Çılpaq imperiya, Züleyxanın faciəsi, müsəlman hikkəsi... - RƏY
23 aprel 2020 13:31 (UTC +04:00)

Çılpaq imperiya, Züleyxanın faciəsi, müsəlman hikkəsi... - RƏY

 “Züleyxa gözlərini açır” serialı Guzel Yahinanın eyniadlı romanı əsasında ekranlaşdırılıb. Əsər 2015-ci ildə çapdan çıxıb və bir neçə ədəbi mükafata layiq görülüb.

Əsərin Başqırdıstan Dram teatrında səhnə həlli də maraqlı alınıb.

Oxucu marağının sayəsində əsər seriala çevrilib. Serial isə hədsiz tənqidə məruz qalıb. Son illər hansısa serilaın, yaxud filmin belə diqqət çəkməsini, müxtəlif, əks qütblü fikirlərlə rastlaşmasını, müzakirə olunmasını görməmişik.

Rusiya mətbuatı bu serialdan yazır. İlk beş seriyadan sonra “Züleyxa gözlərini açır” rekordları qırdı.

Sentyabrdan bəri televiziya məkanında belə yüksək reytinqə yüksələn olmamışdı. Hərçənd, bu reytinq məsələsi görünməzliyi səbəbindən inandırıcı da deyil və çox mücərrəd nəsnədir, amma görünəni deməkdən qeyri əlacımız da yoxdur.

Əsərin süjeti barədə qısaca onu deyim ki, 1930-cu ildə sovet imperiyasının sürgünə göndərdiyi insanların taleyindən bəhs edir. Əsərin qəhrəmanı sadə tatar qızı Züleyxadır. Müəllif öz nənəsinin başına gələnləri qələmə alıb. Kazandan sürgün olunanda kölə xarakterli bir qadın olub, başına gələnlər onu güclü olmağa, öz haqqı uğrunda mübarizə aparmağa qadir bir qadına çevirir. Hər halda, əsərdə belə olsa da, serialda buna o qədər də nail ola bilməyiblər.

Mövzu yeni deyil, tanışdı. Həm də sovet imperiyasının özünə tabe etdiyi bütün millətlərin başına gələnlərdir. Ona görə də belə əks-səda verdi əslində. Həm də ona görə belə əks qütblü fikirlərlə, müzakirələrlə qarşılaşdı. Təbiidir. Necə ki, sovet quruluşunun özü barədə fikirlər haçalanır.

Əsas üst-üstə düşən fikir serialın əsərdən çox fərqli və zəif olmasındadır. Bütün tənqidçilər bu barədə eyni fikirdədir. Bəzi səhnələri, musiqini və mövzunu çıxmaq şərtilə, bu serialın digərlərindən xüsusi üstünlüyü yoxdur. Tənqidçilər də serialın digər ekran əsərlərindən heç nə fərqlənmədiyini deyirlər. “Kommersant” qəzetinin isə baltanı lap kökündən vurub: “serial bir yığın şəkildən və dekorasiyadan ibarətdir”, vəssalam.

Ən maraqlısı Kommunist Partiyasının liderinin fikridir – Maksim Suraykinin: “Mən məktub hazırlayacam ki, onu ekrandan yığışdırsınlar. Bu serial kommunizmin və SSRİ-nin əleyhinə təbliğatdır. 80-90-cı illərdə gedən təbliğatın ardıdır”. 

Bəzi inanclıların fikrinə görə isə, serialda müsəlmanlar təhqir olunur. Rusiya Müsəlmanlarının müftisi Albir Kraqanov tələb edir ki, yaradıcı qrup müsəlman aləmindən üzr istəsin. Sən demə, serialdakı sürgün olunmuş “siyasi dustaqlar” müsəlmanların dini liderlərinin adlarını daşıyırlar.

8 seriyalı serial, mənim də fikrimcə, əvvəldə yaxşı başlamışdı. Onu deyim ki, serial da olsa gərək abırlı olsun, süni uzadılmasın, konkretlik daşısın, başlanğıc, final, son yerli-yerində olsun. Bu baxımdan, ilk 8 seriya yaxşıdır. Amması ondadır ki, əvvəlki yaxşı gedişlə davam edə bilmədi, yarıdan sonra bir tələskənlik, məqsəddən yayınma, yaxud məqsədsizlik oldu. Elə bil, yaradıcı qrup tənqiddən başını itirib birtəhər serialın başını-ayağını yığıb tamamlamağa çalışdı. Əvvəldən qarşıya qoyulan məram arada itib-batdı, sonluq sadəcə öz gedişinə buraxıldı.

Bir sözlə, alınmadı. O qədər marağın, reytinqin qarşısında serialı yarımcan etdilər.

Əsəri oxumadığım üçün o qədər də əminliklə deyə bilmirəm, amma oxuyanlar hamısı eyni fikirdədilər ki, əsərdə Züleyxa daha güclü qadın obrazıdır.

Serialda Çulpan Hamatovanın Züleyxası mütilikdən çıxa bilmədi. Kişilərin, ətrafın, hətta qaynanasının ruhunun köləsidir.

Seriaılın rejissoru Yeqor Anaşkin isə deyib: "Biz serialın çəkiliş müddətində tarixçilərlə məsləhətləşmişik, onların nəzərindən kənar heç bir kadr çəkilməyib. Bizim hekayətin siyasətlə heç bir əlaqəsi yoxdur, o, insan taleyindən bəhs edir. Qəhrəmanım bütün ömrü boyu pisliklə yaşamamaq üçün keçmişini unudub gələcəklə yaşamağa özündə güc tapan bir tatar qadındır”.

Amma heç rejissorun dedikləri də serialda əks olunmur. Züleyxa sadəcə taleyin axarı ilə serialın axırına gəlib çıxır. Tatarlar, deyəsən, serialda və Züleyxa obrazında adət-ənənəyə zidd detallar görüblər, amma tamaşaçı kimi onu deyə bilərəm ki, tatar qadını onun yaratdığı kimi müti də deyil.

Aktrisanın mimikalarla, gözləri ilə oynamasına söz yoxdur - peşəkarcasına, amma obrazını yaşaya bilmək də lazımdır.

Əvvəl qaynanasının ruhunu qovan qadın, sonda ona ana deyib köməyə çağırır, ruha sığınır, başqa həmdəmi, munisi yoxdur, oğlu da onu atıb gedir (o elə başa düşür, hər halda). Yaxşı səhnələr idi. Ayrı-ayrılıqda yaxşı səhnələr, amma bir yerdə serialda effektini itirirdi.

Evgeni Morozovun oynadığı Qırmızı İvan da müti idi. Sovet adamının, hətta zabitinin boynubükük, müti obrazını yaradıb. Yalnız Zinoviy Kuznets Roman Madyanovun ifasında qüdrətli idi. Qılıncının dalı da kəsirdi, qabağı da. Kimə desən xox gəlib, istədiyini həyata keçirə bilərdi-namərdcəsinə. Bütün repressiya və sürgünlər onun kimi sovet məmurlarının əli ilə olub. Belə... Əslində serialda sovet imperiyasının çılpaq siması var, sadəcə, həmişəki kimi rus şovinizminin barmağı da olmamış deyil.

 

# 7147
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar