1605
11:23
27 Aprel 2020

27 aprel işğalının gizli məqamları - Rəsulzadə yazır

Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalından 100 il ötür. Bu işğal nəticəsində Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı. Tarix üzrə fəlsəfə doktoru Cavid İsmayılın iki il əvvəl Lent.az -da dərc olunan "27 aprel işğalı: unudulmuş həqiqətlər, açılmamış sirlər" adlı məqaləsində (https://lent.az/news/299822) bu mövzunun az araşdırılan tərəfinə - aprel işğalında Osmanlı zabitlərinin roluna toxunulmuşdu.

Bu dəfə 27 aprel işğalının gizli məqamlarını Məhəmməd Əmin Rəsulzadənin qələmindən oxumaq imkanı yaradırıq. Rəsulzadə 1926-cı ildə İstanbulda nəşr etdirdiyi “Yeni Qafqasiya” jurnalında dərc olunan "İstiqlal Məhkəməsində Azərbaycan məsələsi" adlı məqaləsində bu mövzuya geniş toxunub. Məqaləni tarix elmləri doktoru, professor Nəsiman Yaqublu təqdim edib.

İstiqlal Məhkəməsində Azərbaycan məsələsi

Ankara İstiqlal Məhkəməsində həftələrdən bəri cərəyan edən məhkəmə, qarelərin (oxuyucuların) məlumu olduğu vəchilə, Azərbaycan məsələsinə də təmas etmişdir. Bu məsələnin İstiqlal Məhkəməsi kibi yüksək bir müəssisədə mövzu bəhsi oluşu bittəbii bizi əlaqədar etməyə bilməzdi. Vaxtilə iltica (pənah) etdikləri və hər növ müsafirpərvərliyini gördükləri halda qardaş bir məmləkətin, məhkəmə rəisinin ifadə etdiyi çox müsib bir tərifə, “daxili siyasətinə qarışmaqla hərcümərc olan” kiçik tələtlərın, Azərbaycan münəvvərləri, hökuməti və Müsavat Firqəsi haqqında verdikləri həqiqətdən ari(uzaq) ifadələri ilə yapdıqları xətanın bəraətləndirilməsi zəminində ortaya qoyduqları dəlillər və bəyan etdikləri təvillərin (izahların) heç bir nöqtəsi nəzəri tədqiqimizdən qaçmamışdır. Yalnız daha məznun (şübhəli) mövqeyində oturub ağır isticvablar və məsuliyətli mühakimələr altında olan zəvata qarşı nəşriyyatda bulunmayı əxlaqi mülahizələrlə müvafiq bulmadığımızdan bu xüsusdakı söyləyəcəklərimizi mühakimənin xitamına qədər təliq etdik.

Türkiyəli arkadaşlarımızdan bir qisminin Qafqasiyada ikən bolşeviklərlə təşriqi-məsayi (ortaq səy) edərək milli Azərbaycan hökumətinin süqutunda amili müəssir olduqları məlumumuzdur. Bu xüsusdakı fəaliyyətlərinin hesabını verərkən bunlar meyanından, Azərbaycan faciəsində bəlkə də ən ziyadə məsul olan Kiçik Tələt rəis bəyin pək haqlı bir sualına məruz qalmışdır, kəndisinə "Siz oraya müavinət təmini üçün getmişdiniz. Halbuki o məmləkətin siyasətiylə hərcümərc oldunuz. Siyasətə qarışmadan, ərbabı xeyirə müraciət etmək surətiylə məqsədi təmin edəməzmiydiniz" - deyə sorulmuşdur.

Bu sual qarşısında Tələt bəy “Biz Azərbaycanın siyasətinə qarışmadıq” davasında bulunmuşsa da, bir az sonra Azərbaycan müxalifət firqələrinə “siz doğrudan-doğruya Müsavat xarici firqələrlə birləşmək surətiylə Nəsib bəy hökumətini devirə bilirsiniz” − deyə tövsiyədə bulunmasını söyləməklə bu davasını nəqz (pozmuş) etmiş, nəhayət, “əvət, bolşeviklərlə təmasa gəldik. Bəlkə bu, xəta idi, fəqət biz bunu yapdıq” − deyə etiraf etmək məcburiyyətində qalmışdır.

Etiraf olunan bu “təmas”ın müddəyi ümumi Nəcib Əli bəyin də diqqətini cəlb edən “zavallı Azərbaycan” faciəsində oynadığı mənhus rolun təsirini izalə etmək üçün Tələt bəy, biri müsbət, digəri mənfi olmaq üzərə iki qəziyə sərd (ürəksıxan) ediyor ki, bunlardan biri Qafqasya cəbhəsi komandanı Kazım Qarabəkir Paşadan gələn mütəəddid (saysız-hesabsız) məktublar, digəri də Müsavat hökumətinin “ayqırı hərəkəti”dir.

