20:15
15 May 2020

“Sevdiyim qızı məktəbə aparırdım… Özümü ölülüyə vurdum” - SİRLİ ULDUZLAR

Maraqlı həyat hekayəsi var. Boyunun qısa olması qarşısına gözləmədiyi əngəllər çıxarıb. Buna görə həvəsdən düşsə də, özündə güc taparaq toparlanıb və başladığı yola davam edib. Doğma şəhərinin komandasına o qədər bağlıdır ki… Həm bu sevgini, həm də həyatının digər məqamlarını özü açıqlayacaq sizə.

Lent.az -ın “Sirli Ulduzlar” layihəsinin budəfəki qəhrəmanı “Napoli”nin və İtaliya yığmasının futbolçusu Lorentso İnsinyedir.

“8 yaşımda böyük günah etmişdim”

“Hekayəmi danışmazdan öncə Tanrıdan üzr istəməliyəm. Maradonanı nəzərdə tuturam. Hə, bir də atamdan məni bağışlamağını xahiş edirəm. Çünki 8 yaşımda böyük günah etmişdim. Həmin hərəkətim bir çox insan üçün günah sayılmaya bilər. Ancaq Neapolda böyümüş uşaqsansa, bu, böyük günahdır. Futbola məhəlləmdəki futbol məktəbində başladım. O dönəmdə özəl butsi istəyirdim. Məktəbə getməyə başlayanda butsim yox idi. Yaşım az, boyum isə qısa idi. Həqiqətən də, çox balacaydım”.

“Dramatik səhnə idi…”

“Boyumun qısa olmasını vecimə almırdım. Var gücümlə futbol oynamaq istəyirdim. Bir gün böyük qardaşımı futbol oynayarkən izlədim. Əslində oraya ona dəstək olmaq üçün getmişdim, amma başqa planım da var idi. Məni oyuna cəlb edənə qədər ağladım. Meydanın kənarına yıxılaraq özümü ölülüyə vurdum. Həqiqətən, dramatik səhnə idi. Nəhayət, məşqçi “tamam, tamam, balacaya bir dəqiqə vaxt verək, oynasın” dedi”.

“Atama hər gün yalvarırdım”

“Məşqçinin sadəcə susmağım üçün razılıq verdiyini düşündüm. Ancaq oyunumu göstərəcəyim halda sonralar da özümdən böyüklərlə oynaya bilərdim. Çox xoşbəxt idim. Lakin butsiyə ehtiyacım var idi. Atama hər gün yalvarırdım ki, mənə butsi alsın. Ancaq ortada iki problem var idi. Birincisi, ailəmiz çox kasıb idi. Böyüdüyüm yerdə həmin vaxt işsizlik baş alıb gedirdi və valideynlərim kənara pul ata bilmirdilər. İstədiyim butsini almaq üçün tələb olunan pulu ödəmək mümkün görünmürdü. İkincisi, mən sadə butsi yox, Ronaldonun butsisini istəyirdim. DÇ-1998-də geydiyi butsinin satışda olan bənzərini”.

“Yəqin həmin vaxt məni öldürmək istəyib”

“Atama hər gün “yalvarıram, mənə Ronaldonun butsilərini al” deyirdim. Yəqin həmin vaxt məni öldürmək istəyib. Çünki atamın haqqında danışmaq istədiyi yeganə futbolçu Maradona idi. Mən Dieqonun hekayələri ilə böyümüşdüm. Əlbəttə ki, onu bütün dünya əfsanə sayırdı. Ancaq “Napoli”də oynadığı vaxt neapollular Maradonanı Tanrı kimi qəbul edirdi”.

“Hazırlaş, mağazaya gedirik…”

“Atam mənə Maradonanın qara butsisindən almaq istədi. Ona cavabım belə oldu: “Xeyr, sən başa düşmürsən. Dünyanın ən yaxşısı Ronaldodur”. Buna görə bağışla məni, ata... Bağışla məni, El Dieqo... Atam əsl “Napoli” fanatı idi. Həmin vaxt Ronaldo “İnter”in formasını geyinirdi və “Napoli”ni “ağladırdı”. Uşaq olduğumdan bu mənə adi gəlirdi. Fikrim ancaq Ronaldonun butsilərində idi. Bir gün atam mənə sürpriz etdi, səhər “hazırlaş, mağazaya gedirik” dedi. Səbəbini soruşanda cavabı belə oldu: “Sənə istədiyin butsiləri alacam”.

