1599
16:01
02 Noyabr 2019

Bu peşə sahiblərinə verilən əməkhaqqı artacaq - BU TARİXDƏN

“Tibbi sığorta haqqında” qanuna əsasən 2020-ci il yanvar ayının 1-dən icbari tibbi sığorta bütün ölkə üzrə tətbiq olunacaq. Prosesə iki ay sonra start veriləcək. Bəs hazırda bu istiqamətdə hansı işlər həyata keçirilir? Ümumiyyətlə, proses necə tənzimlənəcək və əhali bu yeniliyin bəhrələrini hansı müddətdən sonra daha yüksək səviyyədə hiss edəcək?

Lent.az -ın mövzu ilə bağlı suallarını İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən cavablandırıblar. Öncə yeniliyin yaradılma prosesi xatırladılıb: “Məlum olduğu kimi, 2020-ci il yanvarın 1-dən icbari tibbi sığortanın (İTS) bütün ölkə üzrə tətbiqi məqsədilə keçən ilin sonlarında “Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilib və ölkə başçısı “Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərman imzalayıb. Fərmana uyğun olaraq “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs yaradılıb və bir çox dövlət tibb müəssisələrinin TƏBİB-in tabeliyinə verilməsi ilə bağlı qərar qəbul edilib. Agentliyin gördüyü ilk işlərdən biri “Tibb müəssisələrinin idarəedilməsinin təkmilləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması, habelə daha səmərəli idarəetmə üsullarının tətbiq edilməsinə dair təkliflər” sənədinin hazırlanması olub. Təkliflərə əsasən tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə 2020-ci ildən tibb müəssisələrində 20 keyfiyyət standartının tətbiq edilməsi nəzərdə tutulub. Sonrakı illərdə isə keyfiyyət standartlarının sayı artırılacaq. Bununla yanaşı, səhiyyə göstəricilərinin izlənilməsi və əhalinin sağlamlıq durumunun öyrənilməsi məqsədilə ilkin mərhələdə 16 indikatorun tətbiqi planlaşdırılıb. İndikatorlar səhiyyə xərclərinin analizi, maliyyə dayanıqlılığı, doğum və ölüm göstəriciləri və tibbi xidmətlərdən istifadə üzrə statistik məlumatları izləyəcək”.

Xidmətlər zərfi necə tənzimlənəcək?

Qeyd edək ki, ölkədə İTS-nin tətbiqini təmin edəcək vacib məsələlərdən biri də əhalinin sistem çərçivəsində yararlana biləcəyi xidmətlər zərfinin hazırlanmasıdır.

Agentlikdən bildirilib ki, sözügedən sənəd hazırda müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir: “Xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları, tarifləri, azadolma məbləği, o cümlədən dərman vasitələri ilə təminat şərtləri təsdiq olunduqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək. Qarşıya qoyulan mühüm vəzifələrdən biri də səhiyyə işçilərinin gəlirlərinin əmək bazarının tələblərinə uyğun tənzimlənməsidir. İTS-nin ölkədə tətbiqindən sonra tibb işçilərinin əmək haqları artacaq. Həkimlərin əmək haqları iki hissədən ibarət olacaq. Birinci hissədə həkimin aldığı aylıq məvacib Vahid Tarif Cədvəlinə əsasən sabit olacaq. İkinci hissədə isə həkimin göstərdiyi xidmətə görə onun əmək haqqına əlavələr olacaq. Hazırda “Həkimlərin əmək haqlarına əlavələrin hesablanması və ödənilməsi qaydaları” müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir”.

Əhalinin maarifləndirilməsi, eləcə də həkimlərlə işin təşkili istiqamətində hansı işlər aparılır?

Qurumdan bildirilib ki, ölkə əhalisini İTS barədə məlumatlandırmaq məqsədilə agentlik respublikanın müvafiq regionlarında maarifləndirici tədbirlər təşkil edib: “İlin sonuna qədər digər regionlarda və paytaxt Bakıda, eləcə də ali təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulub. Bundan başqa, vətəndaş cəmiyyətləri tərəfindən bu ilin avqust ayından başlayaraq respublikanın müxtəlif regionlarında, eləcə də Bakıda İTS barədə əhalinin maarifləndirilməsi istiqamətində tədbirlər keçirilib.

Eyni zamanda, İTS barədə çap materiallarının, videoçarxların hazırlanması və məlumatlandırıcı postların hazırlanaraq Agentliyin sosial şəbəkələrdəki səhifələrində paylaşılması istiqamətində də işlər həyata keçirilir.

Tibb müəssisələrinin İTS sisteminə keçidini təmin etmək məqsədilə tibb işçilərinin biliklərinin artırılması və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə bir sıra təlimlər keçiriləcək”.

