əfəndinin adı ilə bağlıdır.

Mir Həmzə Nigari və Ömər Xəlvətidən bəhrələnən Mahmud Əfəndi onları özünə müəllim hesab edib. Hacı Mahmud Əfəndi, Seyid Mir Həmzə Nigarinin seçkin xəlifələrindən olub, sufi təriqətinin nəqşibəndi qolunda 33-cü şeyxdir.

Mahmud Əfəndi Şeyx Şamillə yaxın dost idilər. Onların hər ikisi isə kürdəmirli İsmayıl Şirvaninin müridi olub.

Yeri gəlmişkən, istər İncə Dərəsindən, istərsə də nəqşibəndliyin Azərbaycanda yayıldığı digər yerlərdən Şamil hərəkatına ciddi maddi dəstək olub. Məsələn elə keçən dəfə adını çəkdiyimiz Dərviş Osmanın, indi hamının Pankisi dağlarında Şamilin naibi Hacı Muradla görüşdüyü, ona Azərbaycandan yığılan qızılların çatdırdığı deyilir. Hacı Mahmud əfəndi tərəfdarlarının çar tərəfindən sıxışdırılması da bununla əlaqəlidir. Elə Azərbaycandakı və Qafqazdakı bütün xəlvətilərin lideri İsmayıl Şirvani də buna görə Türkiyəyə sürgün edilmişdi.

***

Bu gün Hacı Mahmud Əfəndi türbəsi xalqın inanc yeri kimi məşhurdur. Buraya əhd edib gələnlərin sayı-hesabı bilinmir. Gəncə-Qazax, Borcalı ellərində, Dağıstanda, Türkiyədə tanınan bir ziyarətgahdır.

Türbə 1893-cü ildə ucaldılıb. Tikilinin bəzi elementləri göy rənglə boyandığından xalq arasında ona bəzən “Göy türbə” də deyirlər. Türbədə Hacı Mahmud Əfəndi və onun tərəfdarlarından olanı Seyid Yasinin məzarları yerləşir.

Hacı Mahmud əfəndinin yaşayış evi isə Aslanbəyli kəndinin qurtaracağında yerləşir. Bu ev qonşuluqdakı müsafirxana (qonaq evi) və məscid ilə birlikdə vahid bir kompleks təşkil edir. Ora da ziyarət yeri kimi tanınır.

İncəyə səfərimiz davam edir. Gələn dəfə haqqında söhbət açacağımız adam isə…

Yox, qoy bu sirr qalsın.

Lent.az -ı izləyin, başqa heç yerdə oxumayacaqsınız…

Bakı-Qazax-Bakı

Fotolar Şakirindir