“Həyatımda ondan gözəl hədiyyə almadım”

“Şəhərdəki bütün idman mağazalarını gəzməyə başladıq. İlk dükanda istədiyim butsi yox idi, ikincisində də... Üçüncü mağazada vardı, ancaq mənim ayaq ölçümdə deyildi. Bütün şəhəri gəzdik. Artıq 5-6 mağazaya baxmışdıq, lakin istədiyim butsini tapa bilməmişdik. Hava qaralırdı. Ümidim tükənmək üzrə idi. Nəhayət, getdiyimiz sonuncu mağazada həmin butsini tapdıq. O anı həyatım boyunca unutmayacam. Atam butsiləri mənə bir qutuda verdi. Həyatımda ondan gözəl hədiyyə almadım. Bilirsiniz, peşəkar futbolçu olmaq əyləncəlidir, istədiyiniz çox şey sponsorlar sayəsində sizə havayı verilir. Ona görə də hazırda yeni butsim olanda xüsusi bir hiss keçirmirəm. Ronaldonun butsisi isə hələ də ağlımdan çıxmır”.

“Hər axşam onları təmizləyirdim”

“Həmin vaxt həmyaşıdlarım arasında yaxşı futbolçu sayılmırdım. Amma hər gün Ronaldonun butsisini geyinirdim, hər axşam onları təmizləyirdim. Bir gün Ronaldo kimi güclü futbolçu olmağı arzulayırdım. Qumlu, daşlı meydanlarda oynayırdıq. Buna görə də evə qayıdan kimi butsilərimi təmizləməyə başlayırdım. Axı atam onları almaq üçün çox pul xərcləmişdi...”.

“Məni dəli hesab edirdilər”

“Mağazalarda həmin butsilərin bitəcəyindən qorxurdum. Bir gün butsim parçalandı və ağlamağa başladım. Daha doğrusu, ağlamaqdan “öldüm”. Məni dəli hesab edirdilər. Həmyaşıdlarım konstruktorlarla oyuncaq ev düzəldərkən, mən kağıza futbol oynadığım vəziyyətdə şəklimi çəkirdim”.

“Oğlunu bəyəndik, amma boyu çox qısadır”

“Gələcəkdə “Napoli” forması ilə “San Paolo” stadionuna ayaq basmağı xəyal edirdim. Başqa arzum yox idi. Digər idman növləri ilə məşğul olmadım, tək düşündüyüm şey futbol idi. Bir çox klubun akademiyasına baxışa getdim. “İnter”, “Torino”, hətta “Napoli”nin skautları mənə eyni sözü dedilər. Daha doğrusu, atama dedilər, mən ondan xəbər tutdum. Hamısının sözü bir idi: “Oğlunu bəyəndik, amma boyu çox qısadır”.

“Hər gecə boyumun uzanacağı xəyalı ilə yatırdım”

“İtaliyada insanlar sözü üzə deyəndirlər. Boyuma görə hamısı məni rədd etmişdi. 14 yaşım olanda ailəmə daha futbol oynamaq istəmədiyimi, bir işə yaramadığımı söylədim. Hər gecə boyumun uzanacağı xəyalı ilə yatırdım, səhər eyni xəyalla oyanırdım. Təbii ki, hər dəfə xəyalım puç olurdu. Atama “məndən bu qədər, futbol mənim üçün bitdi” dedim. O isə “yaxşı, bəs onda nə edəcəksən” deyə soruşdu. Sual məni silkələdi. Həqiqətən, nə işlə məşğul olacaqdım?”

“Səbəbini bilmirəm, amma məni seçdilər”

“Məcburən bölgədəki futbol məktəbinə getməyə davam etdim və “Napoli” mənə daha bir şans verdi. Seçmələrdə çox uşaq vardı. Səbəbini bilmirəm, amma skautlar məni seçdilər. Klubun akademiyasına getməyə başladım. Ailəm qatı “Napoli” fanatı olsa da, uşaq ikən oyunlarıma gələ bilmirdi. “San Paolo”da topdaşıyan olacaqdım, yəni xəyalım gerçəkləşəcəkdi. Meydanın kənarında stadiondakı napolitan ruhunu hiss etmək mümkündür. İndi qalırdı “Napoli” forması ilə “San Paolo”ya ayaq basmaq...”.

“Məni qarşılamaq üçün hava limanına gəlmişdi”

“2010-cu ildə “Napoli”nin əsas komandasında debüt etdim. İlk matçımda səfərdə “Livorno” ilə qarşılaşdıq. Bu, ailəm üçün böyük uğur idi. Neapoldan çıxmış bir uşaq üçün “Napoli”nin formasını geyinmək sözlə ifadə edilməsi mümkün olmayan fəxrdir. Oyunsonrasını yaxşı xatırlayıram. Çox sevinirdim. Atam məni qarşılamaq üçün hava limanına gəlmişdi”.

“Anamın üzünü görmək gecənin ən gözəl anı idi”

“Məhəllədə məni gözləyən varmı” deyə soruşdum. “Yox! Hər kəs qürurlandı, amma saat çox gecdir, hamı yatıb” deyərək atam sözlərinə əlavə etdi: “Yalan demirəm. Ürəyin qırıla bilər, amma məhəllədə səni, həqiqətən, heç kim gözləmir. Çox məyusam”. Məhəlləyə çatanda küçənin insanlarla dolu olduğunu gördüm. Mahnı oxuyur, fişəng atırdılar. Mənim şərəfimə tort hazırlamışdılar. Anamın üzünü görmək isə həmin gecənin ən gözəl anı idi. Çünki anam da futbol azarkeşidir. Hər dəfə oyundan evə qayıdanda anamın matçın təkrarını izlədiyini görürdüm. “Ana, nə edirsən, axı oyunun nəticəsi məlumdur” deyirdim. O isə “Napoli” bizim qanımızdır, hər şeyi o kluba borcluyuq” deyə cavab verirdi”.

