436
15:48
23 Sentyabr 2019

Bakıda zibil problemi: "Cəzalar sərtləşdirilsin"

“Ətraf mühit üçün tullantıların çeşidlənməsinin tətbiqi müsbət haldır”.
Bu sözləri Lent.az -a Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin direktoru, ekoloq Telman Zeynalov deyib. O bildirib ki, tullantıların çeşidlənməsi baş tutarsa, su, torpaq, eləcə də hava təmiz olacaq:

“Ancaq çeşidlənmə prosesinin tətbiqində avadanlıqlar alıb ölkənin hər bir yerinə paylanılması ilə bu iş baş tutmayacaq. Bununla bərabər, mütəmadi olaraq televiziyalarda, mediada tullantıların necə çeşidlənməsi geniş izah edilməlidir.

Təəssüf ki, bizim xalq qanuna əməl etmir və həmişə də buna çalışır. Ona görə də cəzalar sərtləşdirilməlidir. Əvvəlcə iş yerləri açılmalı, sonra qoyulan konteynerlərin yanında bir-iki nəfər işlə təmin olunmalı və insanlara nəzarət etməlidir. Bundan sonra isə kimsə əgər tullantını düzgün yerə atmasa, ona cərimə yazılmalıdır. Düşünürəm ki, dediklərim baş tutarsa, bu sahədəki problemlər həllini tapacaq”.

T.Zeynalov əlavə edib ki, neçə ildir Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti ilə əməkdaşlıq edir:

“Bu çərçivədə gənclərə, tələbələrə tullantılarla nələr düzəldilə bilməsinin mümkünlüyünü bölüşürəm. Onlara deyirəm ki, tullantılarla hətta cihazlar da düzəltmək olar. Hazırda gənclərin bir hissəsi işsizdir. Bu sahədən olduqca çox pul qazanmaq mümkündür. Bu isə maarifləndirmənin hərtərəfli aparılmasından sonra baş tuta bilər”.

Bir neçə gün əvvəl mediaya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev bildirib ki, yaxın vaxtlarda bütün ölkə üzrə tullantıların çeşidlənməsinin tətbiqinə başlanılacağı gözlənilir.

O əlavə edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ötən ildən tullantıların toplanması üçün xüsusi konteynerlər hazırlamağa başlayıb. Həm plastik, həm də emal üçün yararlı olan digər tullantıların toplanması ilə bağlı artıq 37 şəhər və rayonda 200-dən çox konteyner istifadəyə verilib:

"Təkrar emal müəssisələri çeşidlənmiş tullantını qəbul etməyə hazır olur. Əgər tullantı çeşidlənmirsə, onun təkrar emalı da çətin olur".