Azərbaycanda internetin sürəti ilə bağlı <span style="color:red;">MÜƏMMA  - Nazirlik inkar edir
18 oktyabr 2019 18:01 (UTC +04:00)

Azərbaycanda internetin sürəti ilə bağlı MÜƏMMA - Nazirlik inkar edir

Böyük Britaniyanın "Cable" şirkətinin araşdırmalarına görə, Azərbaycan internetin sürətinə görə 207 ölkə arasında 141-ci yerdədir. Belə ki, ölkədə internetin orta yükləmə sürəti 3.1 Mbps-dir və bu göstərici dünya üzrə orta internet sürətindən də aşağıdır.
 
Maraqlıdır, hesabatdakı məlumatlar həqiqəti əks etdirirmi? Hazırda ölkədə internetin sürəti nə qədərdir? 
 
Mövzu ilə əlaqədar Lent.az-ın sorğusuna cavab olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) bildirilib ki, nazirliyin müvafiq qurumları şəhər əraziləri və regionlar arasında rəqəmsal fərqin azaldılması, informasiya cəmiyyətinin inkişafı istiqamətində ardıcıl tədbirlər görür:
 
“Həyata keçirilən işlər nəticəsində hazırda əhalinin 80 faizi internet, 73 faizi isə genişzolaqlı internet istifadəçisidir. “Cable.co.uk” təşkilatının təqdim etdiyi statistik göstəricilər subyektiv xarakter daşıyır və ölkə üzrə internetin tam mənzərəsini əks etdirmir.
 
Bununla yanaşı, qeyd edək ki, statistikaya nəzər saldıqda, ölkədə internet sürətinin orta göstəricisinin əvvəlki illərə nisbətən artdığı müşahidə olunur.
 
Eyni zamanda, təşkilat tərəfindən araşdırma aparılan ölkələrin sayının ildən-ilə artdığı nəzərə alınmalıdır.
 
Məlumat üçün bildirək ki, Bakı şəhərində mənzillərə yüksək sürətli internet xidməti verilməsinə imkan yaradan (GPON) texnologiyanın tətbiqi ilə fasiləsiz və keyfiyyətli telekommunikasiya xidmətlərinin göstərilməsi istiqamətində işlər həyata keçirilir. Bu texnologiya vasitəsilə istifadəçilər mənzilədək çəkilmiş fiber optik xətt ilə həm telefon, həm internet, həm də televiziya xidmətlərini əldə edə bilirlər.
 
Vətəndaşlara simsiz yüksək sürətli internet xidməti verilməsini təmin edən LTE texnologiyası vasitəsilə də müasir telekommunikasiya xidmətlərinin göstərilməsi üçün müvafiq layihənin icrası davam etdirilir”.
 
Məlumatda bildirilib ki, regionlarda genişzolaqlı internet xidmətlərinin göstərilməsini genişləndirmək üçün ATS-lərdə genişzolaqlı internet avadanlıqlarının və telefon şəbəkəsinin montaj tutumları tələbata uyğun olaraq artırılır:
 
“Regionların telefon şəbəkəsi üzrə DWDM/MPLS şəbəkəsinin qurulması üçün layihə hazırlanıb, podratçı şirkətlə müqavilə bağlanıb və yaxın dövrdə şəbəkənin qurulması nəzərdə tutulur. Layihənin əsas əhəmiyyəti yüksəksürətli transmissiya şəbəkəsinin qurulması, şəbəkənin dayanıqlılığın təmin edilməsi, şəbəkənin tutumunun 100 Gbit/s-yə çatdırılması və bütün qovşaqlar üzrə yüksəksürətli internetin təmin olunmasıdır”.
# 1940
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar