Ölüm ayağında konsert, gözəl aktrisanı aldadan rejissor, qorxulu xəncər yarası... - “Bizim filmlər”
28 aprel 2020 11:36 (UTC +04:00)

Ölüm ayağında konsert, gözəl aktrisanı aldadan rejissor, qorxulu xəncər yarası... - “Bizim filmlər”

Filmdə hadisələr Azərbaycanda cərəyan edir. XIX əsrin sonu – XX əsrin əvvəllərində zülmkarlara qarşı mübarizə fonunda iki sevən gəncin məhəbbətidir mövzu.

Lenr.az “Bizim filmlər” layihəsində “Qorxma mən səninləyəm” filmini təqdim edir bu dəfə.

1978-ci ildə Bakıda payız çox isti keçirdi. Kinoda debütə hazırlaşan gənc rejissor Yuli Qusman isə heç sevinmirdi - havaya görə yox, məmurların kaprizləri onun filmi tamamlamasına mane olurdu.

Hətta filmin əsas hissələrini çıxartmağı tələb edirdilər. Qusmanın isə uzun illərdi arzusu davanın, musiqinin bir yerdə cəmləşdiyi bir film çəkmək idi: “Macəra və müzikl çəkmək istəyirdim. Ona qədər bu janr ya çəkilməmişdi, ya da az çəkilmişdi, bilmirəm. Hər halda, macəra olsa da, müzikl yox idi. Bir dəfə sirkdə hündür, enlikürək bir kişi gördüm arenada. Qılınclarla, xəncərlərlə elə oyunlar göstərirdi ki, heyran oldum”.

70-ci illərin sonlarında osetin Kantemirovlar sülaləsi sirk aləmini fəth etmişdi. Hər nömrədə soyuq silahlarla riskli tryuklar göstərən isə Muxtarbəy Kantemirov idi. Rejissor onu filmə, həm də baş rola çəkmək istədiyini deyəndə, Muxtarbəy indiyə qədər filmdə yalnız kaskadyor kimi iştirak etdiyini deyib. Necə deyərlər, daş atıb başını tutub ki, aktyor təhsilim yox, təcrübəm yox, çəkilə bilmərəm.

Yuli Qusman onu uzun söhbətlərdən sonra inandıra bilib. Razı salan kimi qayıdıb Bakıya ki, “Azərbaycanfilm”in razılığını alsın. Həmin vaxt Azərbaycanda qarşıda televiziya üçün kino çəkmək məsələsi dururmuş. Televiziya üçün çəkiləcəksə, gərək orda Moskva da iştirak etsin ki, mərkəzi televiziyada göstərmək imkanı yaransın.

Ssenari yazmaq üçün Yuli Qusman dostları və dövrün ən yaxşı ssenaristləri hesab etdiyi Yuri Dunski ilə Valeri Fridə müraciət edir. Janr onlar üçün yeni olsa da dostluq xatirinə razılaşırlar.

Bir ilə “Onsuz da mən səni öldürməyəcəm” adlı ssenari hazır olur. Sirk artisti Rüstəm obrazı isə sırf Muxtarbəy Kantemirov üçün yazılıb.

Bu dəfə də Kantemirovun obraz xoşuna gəlmir. Ssenarini oxuyur, deyir ki, mən dağ çayı ətrafında böyüyüb kişi olmuşam, necə yəni məni orda üzə bilməyən biri kimi göstərmisiniz, istəmirəm. Dostunun gəlinini qaçırmaq səhnəsində də bəzi məqamlarla razı olmur ki, kişi dostun gəlinini qaçırtmaz.

Qusman sırf onu çəksin deyə çox məqamlarda Muxtarbəylə razılaşmağa üstünlük verib. Onunla razılaşandan sonra filmin adını da dəyişməli olurlar - “Qorxma, mən səninləyəm”.

Bu dəfə Azərbaycanda məmurlar gəlin qaçırılması kimi vəhşi adəti xatırlatmağı lazım bilmirlər, “özümüzü dünyaya rüsvay edə bilmərik” - deyirlər. 

Filmin məsləhətçisi Rüstəm İbrahimbəyovun dediyinə görə, filmi və onunla bərabər Yuli Qusmanın siftəsini o vaxt Mərkəzi Komitəyə rəhbərlik edən Heydər Əliyev xilas edib. “Gənc rejissorun ilk işidir, heç nəyi kəsmədən, bütünlüklə verilsin” - deyib.  

