1124
20:15
11 Sentyabr 2019

Bakıda ən çox kimlər ŞANTAJ OLUNUR? - Rüsvay ediləcəklərindən qorxanlar bunlara məcbur qaldılar

Müğənni Səfa Məmmədov şantaj cinayəti ilə bağlı əvvəlcə məhkum ounlsa da, yenə bu əməldən çəkinməyib. İki gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri şantaj edərək pul aldığına görə növbəti dəfə məhkum edildi, bu dəfə - 5 il 6 ay müddətinə.
Şantaj əməli onun həyatında bir dəfə ağır cəzaya səbəb olsa belə, o bundan əl çəkə bilmir...
Son günlərdə insanları video görüntülərlə şantaj edənlərin sayı kifayət qədər artıb. Lent.az -ın əməkdaşının bu istiqamətdə apardığı araşdırma zamanı bəlli oldu ki, ölkədə nə qədər insan bu iyrənc əmələ əl ataraq pul tələb edib. Bu elə cinayət növüdür ki, sayəsində hətta böyük şirkət, holdinq rəhbərləri iflasa uğrayır, ailələr dağılır.
Adı çəkiləndə qorxunc, neqativ təsir bağışlayan, hamının ehtiyat etdiyi bu cinayətlərin artmasının təsdiqinə Daxili İşlər Nazirliyinin 2019-cu ilin birinci yarım ilinə aid olan statistik təhlilində də rast gəlirik. Bu təhlilə görə, hədə-qorxu ilə tələb etmə cinayətləri 9 fakt artıb. Həmçinin, baş verən hadisələrin 94.4 faizini üstünün açıldığı bildirilir. Bəs ölkədə bu baxımdan durum necədir? Həmin cinayət məcəllənin hansı qanunları ilə tənzimlənir?
“Milli Hüquq Evi”nin rəhbəri, hüquqşünas Nicat Gözəlov ölkənin kriminogen durumunun bu sarıdan bərbad olduğunu bildirib. Onun sözlərinə görə, bu kimi hallar savadsızlıq və insanların bir-birinə hörmətsizliyindən irəli gəlir:
“Şantaj cinayətləri ilə bağlı ölkədə durum çox bərbaddır. İnsanlarımız təəssüf ki, bir-birinə qarşı şantajedici məlumatlar toplamaq istəyir. Bu da savadsızlıqdan, maarifsizlikdən, Azərbaycan televiziya və radiolarının, sosial şəbəkələrin verdiyi töhfələrdən irəli gəlir. Konstitusiyada vətəndaşların həm azadlıq, həm informasiya təhlükəsizliyi hüququ var. Həmçinin, insanlara məxsus məlumatların icazəsiz bir yerdən başqa yerə ötürülməsi qadağandır. Bu barədə Cinayət Məcəlləsinin həm ümumi, həm xüsusi hissəsində müddəalar var. Əgər kimsə şəxsin ailə və digər foto və ya videolarını çəkibsə, onun razılığı olmadan kiməsə ötürübsə, əsasən də qarşılığında nə isə tələb edərək və ya gələcəkdə nə isə əldə etmək məqsədi güdürsə, bu artıq şantajdır. Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən, şəxsin məlumatları götürülərək rüsvayedici motivlərlə nə isə tələb etmək məqsədilə kiməsə ötürülürsə və ya paylaşılırsa, cinayət tərkibi yaradır. Cinayət əməli sadə tərkibdə 3 ildən 5 ilə , mürəkkəb tərkibdə isə 15 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bundan başqa, əgər kimsə şantaj cinayətinin baş verməsinə kömək edirsə bu da məsuliyyəti artıran əməldir”.
Nicat Gözəlov onu da deyir ki, Azərbaycanda şantaj əməlinə baxan hakim, digər vəzifəli şəxslər belə bu cinayətin qurbanına çevriliblər. Həmsöhbətimiz ad çəkməsə də, ölkədəki bir hakimin şantaj vasitəsilə verdiyi qərarı dəyişdiyini söylədi. O, buna, sadəcə məcbur edilib. Bundan əlavə, hüquqşünas sosial şəbəkə hesablarının sındırılaraq məlumatların oğurlanması ilə bağlı da Cinayət Məcəlləsinə norma əlavə olunduğunu söyləyib:
“Vətəndaşın şəxsi məlumatlarından əlavə dövlət əməkdaşlarının verdiyi qərarları dəyişmək məqsədilə edilən şantaj əməlləri də çox yayılıb. Şantaj əməlləri üçün məsuliyyətə cəlbolunma primitiv tədbir kimi 14 yaşdan nəzərdə tutulub. İnsanlar bu barədə maariflənsin, bir-birinə hörmətlə yanaşsınlar ki, bu tipli cinayət əməllərindən uzaq olsunlar. Onu da deyim ki, son illərdə saxta profil yaradaraq başqasının məlumatlarını oğurlamaq halı ilə bağlı Cinayət Məcəlləsinə yeni norma daxil edilib. Artıq kiminsə sosial şəbəkə hesabını sındırıb şəxsi məlumatlarını oğurlayanlar da məsuliyyətə cəlb olunurlar. Konstitusiyanın 32-ci maddəsinin 3-cü bəndinə görə, şəxsin izlənməsi, məlumatlarının toplanması qadağandır. Ancaq əməliyyat-axtarış və istintaq tədbirləri istisnadır”.
Hüquqşünas Anar Bayramov isə Azərbaycanda bu hallara daha çox qadınların məruz qaldığını bildirib. Hüquqşünas mərhum reper Anar Nağılbazın başına gələni də misal olaraq göstərib: “Azərbaycanda qadınlar, xüsusilə də evli və nüfuz sahibi olanlar kişilərə nisbətən bu cinayətdən daha çox əziyyət çəkirlər. Bunun da misalı sevgili olma prosesi zamanı baş verir. Çəkilən fotolar ailə üzvlərinə göstərilməsin deyə, həmin qadınlardan, yaxud kişilərdən pul tələb edirlər. Məsələn, mərhum reper Anar Nağılbazın başına gələni göstərmək olar. Onu da yaddan çıxarmayaq ki, dövlətin açıqladığı cinayət statistikası cəmiyyətdəki real hadisələrin sayı ilə tam uyğun olmur. Çünki hüquq sahəsində “latent”, yəni gizli cinayətlər də var ki, zərərçəkənlər hüquq-mühafizə orqanlarına məlumat vermirlər. Baş verən 10 şantaj hadisəsindən 2-3-ü barədə polisə ərizə ilə müraciət edilir və nazirliyin statistikasına düşür. Təəssüf ki, gizli şantaj cinayətlərinin sayı çoxdur. İnsanlar cəmiyyət arasında nüfuzdan düşməkdən qorxaraq cinayətkarın tələblərini yerinə yetirirlər”.
Anar Bayramov ölkədə gizli qalan şantaj əməllərinin səbəblərinin dini və mental dəyərlərlə bağlı olduğunu vurğulayıb: “Təbii ki, həmin cinayətlərə adekvat cəza tətbiq edilmədikdə onlar daha da şirnikləşir, özlərinə yeni qurbanlar axtarırlar. Cəmiyyət varsa, cinayət də var. Ancaq qonşu ölkələrlə müqayisədə ola bilsin ki, gizli cinayətlərin sayı bizdə daha çoxdur. Bu da dini, mentalitet faktorlardan irəli gəlir. Xüsusilə də əhali faktoru, demoqrafik vəziyyət gizli cinayətlərin sayına təsir edir. Belə ki, şantaj cinayətlərinə əhalinin rifah səviyyəsi yox, say faktoru önəmli rol oynayır. Bu kimi halların qarşısının alınması insanların özündən asılıdır. İnsanlar ehtiyatlı olmalı, şəxsi məlumatlarını hər adamla bölüşməməlidir”.
“Müvəkkil” hüquq evinin rəhbəri Səməd Vəkilov da şantaj cinayətlərinin açılma faizinin digər cinayətlərə nisbətən az olduğunu vurğulayıb: “Hədə-qorxu ilə tələbetmə Cinayət Məcəlləsinin 182-ci maddəsində əks olunub. Mülkiyyət əleyhinə cinayətlər kateqoriyasına aiddir. Azərbaycanda şəxsi həyatla bağlı məlumatların toplanıb qarşılığında mənfəət güdmək məqsədilə yayılması daha çox yayılıb. Bu növ cinayətlərin hətta vəzifəli şəxslərə də qarşı törədilməsinə rast gəlinib. Bu barədə cinayət işləri həyata keçirilib və ictimaiyyətə məlumatlar verilib. Cinayət Məcəlləsinin 182-ci maddəsinin sanksiya hissəsində bu əməli törədənlərə 5 ildən 10 ilədək cəza nəzərdə tutulub. Daxili İşlər Nazirliyinin statistikasına baxsaq görərik ki, bu cinayətlərin digər cinayətlərə nisbətən açılma faizi aşağıdır”.
Mehman Nəbiyev