8557
13:00
13 Noyabr 2019

“Dedim, tabutu açın, görək həqiqətən odurmu...” – Şəhid Milli Qəhrəmanın film kimi həyatı

Lent.az -ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik.

Layihəmizin növbəti yazısı şəhid Milli Qəhrəman Yusif Mirzəyevin ailəsindən hazırlanıb.

Mirzəyev Yusif Vəli oğlu. 1958-ci il mayın 23-də Babək rayonunun Böyükdüz kəndində dünyaya göz açıb. 1975-ci ildə 1 saylı Naxçıvan orta məktəbini bitirib, hərbi xidmətə yollanıb. Qayıdandan sonra isə Naxçıvan Rabitə Qovşağında əmək fəaliyyətinə başlayıb. İşləyə-işləyə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) ali təhsil alır. 1987-ci ildə həmin institutun mühasibatlıq fakültəsini bitirir və Bakıdakı bankların birində müfəttiş vəzifəsinə təyin edilir.

1988-ci ildə Xalq Hərəkatına qoşulur. 1991-ci ilin sonlarında isə könüllü kimi Qarabağ müharibəsinə yollanır. 1993-cü il fevral ayının 19-da Ağdərədə gedən qeyri-bərabər döyüşlərin birində silahdaşlarını mühasirədən çıxararkən qəhrəmancasına həlak olub.
Ailəli idi. Bir qızı var.

Azərbaycan Respublikası Prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı fərmanı ilə Mirzəyev Yusif Vəli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Naxçıvanda Şəhidlər Xiyabanında dəfn edilib. Naxçıvanda yerləşən məktəblərdən biri və Bakının Nəsimi rayonundakı 44 saylı orta məktəb qəhrəmanın adını daşıyır.

27 il…

1992-ci ilin yayı idi. Yenə qaçaqaç, köçhaköç başlamışdı. Artıq həm rayona atlan top mərmilərinin səsinə, onun gətirdiyi faciələrə öyrəncəli olmuşduq, həm də mərkəzdən uzaq kəndlərdəki tanışlarımızın, qohumlarımızın evlərinə getməyə. Budəfəki köçümüz rayonun Cocuq Mərcanlı kəndinə idi. Axşam tərəfi böyüklər stolun ətrafında dövrələmə əyləşib çay içir, həm də açıq pəncərənin sürahisinə qoyulan ağ-qara televizordan xəbərlərə baxırdılar. Operator kameranı danışmaq, söz demək istəyən əsgərlərin üzünə tuşlayır, hamısının səsini, sözünü, nişanələrini bir-bir kameranın yaddaşında dondururdu. Qarabuğdayı, şəvə kimi saçları, qalın bığı olan oğlan ürəklə danışır, gülürdü. Müharibənin od-alovu, dəhşətləri onun bu gülüşünün yanında heçə çevrilib, yox olurdu. Güldükcə ətrafa nikbinlik, qələbə əhval-ruhiyyəsi paylayırdı. Atamla anam onun simasını görən kimi səs-səsə verib – “Yusif, bu Yusifdir” dedilər. Atam təəccüb dolu baxışlarını ekrana zilləyib, dedi:

- O, necə gedib çıxıb Ağdərəyə?

Sualı kimin necə, nə cür cavablandırması yadımda qalmayıb. Bir onu bildim ki, Yusif dedikləri oğlan tez-tez bizim rayona müfəttiş kimi gəlib gedir, yoxlamalar aparırmış. Rayon əhalisi ilə qədim dostluğu da varmış.

Müfəttiş

Uşaq yaddaşı güzgü kimi tərtəmiz olur, deyirlər. Elə o vaxtdan Yusifin siması yadımda qaldı. Niyə o qədər əsgərin, döyüşçünün içərisində onu yadımda saxlamışdım, onu da bilmirəm. Mən Yusifi bir də 2018-ci ildə yenidən şüşə arxasından gördüm. Bu dəfə isə “Nizami” kino mərkəzindəki nəhəng ekrandan. Rejissor Nizami Abbasın ekranlaşdırdığı “İgid əsgər” sənədli filmin nümayişi zamanı Yusifin simasını görən kimi tanıdım. Əvvəllər elə bilirdim ki, Yusifi özümdən uydurmuşam. O, mənim uşaq vaxtı, müharibənin ən pis vaxtlarında gördüyüm adam deyil. Amma bu reportaj hazırlanan zaman Yusifin bacısı ilə söhbət edəndə Nailə xanım da təsdiqlədi ki, Yusif həqiqətən də bir müddət müfəttiş işləyib, rayonlara uzun müddətli yoxlamalara gedib.

