Suriya atəşkəsi: Kövrək saziş - TƏHLİL
18 oktyabr 2019 17:43 (UTC +04:00)

Suriya atəşkəsi: Kövrək saziş - TƏHLİL

Türkiyə Silahlı Qüvvələrinin Suriyada keçirdiyi "Barış bulağı" əməliyyatının 9-cu günü atəşkəs barədə razılıq əldə olundu. Bu razılıq barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın vitse-prezidenti Mayk Pensin görüşünün sonunda məlumat verildi. Görüşdən sonra keçirilən mətbuat konfransında Pens ABŞ və Türkiyənin Suriya probleminin həllində razılığa gəldiyini açıqladı. Pensin sözlərinə görə, PKK/PYD terror təşkilatı 120 saat içində Türkiyənin müəyyən etdiyi “bufer zona"dan çəkiləcək.
 
ABŞ prezidenti Donald Tramp da dərhal reaksiya verərək, razılaşmanı alqışladı. ABŞ lideri bildirdi ki, Türkiyənin təhlükəsizlik qayğılarını anlayır, rəsmi Ankara ilə anlaşmalardan məmnundur.
 
"Türkiyəyə qarşı sanksiyalar lazım olmayacaq, çünki anlaşma əldə edə bildik. Dostum, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür etmək istəyirəm. Aramızda bir problem olmamasından məmnunam, çünki o, böyük liderdir. Suriyanın şimalı üçün anlaşa bildik. YPG və digərləri Türkiyənin tələb etdiyi “bufer zonanı” 5 gün ərzində tərk edəcəklər. Türkiyənin böyük hərbi gücü var. Türkiyə bizim dostumuz və NATO üzvüdür.  Biz ABŞ olaraq savaş içində olmaq istəmirik. Xatırlayın, Barak Obama qısa müddətdə Suriyada yarım milyon insanın həyatını itirməsinə səbəb oldu. Eyni bölgədə biz çox can itkisi yaşamışıq. Mən çox sevinirəm, çünki ABŞ əsgərləri döyüşmədən ölkələrinə qayıdacaqlar. Prezident Ərdoğan çox ağıllı biridir. Aramızda olan anlaşmanın həyata keçirilməsini, öz xalqının təhlükəsizliyini istəyir. Suriyanın şimalından Türkiyəyə yönəlik bir çox aktlar həyata keçirilib, Türkiyədə bir çox insan öldürülüb. Bu heç ədalətli deyil, amma dünyada heç kim bundan danışmır", - deyə Tramp bildirib.
 
 “120 saatlıq atəşkəs” elan edilən kimi “Barış bulağı” əməliyyatı başlayan gündən danışmayan Bəşər Əsəd ilk sərt reaksiyanı verib.
 
Suriya Prezidenti Bəşər Əsədin müşaviri Buseyna Şaban da razılaşma ilə əlaqədar fikrilərini açıqlayaraq bəyan edib ki, Dəməşq kürdlərə muxtariyyət tələbini qəbul etməyəcək. Onun sözlərinə görə, hələlik bunun üçün heç bir əsas yoxdur: “Suriyanın  istənilən regionunda kürdlərin sayı çox deyil. Biz heç bir formatdan danışa bilmərik. Belə ki, Suriya çoxlu sayda etnik və dini qatlardan ibarətdir və biz deyə bilmərik ki, kimsə kürddür, kimsə başqa dindən. Kürdlərin əksəriyyəti bizim üçün cəmiyyətimizin dəyərli hissəsidir, lakin bəzi kürd təşkilatları ölkənin maraqlarına zidd olan siyasi qərar qəbul ediblər”.
 
Rəsmi Dəməşqin etirazını anlamaq olar. “120 saatlıq atəşkəs anlaşması” ilə Əsədə tabe olan ordu hissələri və Rusiyanın Fəratın şərqində irəliləməsi prosesi dayandırıldı. ABŞ bu məsələ ilə bağlı istəyinə nail oldu. Türkiyənin Fəratın şərqi və qərbi arasında kommunikasiya əlaqələrinin qarşısını alan bu razılaşma əslində Ankaranın sülh tərəfdarı olduğunu nümayiş etdirdi. Əslində, bu razılaşma ilə Ankara sərhədlərinə yaxın ərazidə terror dəhlizini təmizləmiş oldu. Lakin Türkiyənin M4 xəttindən cənuba irəliləməsi prosesi dayandırıldı. Bununla da, "Qərbi Kürdüstan" və "Böyük İsrail" planı yenidən işə düşə bilər. Qərb mətbuatı iddia edir ki, Türkiyə sərhədlərinə yaxın ərazinin etnik tərkibini dəyişdirə bilməyəcək. Ehtimal etmək olar ki, gələcəkdə kürdlərin çəkildiyi ərazilərə ərəblər köçürüləcək. Lakin bu prosesə ABŞ nəzarət edəcək.
 
