Avropa çempionu Romadan Lent.az-a danışdı: “Heç kimin gözləmədiyi anda çempion oldum” - MÜSAHİBƏ
12 fevral 2020 16:28 (UTC +04:00)

Avropa çempionu Romadan Lent.az-a danışdı: “Heç kimin gözləmədiyi anda çempion oldum” - MÜSAHİBƏ

Romada keçirilən Avropa çempionatında qızıl medal qazanan yunan-Roma güləşçimiz Sənan Süleymanovun Lent.az saytına müsahibəsi.

 

- Böyüklərin Avropa çempionatında 2017-ci ildə də iştirak etmişdiniz. 77 kq çəki dərəcəsində isə ilk dəfə yarışa qatılırdınız. Qarşınıza konkret Avropa çempionu olmaq məqsədi qoymuşdunuz, yoxsa məqsəd yeni çəkidə özünüzü sınamaq idi?

 

- Bəli, 77 kq-da ilk yarışım idi. Şükür Allaha, bu çəkidə debütdəcə Avropa çempionluğu mənə qismət oldu. 2017-ci ildəki qitə birinciliyində 1/4 finalda uduzmuşdum. Əslində, bu Avropa çempionatında güləşməyim planda yox idi. Qərar anidən qəbul edildi. Məşqçilər sağ olsunlar, etimad göstərdilər, mən də heç kimin, hətta özümün də gözləmədiyim bir anda çempion oldum. Çəkim 77 kq-dan aşağı - 75 kilo olsa da, yaxşı çıxış göstərə bildim. Görüşdən-görüşə özümə güvənim artdı. Heç kim məndən medal gözləmədiyinə görə psixoloji cəhətdən rahat idim. İtirəcəyim bir şey yox idi, həyəcanlı deyildim. Bu səbəbdən də çıxıb rahat güləşdim. Əsas məsələ yarışda 2 erməniyə qalib gələrək çempion olmağımdır.

 

- Bundan əvvəlki 3 turnir - 23 yaşadək güləşçilər arasında dünya çempionatı, Azərbaycan çempionatı və Fransada keçirilən Qran-pridə ikinciliklə kifayətlənmişdiniz. Final görüşündən əvvəl içinizdə “birdən yenə ikinci olaram” qorxusu var idimi?

 

- Doğru qeyd etdiniz, Avropa çempionatından öncəki 3 yarışın hamısında finalda məğlub olmuşdum. Amma o turnirlərdə 72 kq-da çıxış etmişdim. Yeni çəkimdə isə məndən nəinki çempionluq, heç bir nəticə gözlənilmirdi. İlk görüşdən sonra özümə inanmağa başladım. Bu cür mötəbər turnirin qalibi olmaq çox gözəl hissdir. Həmişə bu hissi yaşamaq istəmişəm.

 

- Yarışdan öncə heç kimin sizdən medal gözləməməyi xeyrinizə işləyən amil olsa da, startda Bolqarıstanı təmsil edən erməni güləşçi ilə qarşılaşmaq narahatlıq yaratmaya bilməzdi...

 

- Əlbəttə, məsuliyyət hissi var idi. Döyüşə qalibiyyət üçün çıxmışdım. Bunun öhdəsindən gəlib 5:3 hesablı qələbə qazandım. Məhz həmin görüşdən sonra özümə inam hissi artdı. Sonrakı döyüşlərdə də tələsmədən, eyni taktika ilə mübarizə apardım və istəyimə çatdım.

 

- Bəs ən çətin döyüşünüz hansı, sizə daha çox çətinlik yaradan rəqib kim oldu?

 

- Bütün görüşlər çətin keçir. Asan rəqib yoxdur, xüsusən də Avropa çempionatında. Amma ən çox yorulduğum döyüş ilk görüşüm oldu. Bolqarıstanı təmsil edən erməniyə qalib gələndən sonra açılışdım. Təbii ki, mərhələ adladıqca qarşına daha çətin rəqiblər çıxır. Ancaq bu, məni narahat etmirdi.

 

- Yunanıstan güləşçisi Georgios Prevolarakislə 1/4 finalda baş tutan görüş olduqca dramatik alındı. Son saniyələrə qədər hesab 4:4 idi və bu məqamda həyata keçirdiyiniz baxımlı fəndlə qələbəni təmin etmiş oldunuz...

 

- Həqiqətən də, yunan idmançı ilə döyüş gərgin keçdi. Həmin görüşə boş başladım, buna görə də rəqib 4 xallıq fəndlə hesabda önə keçdi. Bu cür gedişatdan sonra qələbə qazanmaq çətindir, əsas da böyük idmanda. Buna baxmayaraq, həvəsdən düşmədim, ən əsası tələsmədim. Hesabdakı fərqi aradan qaldıra biləcəyimi hiss edirdim. Görüş 4:4 hesabı ilə bitsəydi, qələbə yunan idmançıya veriləcəkdi. Çünki o, 4 xalı 1 fəndlə götürmüşdü. Sona 10 saniyə qalırdı, məcburən risk etməliydim. Risk etdim və fəndim də gözəl alındı.