Yusifin müfəttiş işlədiyi vaxtdan çox illər keçmişdi. Ölümündən isə 26 il. Bu qədər vaxtda qardaş və ata itkisinin, yoxluğunu dərindən yaşayan iki insanla Yusif Mirzəyevin bacısı Nailə xanımla və atasının üzünü heç zaman görməyən, o rəhmətə gedəndə cəmi altı yaşı olan qızı Nurlana xanımla görüşəndə hər ikisinin də həyəcanlı, həm də ürəyi dolu olduqlarını hiss etdim.

Tale

Nailə xanımın evindəki dairəvi masanın ətrafına yığışanda həmişə qıvraq, çevik tərpənən Yusif sanki çərçivəyə salınmış şəklində darıxır, hövsələdən olurdu. O, şəkilindən bizə boylanır, bizimlə həmsöhbət olmağa çalışırdı. İlk olaraq söhbətə isə Nailə xanım özü başlayır:

“Müharibə başlanandan sonra çəkdirdiyi şəkillərin çoxunda elə hərbi paltarda olurdu. Həm bu geyimə olan münasibəti, həm də vaxtsızlıq ucbatından belə olurdu. Yusif mənə həm qardaş olub, həm də ata. Nəinki mənə, o biri bacı-qardaşlarıma da. Biz ailədə yeddi uşaq olmuşuq. Yusif gəncliyində çox çılğın, hamıya qarşı istəkli, istiqanlı oğlan idi. O, özünü sevdirməyi bacarırdı.”

Bu istiqanlı oğlan orta məktəbi bitirən kimi hərbi xidmətə yola düşür. Hərbi xidmətdən evlərinə qayıtdıqdan sonra isə poçtda işə düzəlir. Öz zəhməti ilə dolanan, ailəsinə qarşı həddindən artıq mehriban, qayğıkeş insan olan Yusifin ən böyük arzusu ali məktəbə daxil olmaq idi. Bir neçə il ard-arda o vaxtkı Xalq Təsərrüfatı İnstitutuna sənəd verən Yusif hər dəfəsində imtahandan kəsilərək Naxçıvana geri qayıdır. Bu inadkarlığın ardında isə Yusifin qonşu qızına olan məhəbbəti dayanırmış. İstədiyi qıza elçi göndərən Yusifin aldığı cavab onu məyus edir. Ailə Yusifin ali təhsilli olmamasını bəhanə gətirib, qızı ona vermir. Yusif özünə olan münasibətdən daha çox bacı dediyi anasına qarşı hörmətsizlikdən məyus olur. Anasına tapşırır ki, bir də o qızın qapısına elçiliyə getməsin. Həmin gündən qarşısına məqsəd qoyan Yusif gecələri oxuyur, gündüzləri isə işləyir. Prinsipiallığı onu arzusuna çatdırır. Yusif növbəti il Xalq Təsərrüfatı Universitetinə daxil olur. 1984-cü ildə isə anasını başqa qapıya elçi göndərir. Görüb bəyəndiyi qızla ailə həyatı qurur. Bu nikahdan onların Nurlana adlı qız övladları dünyaya gəlir. Nailə xanım qardaşının toy gününü belə xatırlayır:

“Yusifin toyu olan gün gəlini evə gətirəndə işıqlar söndü. Hər tərəf qaranlığa qərq oldu. Hamımız çox pis olduq. Həmin qaranlıq elə bil Yusifin taleyinin qaranlıq olmasına, ömrünün yarımçıq qalmasına işarə idi. Anam əllərini dizinə vurub ağladı. Mənim ürəyimə nəsə xal düşdü. Amma Yusif heç kimə əhəmiyyət vermədi. Məşəl düzəldib, yandırdılar, gəlini də məşəl işığında otağa apardıq. Bir ildən sonra onların bir qızı oldu. Biz onda dağa qalxmışdıq. Ordan qayıdanda bu xəbəri eşitdik. Yusif Ruslan adını çox sevirdi, çox istəyirdi ki, oğlu olsun, adını da Ruslan qoysun. Həmişə deyirdi ki, kaş mənim birinci oğlum olaydı. Amma sonra mənim oğlum dünyaya gələndə Yusif onu həmişə “Ruslan” deyə çağırdı.”