Kazım Qarabəkir Paşa və firqə komandanı Cavid bəy, Xəlil Paşa və sairlərinə yazdıqları mütəəddid məktublarda bir an əvvəl bolşeviklərlə təması əmr və bu əmrin hər nə bahaya olsa da icrasında israr ediyorlarmış. Digər tərəfdən də başda hökumət rəisi Nəsib bəy olduğu halda, Azərbaycan münəvvərləri (aydınları) və Müsavat ricali (kişilər) Anadolu hərəkatına inanmıyor, bunu bir macəra kibi tələqqi ediyorlarmış. Hətta Azərbaycan müməssillərindən Faris bəy, Sevr Muhaidəsinin qəbulu və Rizənin ermənilərə aid olması haqqında qəzetələrə bəyanatda bulunuyor (“Hakimiyyəti Milliyə”, 5 ağustos); Azərbaycan nazirlərindən birisi "Sevr hüduduna Rizə ilə Trabzonun da idxal edilməsini" söylüyormuş. İş bu qədərlə də qalmıyor. İrandan Bakıya gələn bir heyət Azərbaycanı İran ilə birləşdirmək üçün propaqanda yapıyor və bu vasitə ilə ingilislər, bolşeviklərlə Türkiyə arasında bir pərdə vücuda gətiriyorlarmış (“Hakimiyyəti Milliyə”, 5 ağustos, Tələt bəyin ifadəsi).

Azərbaycan hökumətinin hərəkətinə və Nəsib bəy mərhumun Ankara hərəkəti haqqındakı dərəcəyi etimadına aid kibi indi mütaliələrindən sərfi nəzər, Tələt bəyin vəqalara təmas edən bəyanatı bir kərə başdan ayağa yalandır. Azərbaycan müməssil və ya şəhbəndərlərindən (konsul, kömrük məmuru) kimsənin və nazirlərdən heç birinin Sevr Muahidəsini qəbul yolunda, hələ Rizə ilə Trabzonun da bu hüdud daxilində olaraq Ermənistana verilməsi xususunda bəyanatı vüqu bulmuş deyildir. Bu xüsusda tək bir vəsiqə “interview” deyil, üç sətirlik bir qəzetə yazısı belə göstəriləməz.

Trabzonun ermənilərə verilməsini deyil, bədə milli Türkiyə tərəfindən bizzat Sovet Gürcüstanına tərk edilən Acarıstanın belə Gürcüstana aid olduğunu elan etmək təklifini, dost gürcü hökumətinin şiddətli israrlarına rəğmən, Azərbaycan hökuməti qəbul edəməmişdi. Milli prinsiplərə bu qədər titiz (tələbkar, ciddi) və təmiz davranan bir hökumətin nazir və ya müməssilləri (nümayəndələri) nasıl olur da “Trabzonun Ermənistana aid olduğunu” təsdiq və təsbit edərlər?

İrandan Bakıya gələn heyətin İngilis propaqandası ilə məşğul olduğundan bəhs olunuyor. Vüsuqud-dövlə hökumətini təmsilən Bakıya gələn Ziyaüddin Təbətabayi heyətinin qəlbində ehtimal ki, Tələt bəyin sezib də başqalarının anlamayadığını təsəvvür etdiyi bir “İngilis planı” varmış. Fəqət bu kibi “böyük planı” deyil, Təbtabai heyəti siyasi, ticari, adil və tranzit müqavilələrinin əqdi üçün belə az əmək sərf etməmiş, aylarla sürən bu konfrans ən təbii nəticələrini intaç (nəticə) edincəyə qədər, birkaç dəfə inkıta təhlükəsinə məruz qalmışdı. Şu şərait daxilində İran heyətinin İngilis propaqandası yapdığından bəhs etmək göz görə muğalitə (əsassız mübahisə) yapmaqdan başqa bir şey deyildir.


Müsavat hökuməti ilə Azərbaycan ricalının Ankara hərəkətinə aid bədbinlik və etimadsızlıq fikri daşıdıqları haqqındakı intiba (çap olunan) bu hökumət haqqında sui-qəsd və sui-niyyət bəsləyən macəraçı ruhların qolaylıqla qapılacaqları bir haləti ruhiyə məhsuludur. Bu müəzzəm (böyük) hərəkətin yalnız Azərbaycanda deyil, bizzat Türkiyədə belə səmimiyyətlərinə şübhə edilməyən bir çoxları tərəfindən tərəddüd və əndişə ilə qarşılandığı məlumdur. Binəənəleyh Azərbaycan münəvvərlərindən bir qismi də böylə bir zəəflə bəlkə də məlul ola bilərdi. Fəqət o zamankı Azərbaycan mətbuatının, bilxassə Müsavat Firqəsinə mənsub qəzetələrin nəşriyyatı tədqiq ediləcək olursa, İstanbul mətbuatının Amerika mandasını hərarətlə müzakirə etdiyi günlərdə Bakı qəzetələri “Bir İstanbul, bir İzmir məsələlərinin fövqündə bir də Anadolu Türklüyünün həqiqi istiqlalı və iqtisadi inkişafının təmini məsələsi vardır. Türkiyə əski ərazisindən, Rumelisindən, Misirindən, Tunisindən, Fasından, Hicazından, İraqından, Beynəlnəhreynindən, həpsindən keçər, be-şərtə ki, Anadolu təkrar kapitülyasyonlara məruz qalmasın, be-şərtə ki, artıq kəndi qanı, canı, kəndi yurduna, kəndi övladına sərf edən türk mehmetçiyi yurduna sahib olsun. Ümid edəlim ki, böylə olacaq. Çünki türk milləti böylə istiyor. Çünki vicdanı bəşəriyyət böylə əmr ediyor!” kibi sətirlərlə ifadə olunan haləti ruhiyyə ilə Türkiyə istiqbalından əmin bir ümidə tərcüman oluyorlardı. Bu ruh yalnız qəzetə məqalələrində deyil, məsul hökumət əzasının müxtəlif zamanlarda vüqu bulan bəyanatları ilə də təsbit olunmuşdur. Fəqət nə yaparsan ki, Azərbaycan milliyyətçilərinin başı üstündən qızıl rus istilaçılarına əl uzatmağa qərar vermiş Kiçik Tələt kibi macəraçı politikaçılar daşıdıqları əhval-ruhiyyə hesabiylə bu kibi müsbət vəqaları deyil, mahud(aşna) Vəzirovların kiçikliklərini görür və bunu bütün bir mühitə təşmil etməkdən zərrə qədər çəkinməzlər.