 

- Yarımfinalda qarşınıza yenə erməni güləşçi çıxdı. Məşqçilər sizi bu görüşə psixoloji cəhətdən necə hazırladılar ki, təcrübəli rəqibinizə qalib gəlməyi bacardınız?

 

- Bu görüşdə məsuliyyət ikiqat idi. Finala çıxmaq uğrunda döyüşürdüm, üstəlik, rəqibim erməni idmançı idi. Sözün açığı, psixoloji cəhətdən çox rahat idim. Rəqib fiziki cəhətdən nə qədər güclü olsa da, ona qalib gələ bildim.

 

- Finalda üz-üzə gəldiyiniz macarıstanlı Zoltan Levay da təcrübəli idi. Görüşün gedişində rəqibin fəndindən çıxıb onu əks fəndə salmağı bacardınız. Levayın həmin fəndinə əvvəlcədən hazırlaşmışdınız?

- Levay çox güclü güləşçidir. Onun qələbə qazanacağını gözləyənlər çox idi. Ola bilər ki, özü də elə fikirləşirdi (gülür). Çünki mən 77 kq-da birinci dəfə idi çıxış edirdim. Rəqiblərim məni yaxşı tanımırdılar. Finalda da sona qədər mübarizə apardım. Levayın fəndinə əvvəlcədən hazırlıqlı deyildim. Amma parter vəziyyətində sol tərəfə fənd etdiyini bilirdim. Buna xüsusi hazırlaşmışdım. Parterdə olanda rəqibin xal götürməsinə imkan vermədim. Çox şükür ki, çempion oldum. Uşaqlıq arzum, xəyalım gerçəkləşdi. Ən böyük arzum döşəyin üzərində qaçaraq bayrağımızı dalğalandırmaq idi. İnşallah, bundan sonrakı yarışlarda da özümü yaxşı tərəfdən göstərərəm.

 

- Medal qazanan idmançılara uğuru kimə həsr etdiyi ilə bağlı ənənəvi sual verilir. Siz Avropa çempionluğunu kimə həsr edirsiniz?

 

- Bu uğurumu ilk növbədə ailəmə, sonra da nailiyyətimə sevinən hər kəsə həsr edirəm.

 

- Mükafatlandırma mərasimində göz yaşlarınızı saxlaya bilmədiniz. Yəqin ki, həmin anda gözünüzün önünə bu vaxta qədər çəkdiyiniz əziyyət gəldi...

 

- Elədir. Fəxri kürsüyə çıxmaq qürurverici hissdir. Himnimiz səslənəndə, bayrağımız dalğalananda özümdən asılı olmayaraq, gözümdən yaş gəldi. Özümü birtəhər saxladım. Təbii ki, bu, sevinc göz yaşlarıdır. Azərbaycanın bayrağını ən yüksəklərə qaldırmaq mənim üçün böyük fəxrdir. Xüsusən bizim bayrağımızı ermənilərin bayrağından yüksəkdə görmək gözəl hissdir.

 

- Yunan-Roma güləşi üzrə yığmamızın Avropa çempionatındakı ümumi çıxışını necə qiymətləndirirsiz?

 

- Fikrimcə, komanda olaraq ötən ilə nisbətən bu il daha uğurlu çıxış etdik. Yarışın birinci günündə 1 qızıl, 2 bürünc medal götürdük. Yarışın ikinci günündə daha bir “qızıl” götürmək şansımız var. İnşallah, Rafiq Hüseynov da finalda qalib gələr.

 

- Olimpiya və 2 qat dünya çempionu Fərid Mansurovla Borçalı mahalından, hətta eyni kənddənsiniz. Maraqlıdır ki, Mansurovun medal kolleksiyasında mötəbər turnirlərdən təkcə Avropa çempionatının “qızıl”ı yoxdur. Əvəzində onun həmkəndlisi qitə birinciliyinin qalibi olmağı bacardı...

 

- Fərid Mansurov Azərbaycanda olimpiya çempionu olan yeganə yunan-Roma güləşçisidir. Onunla hər birimiz fəxr edirik. Avropa çempionu olmasa da, Olimpiadanın qalibi və ikiqat dünya çempionudur. Bunlar çox böyük uğurlardır və hər idmançıya nəsib olmur. O ki qaldı mənə, Avropa birincisi oldum. İnşallah, bundan sonra da uğurlarımın ardı gələr.

 

- 77 kq-dakı çıxışınızı davam etdirəcəksizmi və bundan sonrakı hədəfləriniz nədir?

 

- Məşqçilər məsləhət görərlərsə, bundan sonra da 77 kq-da çıxış edərəm. Bu çəki dərəcəsində olimpiadaya lisenziyamız yoxdur. Avropa çempionatı olimpiadaya lisenziya vermirdi. Qarşıda 2 lisenziya yarışı var. Uyğun bilərlərsə, həmin yarışlarda güləşərəm. Ən böyük arzum olimpiadada iştirak etmək, ordan medalla qayıtmaqdır.

# 5010
avatar

Rizvan Babayev

Oxşar yazılar