Ayrılıq

Cəmi bir qız övladı olan Yusifin taleyində ilk uğursuzluq başlanır. Qızının bir yaşı tamam olmamış həyat yoldaşı ilə Yusifin yolları ayrılır. Yusif Bakıya köçür. 1988-ci ildən ölkədə siyasi vəziyyət gərginləşir. Yusif Xalq Hərəkatına qoşulur. 90-cı illərdə xalq hərəkatına və 20 Yanvar faciəsi zamanı etdiyi etirazlara görə Bakı şəhər komendantı tərəfindən həbs edilir. Həbsdə işgəncələr gördüyü üçün böyrəkləri zədələnir. Cəbhəyə, Qarabağa gedən yol da elə bu zədələrdən başlanır.

Nailə xanım yaddaşının dolanbaclarına işıq tutaraq keçmiş günləri xatırlamağa başlayır:

“Günlərin bir günü Yusif gəldi ki, bacımgil bilməsin, mən cəbhəyə gedirəm. Onda onun Bakıda işi, vəzifəsi, restoranı vardı. Mən çox cəhd etdim ki, onu müharibədən saxlayım, razılaşmadı. Dedi, orda qanlı döyüşlər gedir, mənim burda oturmağım düzgün deyil. Demək olar ki, hər şeyini ataraq könüllü müharibəyə yollandı. Sonralar Bakıya ancaq bir məqsədlə gəlirdi ki, burdan əsgərlərə siqaret, ət, kolbasa alıb aparsın. Hamısını da öz pulu ilə alırdı. Bizə tapşırırdı ki, onları qablaşdıraq.”

Ana

Yusifin cəbhəyə gedişindən az sonra onun anasına bu barədə xəbər çatır. Elə həmin ərəfədə də Yusif yüngülvari yaralanır. Ana qarşısına məqsəd qoyur ki, cəbhəyə oğlunun yanına getməlidir.

“Anam qardaşımla birgə cəbhə bölgəsinə çatanda ordakı hərbçilərin hamısı dəhşətə gəlir. Anama deyirlər ki, - ay ana, bura ana-bacı yeri deyil. Burda quş quşluğu ilə qanad sala bilmir, ağır müharibə gedir. Yusif həmin vaxt Ağdərədə ön cəbhədə olub. Ona xəbər çatanda ki, posta bir qadın gəlib səni axtarır. Yusif deyir ki, o qadın ancaq mənim anam ola bilər. Elə həmin gün Yusif arxa cəbhəyə qayıdır. Anamı görən kimi sevindiyindən qucağına alıb fırladır. Həmin gün bəlkə də Yusifin həyatında ən xoşbəxt günü olur. Çünki o, anamı dəhşətli dərəcədə çox istəyirdi.”

Yusifin qızı Nurlananın həyat yoldaşı, hərbçi Samir bəy söhbətimizə qoşulur:

“1992-ci ildə Ağdərə əməliyyatı keçirilir və işğaldan azad olunur. Yusiflə bərabər onun batalyonundan olan on dörd nəfər Ağdərədən çıxmırlar. Yusif deyir ki, biz Ağdərədən çıxmayacağıq, buranı saxlamağa çalışacağıq. Həqiqətən də çıxmırlar. Gecələri bütün rayonun işıqlarını yandırıb, şəhərin müxtəlif yerlərində tonqal qalayırlar. Ratsiya vasitəsi ilə bizimkilərdən yuz əlli, iki yüz nəfərlik xörək sifarişi verirlər. Beləliklə də Ağdərənin erməni tərəfindən işğal olunmasına imkan vermirlər.”

Son güllə

Nailə xanım qeyd edir ki, Yusif həmin əməliyyatdan sonra Bakıya gələndə Ağdərə əməliyyatı zamanı ölümdən xilas olduğunu danışırmış:

“Ağdərə əməliyyatından sonra bizə gələndə dedi ki, bəlkə də məni anamın qıldığı namazlar, etdiyi dualar xilas etdi. Əsir düşsəydim, özümü vuracaqdım. Ondan sonra özü ilə həmişə bir güllə gəzdirirdi. Bir dəfə paltarlarını səliqəyə salanda həmin patronu Yusifin cibindən tapdım. Özündən soruşdum ki, bu nə üçündür? Dedi, sən bilməzsən, qoy yerinə. Onda möhkəm ağladım. Yusif məni aldatdı, dedi ki, ehtiyat üçün saxlayırıq, hamımızda olur. Bu patron son məqamda bir düşmən də olsa vurmaq üçündür. Sonralar isə dedi ki, həmin patronu özüm üçün saxlayıram. Son məqamda ələ keçməmək üçün... Biz onun üçün narahat olanda əsəbiləşirdi. Deyirdi mənim üçün narahat olmayın, körpə-körpə uşaqlar gedib ön cəbhədə qırılırlar. Əsgərlərinə qarşı çox diqqətli, həssas idi.”

Atasızlıq...

Bayaqdan sakitcə bizi dinləyən Nurlana xanım hiss olunur ki, danışılanların fonunda hərdən kövrəlir. Nəsə demək istəsə də susmağa üstünlük verir. Atanızı necə təsəvvür edirsiniz sualımdan sonra isə bir az da kövrəlir:

“Atamla anam bir-birlərini sevib ailə qurublar. Amma sonralar müxtəlif səbəblərdən onlar ayrılmalı olublar. Mən atamın üzünü heç vaxt görməmişəm. İki yaşım olanda atam müharibəyə gedib, altı yaşım olanda da şəhid olub. Amma həmişə içimdə belə bir hiss olub ki, sanki mən onu görmüşəm, tanımışam, sonra itirmişəm. Atamı yuxularımda da tez-tez görürəm. Toyum olanda o, yuxuda mənə xeyir-dua vermişdi. Bunu dəqiq xatırlayıram. Tək qalanda, köməyə ehtiyacım olanda həmişə atamı arzulamışam, onu axtarmışam. Mənə elə gəlir ki, atasız insan sıradan, adi bir insandır. Atasızlığın ağrısını çox yaşamışam. Hərdən ondan inciyirəm də. Fikirləşirəm ki, nə olur olsun, kaş ki, məni qoyub getməyəydi. Bibilərim ondan danışanda, elə bilirəm məndən bəhs edirlər. Xasiyyətimizdə oxşarlıqlar çoxdur. Hiss edirəm ki, yenilməzlikdə, inadkarlıqda, prinsipiallıqda ona bənzəmişəm. Amma bütün hallarda mən atamı daha çox şəkillərdən görüb tanımışam.”

Nailə xanım qardaşının son yadigarı olan Nurlananın sözlərini ürək ağrısı ilə dinləyir, hərdən işini çəkib, ağlamsınır:

“Ölənə yaxın Yusif elə yaraşıqlı olmuşdu ki... Baxmayaraq xəstə idi, böyrəklərindəki ağrılar onu incidirdi, amma çox qəşəngləşmişdi, kökəlmişdi. Yanvarın 28-də Yusif oğlumun ad gününə gəlmişdi. Ertəsi gün cəbhəyə getdi. Mən Yusifi son dəfə fevralın 4-də gördüm. Çox sevincliydi. Deyirdi, Nailə, nə qədər kəndimizi geri qaytarmışıq, hər şey yaxşı olacaq. Amma ona qədər Şəmistan (Şəmistan Əlizamanlı - S.Ə.) mənə zəng edib demişdi ki, Yusifi Bakıda işə düzəltmişik. Həkimlər də deyirlər ki, səhhəti ona cəbhə bölgəsində olmağa imkan vermir. Yusif isə cəbhədən qayıtmaq məsələsi ilə razılaşmadı. Son günlər daha da prinsipial olmuşdu, deyirdi bu erməni dığalarını yox edəcəyik.

Son döyüş

Arzusunu sona qədər yerinə yetirə bilmir. Bakıda ona təklif olunan vəzifədən imtina edir. Böyrəklərindəki ağrılar şiddətlənsə də, xəstəxanada uzun müddət qalmır, yüngül müayinədən sonra yenidən qarlı-şaxtalı cəbhə bölgəsinə, qanlı döyüşlərə yollanır. 1993-cü il fevralın 18-də tabeliyində olan döyüşçülərə son tapşırıqlarını verir. Döyüş yoldaşı İlqar Həsənova deyir ki, burdakı uşaqların başından bir tük əskik olsa, səni o dünyada bağışlamayacam. Bu sözlərin üzərindən cəmi bir gün keçir. Fevralın 19-da Yusif sonuncu əməliyyatını həyata keçirərkən şəhid olur. Onun ölümünü ailə üzvlərindən ilk bilən şəxs Bakıda yaşayan qardaşı Asif olur. Xəbəri Nailə xanıma çatdırmaq da onun ailəsinin boynuna düşür. Nailə xanım həmin günləri dəhşət və ağrı ilə yada salır:

“Fevralın 19-da qardaşımın yoldaşı zəng vurub dedi ki, Asif xəstələnib, bizə gəl. Taksi tutub onlara getdim, amma yolboyu Yusifi fikirləşdim. Bütün yolu ağladım. Mənə Asif xəstədir deyiblər, amma mən qorxurdum ki, birdən Yusifə nəsə olar. Ayın 20-də Yusifi qara qutuya qoyub, Naxşıvandakı evimizə gətirdilər. Ürəyim durmadı, qardaşıma dedim ki, bəlkə yalan deyirlər, tabutdakı Yusif deyil? Ona dedim ki, tabutu açaq baxaq, görək orda yatan həqiqətən də Yusifdirmi? Tabutu açanda qardaşım qoymadı mən Yusifin üzünə baxım, elə özümün də ürəyim gəlmədi. Ancaq ayaqlarını görə bildim. Yusifin ayağında həmişə onu incidən dərin yara yeri, mozol vardı. Əlimlə yoxladım, həmin yara yerini tapdım (ağlayır).

Anam din adamı idi. Amma Yusifin ölümü onu çox sarsıtmışdı. O, neçə dəfə özünü asmaq istəmişdi. Deyirdi ki, mən Yusifdən sonra yaşamaq istəmirəm. Ondan sonra toy səsi eşitsəm, diyar-diyar baş götürüb, qaçaram. Yeməkdən, içməkdən kəsildi. Atam deyirdi ki, bala, ananız özünü asıb öldürəcək, gözünüz üstündə olsun. Yusifin ili çıxandan sonra balaca qardaşımız avtomobil qəzasında həlak oldu. Ondan sonra anam sağ qalan övladlarından yana qorxdu. Dedi, mən çox kürlük etdim, allaha asi çıxdım. Qardaşımın qırxı çıxandan sonra anam xalama dedi ki, evdə xına var, get, onu islat, gətir balalarımın boynunun arxasına çək. Allah onları bir gecədə əlimdən alsa, mən neyləyərəm? Qorxu anamı yaşatdı. Amma Yusifin dərdi bu günə kimi də onun ürəyindədi. Yusif kimi oğulu itirmək ana-bacı üçün asan iş deyil. Əvvəllər mən özüm də Yusifdən danışanda çox ah-vay edirdim. Aradan xeyli vaxt keçib. İndi sanki Yusiflə fəxr ediləsi məqama çatmışıq. Hər zaman onun ruhundan kömək istəyirəm.

Yusif səliqə-sahmanı, qayda-qanunu çox sevərdi. Onun çox gözəl yumor hissi vardı. Pianinoda çox gözəl ifa edirdi, yaxşı səsi vardı, arada mahnılar oxuyurdu. Gəncliyində musiqi qrupunda da çıxış etmişdi. Evimizdə pianinoda akkord tutub çalırdı, Şəmistan da oxuyurdu. Sonra da qəhqəhə çəkib, gülürdü. Elə ürəkdən gülürdü ki, gözlərindən yaş gəlirdi. Amma təkliyə çəkiləndə çox qəmgin olurdu. Həmişə də çoxlu siqaret çəkirdi.