Böylə bir ruhla mütəxəssis olan Azərbaycan hökuməti mübariz Anadolu ilə təmasa gəlmək üçün təşəbbüsdə də bulunmuş, bu məqsədlə mürəxxəslər göndərmiş, fəqət Anadolu nam və hesabına hərəkət edən Fuad bəylərlə Kiçik Tələtlərin nə dərəcəyə qədər həqiqi mürəxxəs və məsul adamlar olduğunu bir dürlü kəsdirməmişdi. O, bittəbii hökumətin müxalifləri və məmləkətin düşmənləri ilə daha sıx və səmimi təmaslarla işə başlayan bu adamlardan şübhə etmək haqqını kəndində bulmuş, məsul hökumət rical və məxfillərinə xas olan ehtiyatı əldən verməmişdi. Müsavat hökumətinin bu xüsusdakı əsabiyyəti artıq vəqayı ilə isbat edilmiş, mühakimədəki intiba(çap etmə) bu adamların Anadolu deyil, müstəqilən kəndi nam və hesablarına hərəkət etdiklərini təsbit eyləmişdir. Bu xüsusda Azərbaycan hökumətinin ibraz etdiyi zəif bir cəhət varsa, o da şübhə etdiyi bu adamlara Türkiyə millətçisi sifətiylə olsa da, fəzlə(çox) hörmət və etibar göstərmiş olmasıdır.

Nail bəyin də etiraf etdiyi vəchilə Müsavat Firqəsinin lideri daxil olduğu halda, Azərbaycan ricalı başda Xəlil Paşa olmaq üzərə bolşevik ruslara qapılan türkiyəli siyasi millətçilərə “Yapmayınız, bizi kəndi halimizə buraxınız, yüz sənədən bəri təhti əsarətlərində bulunduğumuz rusları biz daha iyi biliriz. Onlar hiylə ilə gəlir, sonra bizi əzərlər!” (“Hakimiyyəti Milliyə”, 5 ağustos) demişlərsə də, bunlar aldırmamış, mövud Qızıl Ordu komandanlığının verdiyi nəşə ilə “zavallı Azərbaycan”ın qana boyanmasına səbəb olmuşlardır.

Şimdi İstiqlal Məhkəməsinin haqlı suallarına qarşı cavab verərkən, yapılan bu xətanın ağır təsiri ilə bu günkü fəci nəticəni kəndilərinə ixtar edən(xatırladan) məmləkət adamlarına qarşı dərin bir hicab hissi duymaqdansa, tələtlərin qalxıb da yalanlar uydurduğuna heyrət etməmək mümkün deyildir.


Azərbaycan süqutunda ayqırı hərəkət edən bəzi türkiyəlilərin təsiri olduğunu “Yeni Qafqasya” müqərrərən söyləmişdir. Bu dava artıq mürtəqiblərin(cinayətlərin) məhkəmə hüzurundakı kəndi etirafları ilə isbat edilmişdir. İrtikab etdikləri xətadan mütəvəllid (doğulan, törəyən) məsuliyyəti təxfif (yüngülləşmə) üçün Azərbaycan hökumətinin mübariz Türkiyəyə qarşı laqeyd qaldığı haqqında uydurulan əfsanənin də artıq nə mahiyyətdə bir dastan olduğu meydana çıxdı. Milli Azərbaycanın Anadoluya yalnız qəzetə məqaləsi və bəyanatlar kibi mənəvi vasitələrlə deyil, maddətən də yardım etdiyini isbat edən vəqa və vəsiqələrdən burada bəhsə lüzum görmüyoruz. Bu, məhafili aidəsincə məlum bir həqiqətdir.

“Yeni Qafqasiya” jurnalı, İstanbul,

1 eylul 1926 / 7 səfər 1345, yıl: 3, sayı: 20, s. 2-5