14:14
12 Fevral 2020

“Gecəydi... səs gəldi, çıxdıq çölə ki, başından vurublar...” – Xalq yazıçısının şəhid oğlunun roman kimi həyatı

Lent.az -ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik.

Layihəmizin növbəti yazısı şəhid Məhəmməd Əhmədova həsr olunub.

Əhmədov Məhəmməd Sabir oğlu. 1970-ci il fevralın 12-də Bakıda anadan olub. Orta məktəbi bitirəndən sonra Moskva Poliqrafiya İnstitutuna daxil olub. Bir il sonra oradakı təhsilini yarımçıq qoyaraq, Bakıya qayıdıb. Azərbaycan Sənaye İnstitutuna (indiki Azərbaycan Neft və Sənaye Universiteti – S.Ə.) daxil olub. 1994-cü ilin yanvar ayında könüllü olaraq Yasamal batalyonunun tərkibində müharibəyə yola düşüb. Fevral ayının 12-də, ad günündə Murovda alnından snayperlə vurularaq şəhid olub.

Öncəgörmə

Bəzən yazıçılar əsərlərində özləri də bilmədən gələcək talelərini yazırlar. Başlarına gələcək bədbəxtliyi şüuraltı duyurlar. Qəhrəmanın başına gələcək ən pis hadisələrin müəllifin öz başına gəlməsi dəhşətlidir. Yazıçı bu hadisəni iki dəfə yaşayır. Bir dəfə mətnlərində, ikinci dəfə isə həyatda.

Xalq yazıçısı Sabir Əhmədli belə bir yazıçı ömrü yaşamışdı. Onun 20 yanvar hadisələri ilə bağlı yazdığı hekayələrin birində təsvir etdiyi hadisə sonradan öz taleyində də baş verdi. 20 yanvar hadisələri zamanı qəhrəman oğlunu axtarıb, axırda morqların birində tapır.

İyirmi dörd yaşında şəhid olan Məhəmməd Əhmədovun atası, Xalq yazıçısı Sabir Əhmədli hekayədəki hadisəni real həyatda yaşayır - oğlu hərbi xidmətə gedəndən bir ay sonra alnından vurularaq, şəhid olur. Bu gün Məhəmmədin iyirmi dörd illik parlaq, saf, yarıda qalmış ömrünə işıq tutacağıq. Bacısı Yaqut Quliyeva, qardaşı Etibar Əhmədovla birgə.

Yaqut xanım qardaşıgilin beşinci mərtəbədə yerləşən mənzillərinin pəncərəsini açıb, əli ilə məni səsləyir. Bu ev həm də Sabir Əhmədlinin oğul itkisindən sonra bir neçə il yaşadığı evdir. Burda həm də Məhəmmədin şəkilləri, şəxsi əşyaları, bir də... xatirələri var.

Şəhidin qardaşı Etibar Əhmədov qardaşı ilə bağlı xatirələrini səbir və təmkinlə danışmağa çalışır.

- Nəsildə onun kimi oğul yox idi, desəm, yəqin yanılmaram. Gözəl, yaraşıqlı, biçimli oğlan idi. Müharibəyə gedişi də gözlənilən idi. Amma öləcəyi heç birimizin ağlına gəlmirdi. Ağlımıza da gəlməzdi ki, Məhəmməd kimi şən, maraqlı, yaşamağı çox sevən bir oğlan həlak ola bilər. İndiyə qədər də mənim gözüm onu, onun kimi oğulu axtarır. Məhəmməd orta məktəbdə çox yaxşı qiymətlərlə oxuyub. Məktəbi bitirəndən sonra atamın da razılığı ilə Moskva Poliqrafiya İnstitutuna daxil oldu. Ordan da Qorki şəhərinə hərbi xidmətə yollandı. Hərbi xidmətdən qayıdandan sonra Sabir müəllim onun Moskvada qalmasını istəmədi. O da atamın sözündən çıxmayıb, Bakıya qayıtdı. Hər şey də ondan sonra başlandı.

Sabir Əhmədli oğlunun çox yaraşıqlı olduğunu bilirdi. O, bir ata kimi istəmirdi ki, Məhəmməd başqa millətlə dərindən qaynayıb-qarışsın. Zatən qardaşı - Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədov rus torpaqlarında uyuyurdu. İndi oğlunun da oralarda yurd-yuva salmasına dözə bilməzdi. Ona görə də Məhəmmədi Bakıya çağırtdırır. Yanına salıb, özü ilə doğulub boya-başa çatdığı Cəbrayıla aparır, onunla birgə yeni yurdda ev də tikir. Ancaq Məhəmmədin gəlişi Qarabağ müharibəsinin ən qızğın vaxtına düşür. Bir-birinin ardınca torpaqlar işğal olunur. Cəbrayılın işğalından sonra onun müharibəyə gedişi qaçılmaz olur.