Agentlikdən bildirilib ki, hazırda tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (İKT) infrastrukturunun qurulması üzrə işlər aparılır. Sözügedən fəaliyyət tibb müəssisələrində İKT-nin imkanlarından istifadə etməklə, İTS-nin məlumat bazasının, habelə müvafiq proqram təminatının yaradılması və geniş tətbiqi məqsədini daşıyır: “İnternetə çıxışın təmin olunması məqsədi ilə tibb müəssisələrinə fiber optik kabel xətti çəkilir, internetin təyin olunmuş məntəqələrə ötürülməsi üçün 106 tibb müəssisəsində kabelləşmə işləri artıq icra olunub. Ümumilikdə ölkə üzrə tibb müəssisələri 3092 ədəd kompüter avadanlığı ilə təchiz olunub. İlkin mərhələdə ölkə üzrə 200-dən çox tibb müəssisəsinin qəbul və qeydiyyat şöbələrinin işçiləri üçün İKT üzrə təlimlər həyata keçirilib. İkinci mərhələdə isə bu günədək 32 əsas tibb müəssisəsində təlimlər həyata keçirilib. Təlimlər ilin sonuna kimi davam etdiriləcək”.

İcbari tibbi sığortanın tətbiqindən nə qədər sonra əhali bunun bəhrəsini görəcək?

Agentlikdən verilən məlumata görə, İTS-nin ölkə üzrə tətbiqi uzunmüddətli prosesdir: “Tibb müəssisələrinin maliyyələşməsinin dəyişməsi, tibb işçilərinin yeni sistemə uyğun fəaliyyətlərinin tənzimlənməsi və əhalinin icbari tibbi sığorta çərçivəsində xidmət almasının, ümumilikdə isə yeni sistemin tətbiqinin zamana ehtiyacı var. Bu sistemin tətbiqi bir gün içərisində mümkün deyil. Digər ölkələrin təcrübələrinə nəzər yetirsəniz (Türkiyə, Estoniya, Xorvatiya, Litva və s.) tibbi sığorta sisteminin qurulması üçün 5-10 il vaxt lazım olub. Azərbaycanda İTS sisteminin qurulması müəyyən zaman çərçivəsində öz həllini tapacaq və əhali İTS-nin üstünlüklərindən faydalana biləcək”.

Qeyd olunub ki, hər bir vətəndaş tibbi yardıma ehtiyacı olduqda, ailə həkiminə, daha sonra isə tibb müəssisələrinin təcili tibbi yardım şöbələrinə müraciət edə biləcək: “Qanuna uyğun olaraq xidmətlər zərfinin baza hissəsi üzrə tibbi xidmətlər (ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti) dövlət büdcəsi hesabına göstəriləcək.

Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığorta haqqı ödənilməlidir. Müstəqil ödəyicilər (iqtisadi qeyri-fəal əhali və imtiyazlı əhali qrupuna daxil olmayan bütün şəxslər) üzrə sığortahaqqı 120 manat müəyyən olunub. İmtiyazlı əhali qrupu isə sığortahaqqı ödəməkdən azaddır. Əmək və ya mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda 18 yaşınadək şəxslər, 23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslər, pensiyaçılar, sosial müavinət almaq hüququna malik olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə doğuşdan sonrakı 42 gün müddətində qadınlar və Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar bu qrupa aiddir”.

Qeyd edək ki, bu güzəştlər yalnız Azərbaycan vətəndaşlarına şamil olunacaq.

Onu da əlavə edək ki, gələn ilin dövlət büdcəsi layihəsində sosial xərclər bu ilə nisbətən 8 faizdən çoxdur. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev mətbuata açıqlamasında bildirib ki, gələn ilin dövlət büdcəsi layihəsində sosial xərclər 38,6 faiz təşkil edir. Onun sözlərinə görə, səhiyyə xərcləri bu ilə nisbətən 340 milyon manat, yaxud 31 faiz artaraq 1 milyard 400 milyon manat təşkil edir: “Gələn ildən icbari tibbi sığortanın tətbiqi başlanacaq. Prosesdə əməkhaqqı fondundan və işləyən vətəndaşların əmək haqqından iki faiz olmaqla büdcəyə 600 milyon manatlıq əlavə vəsaitin daxil olması gözlənilir. Beləliklə, bütövlükdə gələn il səhiyyə xərcləri 2 milyard manatdan çox olacaq”.

Deputat bildirib ki, gələn ildən başlayacaq icbari tibbi sığorta prosessinin yaxın 3-4 il ərzində tam oturuşması planlaşdırılır. Onun szölərinə görə, icbari tibbi sığortadan sonra əhalinin səhiyyə xidməti üçün cibindən qeyri-rəsmi ödəməyə ehtiyac qalmayacaq: “Vətəndaşların səhiyyə xərclərini icbari tibbi sığorta tam olaraq qarşılayacaq. Ən bahalı əməliyyatları-ürək əməliyyatları, şutlama əməliyyatları, stendlərin qoyulması, orqan donorluğu və köçürülüməsi, süni mayalanma kimi əməliyyatları tibbi sığorta əhatə edəcək”.

Quliyev onu da vurğulayıb ki, təxminən 300 milyon manat səhiyyə sahəsində dövlət, yəni məqsədli proqramlara ayrılacaq: “Bura onkoloji xəstəliklər, vərəm, qan xəstəlikləri, talassemiya və digər xəstəliklər daxildir. Xərclərin bir hissəsi tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, bir hissəsi tibb işçilərinin əməkhaqqına yönələcək. Büdcədən səhiyyəyə ayrılacaq ümumi xərclərinin təxminən 75-80 faizi icbari tibbi sığortaya yönələcək”.