“İgid əsgər”

Nurlana xanım atasını daha çox şəkillərdən və çəkilmiş video görüntülərdən tanıdığını desə də, xəyalında bir ata portreti, ata obrazı yarandığını da vurğulayır.

“Şəmistan Əlizamanlı ilə atam yaxın dost olublar. Sonralar o, atamın istəyi ilə sözləri və musiqisi Şahin Musaoğluna aid olan “İgid əsgər” marşını atamın xatirəsi üçün ifa edir. Şəmistan müəllim atam haqqında danışanda həmişə yaxşı təəssüratlarla danışıb.

Bu həyatda ən böyük təəssüfüm onu görməmək, tanımamaqdır. Bu gün atam sağ olsaydı, inanıram ki, mənə qayğı göstərərdi, uşaqlarımı gəzməyə aparardı, çətin anlarımda məni köksünə sıxardı... Amma inanıram ki, onunla nə zamansa görüşəcəm. Ona görə də yaşadığım müddətdə yaxşı işlər görməyə çalışıram. Fikirləşirəm ki, cənnət, ya cəhənnəm deyilən yer varsa, o, mütləq cənnətdədir və mən bir gün onu orda görəcəm. Onuna söhbət etməyə ehtiyacım var. Çünki atasızlığın əziyyətini çox, lap çox çəkmişəm. Amma atamın adı mənim üçün həmişə işıq olub. Onun adını kim harda eşidibsə, həmişə mənim üçün, ailəm üçün əlindən gələni ediblər. İstər maddi, istərsə də mənəvi cəhətdən atamın adı həmişə dadıma çatıb. Onun dostları da mənə həmişə hörmətlə yanaşıblar. Onlar artıq iyirmi beş ildən çoxdur ki, atamdan ayrılıblar, amma bu qədər illərin ardında qalan dostluğu itirməməkdə bir böyüklükdür.

Anam da həmişə deyirdi ki, atam anasını həddindən artıq çox istəyirmiş. Nənəm Naxçıvandan Bakıya atamın yanına gələndə onun üçün gətirdiyi bağlamalara görə nənəmə acıqlanırmış ki, niyə belə ağır yüklə o qədər yol gəlmisən. Ümumiyyətlə, atam qohumcanlı, ailəcanlı adam olub. Mərhəmətli insan olub. İndi mən kiməsə kömək etmək istəyəndə mənə deyirlər ki, sən Yusifə oxşamısan. Ana nənəm həmişə deyir ki, uşaq olanda mən həmişə atamın canına and içirdim. Bunu, doğrusu, heç özüm də xatırlamıram.

Nişanə...

Əvvəllər kimin qızı olmağım mənə tam aydın deyildi. Amma universitetə qəbul olandan, özümü tanıyandan sonra onun qəbri üstünə getməyə, onu axtarmağa başladım. İndi qəbrinin üstünə gedəndə şikayətlənirəm də. İnanıram ki, o, məni qoruyur, pisliklərdən, çətinliklərdən. İndi deyəcəklərim, təbii ki, heç zaman real həyatda mümkün olmaz. Çünki atam bu dünyada yoxdur, yaşamır. Amma onu görsəydim, deyərdim ki, məni qoyub getməsin...

Oğlunun adını Yusif qoyan Nurlana xanım deyir ki, atamın nəvələri indi onunla fəxr edirlər.

“Məktəbdə öz babasının şəklini görüb, hamıya onun nəvəsi olduğunu desə də balaca Yusifə əvvəlcə heç kim inanmır. Amma sonradan hamı ona yaxınlaşmağa, onun dost olmağa can atır.”

Diktofona yazılan son səslər isə balaca Yusfin kövrək səsi olur: “Mən də babam kimi hərbçi olacam, onun yolunu davam etdirib, torpaqlarımızı qoruyacam!”