Şəhidin bacısı Yaqut Quliyeva deyir ki, Sabir Əhmədli oğlunun və tanıdığı digər gənclərin müharibəyə getməsinin tərəfdarı olub.

- Cəbrayıl işğal olunandan sonra Məhəmməd bir yerdə qərar tuta bilmirdi. Atam isə evdə, qohum-əqrəba arasında təbliğat aparırdı. Nəslimizdəki oğlanlara deyirdi ki, niyə müharibəyə getməmisiniz, burda oturmusunuz?! O, burda cavan adam görəndə əsəbiləşirdi, deyirdi bunlar burda nə gəzir.

Murov

Etibar müəllim də bacısının dediklərini təsdiqləyir:

- Əmim Cəmilin şəkli yenə də evimizdədir. Atam bizim hamımızı vətənpərvər ruhda tərbiyə etmişdi. Məhəmmədi də düz üç dəfə hərbi komissarlıqdan geri qaytarmışdılar. O vaxt könüllü gedənlər də indi danışıldığı kim çox deyildi. Amma Məhəmməd qarlı-şaxtalı günlərin birində - 1994-cü il yanvarın 11-də özü könüllü ərizə yazıb müharibəyə yollandı. Gedən kimi də Yasamal batalyonunun tərkibində Murova yola düşmüşdü.

Müharibə başlanan gündən onsuz da bir ayağı cəbhədə olan yazıçı, oğluna söz verir ki, ad günündə mütləq Murova onun yanına gələcək. Müharibə görməyən, heç bir çətinliyə öyrəşməyən, şəhər uşağı Məhəmməd cəbhədə heç kimdən geri qalmır. Tapşırılan hər bir əmri yerinə yetirir. Atasının gəlişini isə səbirsizliklə gözləyir.

Yaqut xanım deyir ki, Sabir müəllim demək olar ki, hər həftə cəbhə bölgəsinə gedirmiş.

- O vaxt atam “Ədəbiyyat qəzeti”nin baş redaktoru idi. Qəzetin hər nömrəsində cəbhə bölgəsindən yazıb gətirdiyi materialları çap edirdi. Məhəmməd cəbhəyə gedəndən sonra onun yanına getmək üçün, həm də material hazırlamaq üçün tez-tez gedirdi döyüş bölgələrinə.

1994-cü ilin qışı çox sərt keçir. Kəlbəcər də ən şaxtalı qışını yaşayır. Sabir Əhmədli yola düşür, oğluna söz verdiyi kimi, düz Murova qədər gedib çıxır. Ora çatana qədər inanılmaz çətinliklər yaşayır, çovğuna, qara düşür. Amma oğlunun ad günündə onun yanında olacağının xəyalı bir dəqiqə də olsun gözlərinin önündən çəkilmir...

Lakin heç nə onun gözlədiyi kimi olmur. O, Məhəmmədin yanına gedir, Məhəmmədin nəşi isə Yasamaldakı ata ocağına göndərilir. Sabir Əhmədli son ana qədər oğlunu axtarır, onun ölümünü ağlına belə gətirmir. Sonralar yazdığı “Axirət sevdası” romanını bütünlüklə Məhəmmədin xatirəsinə həsr edir, onun ardınca gedib qayıtdığı günləri, saatları, anlarda yaşadığı duyğuları, ağrıları yazır.

Məhəmmədin ölüm xəbərini ailə üzvlərindən ən tez bilən qardaşı Etibar olur. Qara xəbəri ona iki hərbçi çatdırır. Boranlı-şaxtalı bir qış günündə.

12 fevral

- Atam düz Yanşağa qədər gedib çıxmışdı. Orda artıq hamı bilirdi ki, Məhəmməd şəhid olub. Amma onu aldatmışdılar. Sonra atam Gəncəyə - dostu Altay Məmmədovun evinə gəlmişdi. Altay müəllimgilin də ailəsi bilirdi. Ancaq atama heç nə deməmişdilər. Altay müəllim oğlunun birini atama qoşub, Bakıya yollamışdı.