“Otağının qapısı açıq olanda hər yer tüstüyə bürünürdü”

“Bir müddət C və B seriyalarında “Fodja” və “Peskara” klublarında oynadım. “Fodja”da Zdenek Zeman kimi güclü xarakterə malik məşqçi ilə çalışmaq imkanım oldu. Sözləri ilə mənə təsir edə bilirdi, həm də onunla işləmək əyləncəli idi. Köhnə filmlərdən çıxmış adam kimiydi. Otağının qapısı açıq olanda hər yer siqaret tüstüsünə bürünürdü. Nəfəs almaqda çətinlik çəkirdik”.

“Siqaretdən bir qullab alıb…”

“Bir gün ona “boss, biz gələndə siqareti ata bilərsənmi” deyə soruşdum. O isə siqaretdən bir qullab alıb “bayırda gözlə” dedi. Zemanla əla münasibətimiz var idi. Mənə çox güvənirdi. Həmin mövsüm 18 qol vurdum. Növbəti il Zeman “Peskara”ya keçdi. “Napoli” rəhbərliyi yenidən onun yanına getməyimə icazə verdi. Həmin il mənim üçün çox yaddaqalan oldu. Çünki gələcək həyat yoldaşımla tanış oldum”.

“Qızın ailəsi buna icazə verməzdi…”

“İtaliyanın cənubuna dair məlumatınız varsa, sevdiyim qızı məktəbə əmisioğlu ilə birlikdə aparmağıma təəccüblənməməlisiniz. Orda hamı bir-birini tanıyır. Bir problemimiz var idi: Peskara ilə aradakı 250 kilometrlik məsafə. Ona mənimlə birlikdə Peskaraya köçməyi təklif etdim. Təbii ki, İtaliyanın cənubunda yaşayan bir qızın ailəsi toy olmamış buna icazə verməzdi. Elə də oldu. Həmin mövsüm “Napoli”nin məni geri qaytarmasına çox çalışdım. Olduqca motivasiyalı idim - həm xəyallarımın komandasında çıxış etmək, həm də həyat yoldaşımın yanında olmaq üçün. O mövsüm 19 qol vurdum. Mövsüm bitən kimi “Napoli”ni çalışdıran Valter Matsarri ilə görüşdüm. “Burada olmaq istəyirsənsə, formanı özün ələ keçirməlisən” dedi. Ona cavab verdim: “Problem deyil, uşaqlığımdan bəri heç kim mənə havayı bir şey verməyib”.

“Qol vurandan sonra onu axtardım”

“Məni heç nə dayandıra bilməzdi. Mövsümün əvvəlində “San Paolo”dakı ilk qolumu “Parma”ya vurdum. Möhtəşəm an idi. Çünki həmin vaxt həyat yoldaşım ilk oğlumuza hamilə idi. Qol vurandan sonra stadionda onu axtardım. Azarkeşlər yüksək səslə adımı təkrarlayırdılar”.

“Tanrı da buranı sevir”

“Artıq neçə ildir ki, bu formanı geyinirəm və hələ də qol vuranda eyni hissi yaşayıram. “Napoli” haqda kimsə pis danışanda özümdən çıxıram. Mənim üçün Neapol dünyanın ən gözəl şəhəridir. Tanrı da buranı sevir. Maradonanı nəzərdə tutduğumu artıq bilirsiniz”.

“Xəyalım atamın mənə o butsiləri alması ilə başladı”

“Napoli” ilə çempion olmaq arzusundayam. Bunu özümdən əlavə, şəhərim, məhəlləm, dostlarım, ailəm və övladlarım üçün istəyirəm. “San Paolo”ya ayaq basanda tüklərim biz-biz olur. Çünki bunun ailəm, atam üçün nə anlam daşıdığını dərk edirəm. Xəyalım atamın mənə o butsiləri alması ilə başladı. İndi doğma şəhərimdə “Napoli”nin futbolçusu olaraq gəzərkən qürur hissi keçirirəm. Çünki bura dünyanın ən yaxşı futbolçusunun oynadığı yerdir”.

“Mənim üçün bir kral var, onu adı…”

“Ronaldoya hörmətim sonsuzdur. Amma daha böyümüşəm və keçmişimi bilirəm. Gəlmiş-keçmiş ən yaxşı futbolçunun Maradona olduğunu deməliyəm. Hörmətli Ronaldo… Əla butsilərin var idi, sən bir dahiydin və mənim uğur mənbəyim oldun. Ancaq mən neapolluyam, mənim üçün bir kral var və onu adı Dieqodur”.

Dİgər xəbərlər