Əslində, D. Tramp bütün siyasi karyerasını riskə qoyub. Bu baxımdan, o, “120 saatlıq atəşkəs ” anlaşmasının şərtlərinin reallaşmasına çalışacaq. Əks halda, iradəsiz və yalançı lider kimi amerikalı seçicinin gözündən düşə bilər. Tramp bütün gücünü Ankaranı bu plana razı salmağa yönəldib. ABŞ bu anlaşma ilə uğrunda savaş gedən əraziləri Əsədin nəzarətinə keçməkdən qorudu. “Bufer zona”dan PYD-nin çəkilməsi də problemi tam həll etmir. Vaşinqton düşünür ki, “kürd dəhlizi” İran, Suriya və Livan arasında bufer zona  kimi mövcud olmalıdır. Əslində, “ərəb baharı” ilə başlanan prosesin əsas məqsədi də elə bundan ibarət idi.
 
Razılaşmaya əsasən, hələlik Tükiyənin məqsədinə nail olduğunu söyləmək olar. Türkiyənin istəyinə uyğun olaraq terrorçular sərhədlərdən çəkilir, arzulanan təhlükəsiz zona yaradılır. Ancaq bu nəticə bugünlük belədir. Razılaşmada sual doğuran məqamlar kifayət qədərdir. “120 saatlıq atəşkəs” planındakı bəzi maddələrin Türkiyənin başağrısına çevrilə biləcəyini ehtimal etmək olar. Sazişin 6-cı maddəsində bildirilir: "Türkiyə və ABŞ terrorla mübarizə əməliyyatlarını yalnız terrorçularla apara bilər, mülkü şəxslər hədəf seçilə bilməz. Hərbi zərbələr yalnız  terrorçuların sığınacağı, silah, texniki vasitələrinin bazasına endirilə bilər, bu halda da əməliyyat Türkiyə və ABŞ-la razılaşdırılmalıdır". Məsələ ondadır ki, Türkiyə PKK/PYD-ni terrorçu təşkilat kimi tanıyır, ABŞ isə bu qruplaşmaları terrorçu hesab etmir. Bu maddə Türkiyənin əməliyyatlarını məhdudlaşdıra, Vaşinqton Ankaranın terrorçulara zərbə endirilməsinə razılıq verməyə bilər. İkinci təhlükəli məqam isə ondan ibarətdir ki, 7-ci maddəyə əsasən Ankara Türkiyə qüvvələrinin nəzarətində olan təhlükəsizlik zonasında yerləşən bütün bölgənin sakinlərinin toxunulmazlığı və təhlükəsizliyini təmin edəcəyinə dair öhdəlik götürür, mülki əhali və mülki infrastruktura ziyan dəyməməsi üçün maksimum səy göstərəcəyini vurğulayır. Bu maddəyə görə Türkiyə bir kəndin belə yerini dəyişə bilməyəcək və bu, bufer zonasının formalaşmasına mane olacaq. Vurğulayaq ki, Türkiyə və İraqdan gəlmiş bir neçə yüz PKK üzvünü istisna olmaqla, bölgədəki silahlı terrorçu qruplaşmalar suriyalı kürdlərdən ibarətdir. PYD-nin yüzlərlə üzvü mülki geyimdə təhlükəsizlik zonasına qayıda bilər və Ankaranın bu müqaviləyə əsasən, onları zərərsizləşdirməsi mümkün deyil. Bu isə gələcəkdə mülki qiyafədə olan terrorçuların təxribat və terror təhlükəsini artırır. Belə ki, imzalanmış müqaviləyə görə, Türkiyənin əməliyyat apardığı yerlər bəlli edilir, digər ərazilərdən isə PYD-nin çıxarılmasını Ankara Moskva və Əsədlə razılaşdırmalıdır.  Unutmaq olmaz ki, burada söhbət kiçik bir ərazidən deyil, Türkiyə boyu sərhəddən gedir.
 
Bir sözlə, “kürd dəhlizi” təhlükəsi aradan qalxmır. Unutmaq olmaz ki, Suriyanın  şimalında Türkiyə üçün böyük təhlükə olan PKK/PYD terror təşkilatına 900 TIR-dan artıq silah-sursat verməklə güclü ordu formalaşdıran Vaşinqtonun məqsədi ilk gündən elə bu idi. Trampın siyasəti bəllidir: Vaşinqton Çin, Rusiya, İran və Türkiyə ilə qarşıdurmaya gedir. Trampın strategiyası rəqib meydanında oynamağa hesablanıb. Suriyada ABŞ-la üz-üzə gələn Rusiyanın sıxışdırılması və Şərqi Avropada, Rusiya sərhədlərində yeni toqquşmaya hazırlıq getməsi də Tramp siyasətinin məqsədidir. Hazırkı situasiyada nə Çin, nə də Rusiya Yaxın Şərqdə ABŞ-a əngəl törədəcək vəziyyətdədir. Lakin Türkiyə və İran hələ də bölgənin mühüm oyunçusudur. Əsas rəqiblərini neytrallaşdıran, yaxud buna tədricən nail olan ABŞ “müstəqil Kürdüstan” gedişi ilə həm Ankaranı, həm də Tehranı küncə sıxmaq istəyir.
 