Məhəmməd şəhid olan günün səhəri qapımız döyüldü. Açdım, gördüm iki nəfər hərbçi dayanıb. Mənə baş verənləri deyəndə həqiqətən də inanmadım, dedim yəqin nə isə səhv var. Çünki Məhəmməd hələ təzə getmişdi. Bu tezliklə onun şəhid olacağı ağlıma da gəlməzdi. Hətta onlar mənə deyəndə ki, Məhəmmədin nəşi morqdadı, yenə də inanmadım. Gedib üzünü görəndən sonra inandım... Onu 12 fevralda, ad günündə snayperlə alnından vurmuşdular. Çox qəribədir ki, baş daşındakı şəklində elə həmin yerdə çat var. Elə bil onu seçib vurmuşdular. Batalyonun ilk şəhidi Məhəmməd olmuşdu.

Yaqut xanım deyir ki, Məhəmməd hələ uşaqlıqdan çox yaraşıqlı və savadlı olub. Sabir müəllim isə ona xüsusilə diqqət göstərirmiş. Onunla bağlı xeyli ümid və arzuları varmış.

- Məhəmməd həm də çox göyçək oğlan idi. Evdə qardaşım Etibar da, mən də humanitar sahələr üzrə hazırlaşırdıq. Amma atam ona əvvəlcədən demişdi ki, səni humanitar sahə üzrə qoymayacağam, dəqiq elmləri daha yaxşı mənimsə. Məktəbdə yay tətili imtahanları olanda maarifdən ona suallar göndərirdilər, Məhəmməd onları həll edib yollayırdı, onun cavabları ilə məktəb uşaqlarının cavablarını tutuşdururdular. Sonralar da atamın öz arzusu oldu ki, Məhəmməd gedib Moskvada oxusun. Bir il orda oxuyandan sonra atam dedi ki, “rus qızları bunun başına yaman fırlanırlar, qayıtsın gəlsin Bakıya”. Sonralar öz-özümə fikirləşdim ki, kaş, Məhəmməd elə orda qalardı, heç bura gəlməzdi. Gəlməsəydi, taleyi də belə yarıda qırılmazdı. Ondan sonra gəldi bura, burdan da müharibəyə getdi. İndi belə sakit danışırıq, amma onun getməyi, şəhid olması bizim hamımız üçün faciə oldu.

Bizim hamımızı anamgilə “Məhəmməd yaralıdır” adı ilə gətirtdilər. Bircə Etibarın üzünə həqiqəti demişdilər. Etibar burdan, dayılarım da öz evlərindən o qarda-çovğunda Semaşkoya gediblər. Mənim dayım da Cəbrayılda cərrah işləmişdi. O, Məhəmmədin başındakı yaranı görən kimi Etibara demişdi ki, snayper yarasıdır. Biz anamgilin həyətinə gəlib çatanda, qohumlarımızı görəndə bildik ki, o, şəhid olub. Anam, atam Məhəmmədin nəşini görməyənə qədər inanmamışdılar.

Qara xəbər

Etibar müəllimin həyat yoldaşı Aytən xanlım da həmin günləri belə xatırlayır:

- Səhərə yaxın qapı döyüldü. Qapını açanda iki nəfər hərbi geyimdə adam qarşımda dayanmışdı. Məndən Sabir müəllimi soruşdular. Dedim yoxdur. Ondan sonra Etibarı çağırdım. Onların nə danışdığını eşidə bilmədim. Bir o yadımdadır ki, Etibar tez paltosunu geyindi. Mən nə qədər soruşsam, da heç nə demədi, əli ilə sonra deyərəm işarəsi verib, evdən çıxdı.

Sabir müəllim “Axirət sevdası” romanında yazdığı kimi, hər şey ardıcıllıqla baş verir. Gəncədə qonaq düşdüyü evdən Bakıya qayıdır. Bakıya hava işıqlananda çatan Sabir müəllim evinə çatır, həyətinə qalxan pilləkənləri çıxır. Hətta həyətindəki yas çadırını da görür, ancaq bütün ehtimallara, şübhələrə baxmayaraq, yenə də inanmır ki, Məhəmməd artıq həyatda yoxdur. O, başdan-ayağa Məhəmməd olan “Axirət sevdası” romanında həmin gün yaşadıqlarını belə ifadə edir:

“Elə ki mənzilin açıq qapısından qoluma girmiş bu oğlanla içəri ayaq basdım, bütün qohum-əqrəbanı, otaqları dolu gördüm.

