Müşfiq Hətəmov “Azərbaycanfilm”dən getdi, yerinə təyinat oldu
18 sentyabr 2019 09:39 (UTC +04:00)

Müşfiq Hətəmov “Azərbaycanfilm”dən getdi, yerinə təyinat oldu

 “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov vəzifəsindən azad edilib. Lent.az-ın məlumatına görə, onun yerinə kinorejissor Cəmil Quliyev təyin olunub. Müşfiq Hətəmov məlumatı Lent.az-a təsdiqləyib: “Sadəcə, işdən çıxarılmamışam, öz ərizəmlə gedirəm. Nazirlikdə sektor müdiri kimi fəaliyyətim davam edəcək.”

Qeyd edək ki, Əməkdar incəsənət xadimi, kinorejissor, ssenarist Cəmil Elşad oğlu Quliyev Azərbaycan Dövlət Film Fondunun direktoru, Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının direktoru, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifələrində çalışıb. Bu təyinatadək (2018-ci ildən) Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun müdiri vəzifəsində işləyirdi. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur.

Müşfiq Hətəmov ADMİU-nin dram və kino aktyorluğu fakultəsini bitirib. 1992-2002-ci illərdə Əhməd Cavad adına Bakı Mədəni Maarif Texnikumunda gənc nəslə rejissor və aktyor sənətini tədris edib. 2002-ci ildən 2006-ci ilə qədər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində inspektor, 2006-cı ildən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsində filmlərin dövlət reyestri sektorunun müdiri, 2010-cu ildən isə Kinematoqrafiya şöbəsinin müdir müavini vəzifəsində çalışıb. 2011-ci ilin dekabr ayından C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına rəhbərlik edirdi.

# 1676
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar