13:53
11 Dekabr 2019

"Azarkeşlərimizi sevindirməyə çalışacağıq” - Qurban Qurbanov

“Avrokubok mövsümündə son oyunumuzdur. Marağın az olduğu hiss edilir”.

Apasport.az saytının məlumatına görə, bunu Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

47 yaşlı mütəxəssis Avropa Liqasının qrup mərhələsinin VI turunun Lüksemburq təmsilçisi “Düdelanj”la oyunu ərəfəsində mətbuat konfransı keçirib. Azərbaycan çempionunun çalışdırıcısı sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş barədə fikirlərini açıqlayıb: “Oyuna ciddi hazırlaşırıq. İstəyirik ki, yaxşı oynayaq və turniri qələbə ilə başa vuraq. Marağın az olduğunu dedikdə, azarkeşləri nəzərdə tuturam. Komandanı isə hazırlamaq hər zaman çətindir. Tanıdığımız rəqibdir. Azarkeşlərimizi sevindirməyə çalışacağıq”.

O bildirib ki, hər oyun “Qarabağ” üçün vacib xarakter daşıyır: “Avrokubok oyunlarında stadionumuzun dolu olmasını istəyirəm. Düşünürəm ki, azarkeşlərin yenə də ürəyi bizimlə olacaq. Bəzən belə hallarla razılaşmalıyıq. Həmişə istəmişəm ki, bütün oyunlara tam heyətlə hazırlaşaq. Xayme Romero komanda ilə məşq edir. Ola bilsin ki, əsas heyətə düşmək ehtimalı az olsun. Əvvəlki oyunlarla müqayisədə oyunçularımızın durumu yaxşıdır. Ən azı ilin sonunda sağlam istirahət edə biləcəklər”.

Q. Qurbanovun sözlərinə görə, komandasının üstünlüyü öz meydanımızda oynamağımızdır: “Düşünürəm ki, rəqib ilk oyundakı nəticəni nəzərə alıb daha yaxşı hazırlaşacaq”.

Qeyd edək ki, sabah saat 21:55-də baş tutacaq oyunu “Qarabağ” – “Düdelanj” matçı hər iki komanda üçün formal xarakter daşıyır. Rəqiblər 1/16 final şansını artıq itiriblər.

Dİgər xəbərlər