Orta - böyük otaqda çəhrayı ipək çəkilmiş cənazə qoyulmuş, anası başda oturmuş, xalaları, qohum-qonşu cənazə dövrəsində halay qurub, əyləşmişdilər.

- Yox! Yox! Yox... Ola bilməz. İnanmıram! Məhəmməd, balam mənim! İnanmıram! Cənazənin ayağında çöküb, dizin-dizin onun üstünə can atdım:

- Açın üzünü! Götürün örtüyü! Mən onu görmək istəyirəm! Mən səni haralarda axtardım, balam?! Gəlibmişsən, özün gəlibmişsən! Məndən qabaq gəlib çıxmısan evimizə. Bütün nigaranlıq bitdi!"

Yaqut xanım o günlərə qayıdır:

- Atam hər şeyi olduğu kimi romanında yazıb, necə baş veribsə, elə. O evə çatanda həyətimizdə qurulan mağarı görsə də inanmayıb, çünki o vaxtı hər gün bir həyətdə mağar qurulurdu. Biri sökülən kimi yerinə başqa şəhidin mağarı qurulurdu. Atəşkəsə qədər bu vəziyyət belə davam etdi.

Məhəmməd atamın qırx yaşı olanda doğulmuşdu. Atam bizim heç birimizə göstərmədiyi nəvazişi ona göstərirdi. Onunla elə bil nəvəsi kimi davranırdı. Amma bizim hamımız onu çox istəyirdik. Çox göyçək uşaq idi. Hamı, bütün nəsil onu sevirdi. Bizimlə çox ciddi idi, amma onunla yumşaq davranırdı. Onunla zarafatlaşırdı, qucağına alıb əyləndirirdi. Amma bizimlə yox.

Şəhər uşağı idi. Həmişə səliqə-sahmana, təmizliyə adət eləmişdi. Cəbhədə də otaqda ürəyi sıxılıb, istəyib çıxıb bir siqaret çəksin. Amma evdən gedəndə çəkmirdi. Əsgər yoldaşları deyirlər ki, elə o çölə çıxandan bir neçə dəqiqə sonra taqqıltı səsi eşidiblər, bayıra çıxanda görüblər ki, başından vurublar.

Qürur

Sabir müəllim çox sevdiyi balasının ölümündən sonra sınıxır, hər yerdə balasını axtarır, mənən çox əzab çəkir. Amma heç kimin yanında qəddini əymir, ağlayıb-sızlamır. Etibar müəllim də şahidi olduğu günlərin təfərrüatlını təsdiq edir:

- Atam heç kimin yanında özünü sındırmazdı. Hətta anama deyir ki, sənin oğlun pis iş üstündə getməyib, torpaq uğrunda şəhid olub. Biz heç vaxt atamın göz yaşını görmədik. Amma biz evdə olmayanda onun Məhəmmədin olduğu videoya baxıb sarsıldığını bilirdik. Atam “Əsgər atası” filmini çox sevirdi, taleyi də elə o filmdəki qəhrəmanın taleyinə oxşadı. Mənim əmim də ikinci dünya müharibəsində həlak olmuşdu. Sonralar atam qardaşının qəbrini də Polşada axtaranda çox əziyyət çəkmişdi.

Ondan sonra ailə üzvlərinin hər biri üçün yaşamaq, xüsusilə Məhəmmədin doğulub böyüdüyü evdə yaşamaq çətin olur. Yenə Yaqut xanımın sızıltıya qarışan səsi otağı bürüyür:

- Mən hiss edirdim ki, valideynlərim Məhəmmədin doğulduğu, böyüdüyü evdən uzaqlaşmaq, baş götürüb qaçmaq istəyirlər. Amma mənim ürəyim tablamırdı. Deyirdim, bu evin divarlarında, pərdələrində Məhəmmədin əl izləri var, axı buranı necə tərk etmək olar?

Nə qədər faciəvi tale ilə üz-üzə qalsa da, Sabir Əhmədli yaşadıqlarını ədəbiyyata, sənətə çevirməyi bacarır. Oğlunun xatirəsini ədəbiyyatlaşdıra bilir. Ədəbiyyat son nəfəsdə yazıçının yarasının hovu olur. Bir də qələbə arzusu, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istəyi. Axı Məhəmməd də bu böyük amal uğrunda qurban getmişdi...

Samirə Əşrəf

Foto: İlkin Nəbiyev

Dİgər xəbərlər