Filmə yaxşı musiqini yazmaq və həm də ifa etmək üçün Qusman ən layiqli namizəd Polad Bülbüloğlunu görür:

“Polad çox populyar idi, yaxşı mahnı yazırdı və əla ifa edirdi. Aleksey Didorovun sözlərinə yaxşı mahnı yazmışdı. Əsil bizim kino üçün yazılmışdı elə bil. Filmə isə mahnını özü ifa edən gənc aktyor lazım idi. İstəmirdim səs başqasının olsun”.

Qəhrəmanlardan biri - bəyin qızını sevən Teymur müğənnidir. Rejissor istəyirdi ki, həmin obraza özü oxuya bilən aktyoru çəksin. Çox götür-qoydan sonra yaradıcı qrup qərara gəlir ki, Teymur rolunu ən yaxşı elə Polad Bülbüloğlu özü oynaya bilər, öz mahnılarını ifa etməklə.

 

Qaraqaş, qaragöz, milli qız 

 

Qusman Polad Bülbüloğlunu da aktyorluğa çəkib gətirə bilir. Onun sevgilisi Tellini çox axtarırlar. Nəhayət, Moskva Kinematoqrafiya İnstitutunu yenicə bitirib gələn Həmidə Ömərovada dayanmalı olurlar. Qaraqaş, qaragöz, milli qız. 

Rüstəmin yaxın dostu, cigit San Sanıç obrazı məxsusi aktyor Rolan Bıkov üçün yazılmışdı. Amma rejissor həmin obraza yalnız Lev Durovu gördüyünü deyib.

O vaxt Lev Durov artıq canlı əfsanə idi. Muxtarbəyovla da dost olduğundan Lev Durov tez razılaşıb çəkilməyə.

Sergey Yurski də pristav rolu üçün çox götür-qoy etmədən razılaşıb, çünki doğma şəhəri Leninqradda o vaxt ağır dönəm keçirirdi. Şəhər rəhbərliyi ilə problemləri vardı, bir az ordan uzaqlaşmaq xeyrinə olardı. 

Həm də onu başqa kinostudiyalar həmin söz-söhbətə görə dəvət etmirdilər. Uzun fasilədən sonra “Azərbaycanfilm” dəvət etmişdi. Sergey Yurski buna görə həmişə Azərbaycan və azərbaycanlılar haqqında sevgi ilə danışarmış. Çəkilişlər vaxtı Yuli Qusman onu Bakı kənarında pansionatda ömrünün son günlərini yaşayan atasının yanına aparır. Yaşlanmış məşhur psixiatr olan atası oğlunun qonağı olan aktyora deyir ki, çox sevdiyim aktyor və ifaçısan. Yəqin bir daha səni konsertdə görmək mənə daha qismət olmayacaq. Səhəri gün aktyor öz konsert qiyafəsini geyinib, pansionatda iki saatlıq konsert proqramı ilə canlı çıxış edir.

 

Axmağın tapılması

 

Yuli Qusmanın ən çox əziyyət çəkdiyi, tapa bilmədiyi aktyor Mərdan obrazını oynayacaq aktyor olub. Yaradıcı qrup axtarışla gəlib Şəki teatrına çıxırlar. Səhnədə 9 dəqiqəlik epizodik rolda oynayan Cahangir Novruzovu rejissorun gözü tutur. Və əslində çoxdan tanıdığı aktyora “sən əla aktyor olmusan” - deyib, onu filmə çəkilməyə dəvət edir.

Çəkilişlər başlar-başlamaz “Azərbaycanfilm”in çox da yüksək səviyyədə olmayan texnikası xarab olur. Bir “Arriflex” kamera onları yarı yolda qoysa işlər çətinləşərdi. Operator Valeri Kərimov bu texnikanı Qax rayonun İlisu qəsəbəsində çəkilişlər vaxtı dağa, qayaya, uçurumlara sürtə-sürtə birtəhər çəkib başa çatdıra bilib. Yeni texnikanın gəlməsini gözləmək vaxt itkisi idi. 2 seriyalı filmə isə çəmi 3 ay ayrılmışdı. Yararsız texnika ilə məşəqqətli çəkiliş prosesini yaradıcı qrup üçün asanlaşdıran ancaq yerli sakinlər olurdu. Hər cür köməyə hazır idilər, kütləvi səhnələrdə də məmnuniyyətlə çəkilirdilər. Nə lazım olsa, evlərindən daşıyıb gətirirdilər. Bu gün də İlisuda “Qorxma, mən səninləyəm” filminin burda çəkilməsi ilə bağlı xatirə stendlər var.

 

Qusmanın Həmidə Ömərovanı aldatması

 

Maraqlı bir məqam da olur orda. Dağdan Tellini düşürmək üçün möhkəm kəndir tapılmadığından Həmidə Ömərovanın dublyoru epizoda çəkilməkdən imtina edib. Qusman üzünü Həmidə xanıma tutub – sənət naminə riskə getməkdən başqa yol yoxdur - deyir: “Sənin nə çəkin var ki ip saxlamaya. Qoy, bu sənin həyatında ilk və bəlkə də son tryukun olsun”.

Həmidə Ömərova deyir ki, kənardan Muxtarbəy mənə baxıb razılaşma işarəsi verir, gənc aktrisa, yeni bitirmişəm kino məktəbini: “Qusman dedi ki, sənin qonorarını ikiqat verəcəm. Onsuz da razılaşmalı idim. Çəkildim, iplə sürüşüb ürəyim əsə-əsə aşağı çatdım, ipi açdılar. Yaxınlaşdım Qusmana ki, siz mənə min manat artıq verməyi söz vermisiniz ha. Qayıtdı ki, Həmidə, sən sübut etdin ki, Kinematoqrafiya İnstitutunu nahaq yerə qırmızı diplomla başa vurmamısan. Halaldı sənə, amma pul mənim deyil, dövlətindir”.

Tryuklarda isə heç bir problem yaranmırdı. Çünki Kantemirovun öz komandası işləyirdi o sahədə. Atlarla tryukları Muxtarbəy özü edirdi, hamısı yüksək səviyyədə. Yalnız dağda partlayış və daşların aşağı yuvarlanması lazımı effekti verməyib. Yuli Qusman o partlayışı eşşək anqırtısına bənzədib, bizə isə dəhşətli partlayış lazım idi, alınmadı deyib.

Çəkilişlərə Muxtarbəy 20 il bir yerdə işlədiyi Almaz adlı atını gətirib. At deyildi, qardaşı imiş kimi yanaşırdı ona, silahdaşı kimi. Çəkilişlərdə at xəstələnir. Muxtarbəy atın gözlərindən hiss edir bunu. Məlum olur ki, nalbənd Kantemirovlardan hansısa incikliyin qisasını almaq üçün məqsədli şəkildə mismarı düzgün yerdən vurmayıb və atın qanına virus düşüb. Səhərə qədər ölməkdə olan atının yanında qalan Muxtarbəy səhər yuxulu halda çəkilişdə həyatında minlərlə dəfə etdiyi tryukda elə bir yanlışa yol verib ki, az qala ona həyatı bahasına başa gələcəkmiş. Xəncərləri bir birinə bağlayıb qalanın başına atmaq istərkən ayağının altından daş qaçan Kantemirovun əlindəki iti xəncərlər onun ayağını sümüyə qədər kəsib. Səhnə başa çatınca heç nə büruzə verməməyə çalışsa da çox qan itirməsi onun özündən getməsi ilə nəticələnib.

Qanaxmanı kəsmək mümkün deyilmiş, arteriya kəsilibmiş. Yaxın xəstəxanaya çatmaq üçün isə bir saat vaxt lazımmış. Yaxın tibb məntəqəsində yaşlı feldşer deyib ki, mənim bir iynəm var, bir də sapım. Narkozsuz necə tikim? Kantemirov ya dözməli idi, ya da öləcəkdi. Deyib ki, jqut verin, dişlərimin arasında sıxacam, siz tikin. Kantemirov o ağrının altında bir də at çapa biləcəmmi, sənətimə qayıda biləcəmmi? –deyə əzablı düşüncələrlə məşğul imiş. Özü hiss edirdi ki, sinir zədələnməsi var, çünki ayağını hiss etmirdi. İbtidai üsulla yara tikilir.