Suriyada şimal bölgəsində PKK/PYD-nin nəzarət etdiyi ərazilər de-fakto “Kürdüstan”a daxil edilir və beləliklə, Aralıq dənizinə çıxacaq “kürd dəhlizi”nin yaranması real görünür.  ABŞ Şimali İraqdan Aralıq dənizinə qədər kürdlərin nəzarət etdiyi dəhliz formalaşdırmaq niyyətindədir. Suriyanın şimalında PYD-nin məhv edilməsinin qarşısının alınması da buna hesablanıb. İki il öncəyə qədər İraq sərhədindən başlamış Kobaniyə qədər bölgə PYD-nin əlində idi. Kobanidən başlamış Türkiyənin Öncüpnar sərhəd-keçid məntəqəsinə qədər ərazi İŞİD-in, Öncüpnardan  Afrinə qədər olan kiçik ərazi Türkiyənin, Afrin isə yenə PYD-nin nəzarətində idi. Lakin İŞİD heç bir güllə atmadan Suriyanın mərkəzinə - Rakkaya doğru çəkildi, bununla da PYD-nin irəliləməsinə şərait yaratdı. Həmin vaxt Türkiyə “Fərat qalxanı” əməliyyatı ilə Əl-Baba girdi və PYD-nin Fərat çayından keçməsinə imkan vermədi. Beləliklə, “terror dəhlizi” adlanan layihənin qarşısını aldı, lakin Ankaraya olan təzyiqlər “terror dəhlizini” tam aradan qaldırmağa imkan vermədi.
 
Aralıq dənizinə çıxış ABŞ üçün önəmlidir. Ərbilin nəzarətində olan neft bu dəhlizdən keçərək, Aralıq dənizinə, oradan da Avropaya daşınır. Kərkükün neft  ehtiyatları 8,7 milyard barel miqdarında qiymətləndirilir. İraqın Bəsrə bölgəsi ilə yanaşı, ən zəngin təbii sərvətlərə malik şəhəridir. Hesablamalara görə, İraq neftinin 40 faizə qədəri məhz Kərkükdə yerləşir.  Şəhər türkmənlərin tarixi torpaqlarıdır, lakin hazırkı demoqrafik vəziyyət kürdlərin xeyrinə dəyişib.
 
Türkiyənin cənubunda “kürd dövləti” yaranarsa, “Yeni Yaxın Şərq planı” baş tutmuş sayılacaq. Bununla, Türkiyənin ərəb dünyasına çıxışı bağlana bilər, Ankaranın 2023-cü ildən sonra “Yeni Türkiyə” planına hesablanan ərəb siyasətinin önündə keçilməz baryer formalaşa bilər. Bu, həm də Türkiyənin Yaxın Şərqə müdaxiləsini dayandırmaq və indiki mərhələdə regional güc potensialını sıradan çıxarmaq anlamına gəlir.
 
“Kürd dəhlizi”nin digər əsas hədəflərindən biri də təbii ki, Suriyada davam edən müharibədir. ABŞ İraq neftinin demək olar ki, yarısını Bağdadın nəzarətindən kənar, təhlükəsiz şəkildə Avropa bazarına çıxarır, Türkiyə qarşısında onun əvəzinə döyüşəcək “dövlət” yaradır, həm də Suriyanı parçalayır. ABŞ Suriyada apardığı savaşda oyunçuları dəyişdirir: PYD İŞİD-i əvəzləyir, lazım gəldiyində isə PYD-ni də təkfirçi dini qruplar əvəzləyir. “Kürdüstan” ideyası Türkiyəyə sərhədlərində deyil, sərhədlərin içində də problem yarada bilər. Türkiyənin cənub bölgəsində yaşayan və özlərini “Kürdüstan dövləti”nin nümayəndəsi hesab edən kürdlərə də “yaşıl işıq” yandırılacaq. Təbii ki,  həmin bölgədə terrora dəstək verməyən kürdlər çoxluq təşkil edir, amma sərhədin əks tərəfində, qonşuluqda “Kürdüstan”ın elanı müəyyən mənada onlara da təsir edə bilər. Hətta mövcud vəziyyət dəyişməsə belə, “kürd dövləti” PKK-nın Türkiyə daxilindəki hücumlarını artırmasına və separatçılıq meyllərinin güclənməsinə səbəb olacaq.
 
Hədəfdə Türkiyənin daxildən vurulması da var və bu baxımdan, Ankara “Barış bulağı” əməliyyatını istənilən halda davam etdirməli olacaq. "120 saatlıq atəşkəs" rejimindən sonra, əgər Türkiyəni gözləyən təhdidlər aradan qalxmazsa, Ankara haqlı olaraq əməliyyatları bərpa edə bilər. Prezident Ərdoğan da bu gün verdiyi açıqlamalarında Türkiyənin istəkləri yerinə yetirilməsə, hərbi əməliyyatlar davam etdiriləcək.  
 
APA Analytics
# 621
avatar

Oxşar yazılar