Həmin gün Bakıdan iki cərrah gəlib, onu əməliyyat edir. Əməliyyatdan bir həftə sonra Muxtarbəy çəkiliş meydançasına qayıdıb.  Çəkilişlər  boyu axsasa da filmdə bu hiss edilmir, etdirməyib, tryukları da özü edirmiş.

 

Gənc Qusmanın ahıl sənətkara hədəsi

 

Filmdə Mirzə Babayev də çəkilib. Tellinin atası Fərzəli bəy rolunda.

Azərbaycanın məşhur sənətkarı çəkiliş prosesində anlayır ki, fonoqram ilə oxuya bilmir. Dəfələrlə kadrı yenidən çəkirlər. Fonoqram ilə Mirzə Babayevin dodaqlarının tərpənişi üst-üstə düşmür ki, düşmür. Axırda Qusman ona “sən yaxşı müğənnisən, amma çox pis aktyorsan” - deyir. Ona qədər də xarakterik obrazlar oynayan Mirzə Babayev bu töhmətə dözmür, fonoqramla elə ifa edir ki, Qusman özünü saxlaya bilməyib stresdən gülür. Yəni bu dəfə əla alınır.

Mirzə Babayevlə daha bir hadisə olub. Buruqdan neft əvəzinə su çıxanda, Petrovu oynayan aktyor - indi Səməd Vurğun adına Rus Dramasının rəhbəri Aleksandr Şarovski - rejissora pıçıldayır ki, bəlkə, su arxadan onun üstünə sıçrasın. Sərin havada Mİrzə Babayevin üstünə soyuq suyun gözlənilmədən dağılması təbii kadrın alınması ilə nəticələnsə də Mirzə Babayevin Şarovskiyə qəzəbi ilə bitib.

Film 1980-ci ilin oktyabrında hazır olub. Bədii Şuranın üzvləri daxili baxışda doyunca gülüb, filmi qəbul ediblər. Bir neçə gün sonra fikirlərini dəyişib, premyeranı təxirə salıblar. Məlum olub ki, kino məmurlarını karate olan epizodlar qorxuya salıb. 80-ci illərin əvvəlində idmanın bu növünə qadağa qoyulmuşdu. Filmdə də bu təhlükəli idman növünü müsbət qəhrəmanlar göstərir.

Qusman depressiyaya düşür. Məxsusi o səhnələr üçün xüsusi karate dərsləri kursu təşkil edib, qruplar yaratmışdı. Bir neçə səhnəni yenidən çəkməli olurlar. Müəllim karate adı çəkmədən hansısa milli oyunu uşaqlara təlim keçir. Guya söhbət güləşdən gedir.

Nəhayət, film ilk dəfə Mərkəzi televiziyanın efirinə çıxır və dərhal da populyarlıq qazanır.

Muxtarbəy Kantemirov ondan sonra çox filmlərdə çəkilib, amma Rüstəm obrazı onlardan ən sevimlisidir – deyir.

“Qorxma, mən səninləyəm” dövrün ən uğurlu kommersiya filmi idi.

Filmin mahnıları da tezliklə populyarlaşır. Orda çəkilən aktyorlar həmin gündən bütün ittifaqda barmaqla göstərilir.  Tellinin qanuni nişanlısını oynayan Cahangir Novruzov deyir ki, səhəri gün Moskvada taksi sürücüsü məni tanıyıb uzun bir yolu tam pulsuz apardı və dedi ki, mən gedib evdə bu gün kimi gördüyümü danışacam.

Filmdə böyük sənətkar Həsənağa Turabov (Üçgöz Cəfər) əsas rollardan birinə çəkilib. Onun Teymuru qovub tutmaq istədiyi səhnədə Teymur qalanın başına çıxıb oxuyur. Musiqini çox sevən Üçgöz Cəfər düşməni mahnı ifa etdiyi üçün onu vura bilmir: “Ah, bir görün o necə oxuyur! Bir az da oxusa, mən onu öldürə biləməyəcəm” - deyir.

Düzdür, filmin nümayişindən sonra gənclər xəncərlə gəzir, karate ilə məşğul olur, bəlkə də dəmir betonu barmaqla deşmək istəyən neçəsinin barmağı qırılmışdı, amma bütün bunlarla birgə film humanizm aşılayan döyüş, macəra, musiqili komediya idi.

 

 

# 12642
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar