4414
12:17
06 Sentyabr 2019

“Qocalar evi”ndə evlənən rəssam: “Məni görən gözü yoxdur...” - REPORTAJ

III YAZI

Həyat insana qınamamağı öyrədir. Bir vaxt kimisə atdığı addım, verdiyi qərar üçün qınayırsan, mən heç vaxt bunu eləmərəm - deyirsən, yaxud, düşünürsən. Həyat səni dolandırıb o atdığı addımın, verdiyi qərarın düz astanasına gətirir. O zaman həmin adamın nə yaşadığını, niyə o addımı atdığını çılpaqlığı ilə görürsən, yaşayırsan, anlayırsan. Heç vaxt eləmərəm - dediyini xatırlayıb, bu dəfə özünü qınayırsan. Kimsəni qınamamağı öyrənirsən. Heç vaxt etmərəm - demədən, heç kimi qınamadan oxuyun bu reportajı, lütfən.

Camaat o yerə “Qocalar evi” deyir. Dövlət “Müharibə və əmək əlilləri üçün pansionat” adlandırıb. Bilgəh qəsəbəsində, dəniz kənarında ötən əsrin 60-cı illərindən fəaliyyət göstərən bu pansionatda 235 nəfər ahıl yaşayır, hamısının da yaşı 65-dən yuxarıdır.

***

Deyir, təzyiqim də qalxıb, şəkərim də.

- Demək ikisi də var sizdə?

- Hə, ikisi də... Dünən bir gilə üzüm yedim.

“Yeməyin”, deyirəm, - “ikisinə də ziyandır, amma yeyirsiniz”.

- Bəs nə yeyim, nəfsim də çəkir, nə ömür qalıb e, onu da o olmaz, bu olmazla başa vuram.

Elmira xanımla Davud bəydir həmsöhbətim. Yaşı 70-i keçmiş adamlardır. Burda evləniblər, “Qocalar evi”ndə. Davud bəy rəssamdır. Riqada rəssamlıq məktəbini bitirib, uzun müddət orda yaşayıb. Bakıya qayıdandan sonra gəlib çıxıb bura. Necə olub, özü danışacaq. Hələlik xanımı ilə söhbət edirik. Davud bəy yaxında səssiz-səmirsiz əyləşib. Söhbətin ortasına Elmira xanım Davud bəyin saçını niyə səliqəyə salmadığını ona irad tutur. Bütün qadınlar kimi, ərinin saçı da onun nəzarəti altındadır. Kişinin heç nə demədiyini görüb, mən deyirəm ki, fikir vermə, rəssamın saçı elə pərişan olar. Hər ikisi gülür.

- Harda doğulmusunuz Elmira xanım?

- Nə fərqi var, harda doğulursan-doğul, adam doğul, adam ol. Mənim kiçik qızımın rəfiqəsinin əri rəssamdır – söhbətin yönünü dəyişir. İnanırsınız, onun üst-başı həmişə boyalı olur. Rəsm çəkdiyi boyaları elə bil pal-paltarına da yaxır.

- Qarabağlıya oxşadıram sizi (söz almaq üçün ilk ağlıma gələn sual bu oldu)

- Yox, Bakıdanam.

Əminəm, səmimi olmadı, amma incitmək istəmədim bu barədə daha bir sual verməklə. Görünür, belə lazım bilir.

- Kiçik qızım dediniz bayaq, neçə övladınız var ki?

- Üç qızım var.

- Bakıda yaşayırlar?

- Hə.

- Gəlirlər yanınıza?

- Hərdən gəlirlər, qoymuram e, deyirəm bura şəhərdən uzaqdır, özünüzü yormayın, nə var gəlirsiniz.

- Bəs, nəvələrinizi ürəyiniz istəmir, yoxsa ona da dözürsünüz, təki əziyyət çəkməsinlər?

- Yox e, şəkərəm e mən, çox adam başa düşmür o nədi. Başım səs götürmür. Sağlam adam xəstəni anlamaz. Halım yoxdur uşaq səsinə dözməyə, başım götürmür. Əsəbiyəm, bir söz deməyə bənddi yazıq Davudun canına daraşıram.

Üzümü Davud bəyə tuturam:

- Siz də dözürsünüz də, qadına güzəştə gedirsiniz? Əlac yoxdur...

Dodaqucu gülümsəyib, başının işarəsi ilə təsdiqləyir. Elmira xanım “barmaqlarım tutmur” - deyir: “Davud hər işdə kömək edir mənə, bir yerdə bişirib yeyib-içib sonra da qabları yuyuruq. Qolumdan tutur gedirik poliklinikaya”.

- Davud bəy, bunları sevərək edirsiniz, yoxsa məcbursunuz?

- Sevərək edirəm.

Elmira xanım:

- Onunla evlənəndə sağlam adam idim.

- Neçə ildir evlənmisiniz?

Elmira xanım:

- 15 ildir. Mən dünyanın hər yerini görmüşəm. Birinci ərim hər yeri gəzdirib məni. O qədər qır-qızıl alardı ki mənə. O öləndən sonra evim dağıldı. Yaxşı ki, qızların ikisini ərə vermişdim, axırıncı yanımda idi, universitetdə oxuyurdu. Qızlarım üçü də oxuyub. Sonra onu da köçürdüm.

- Qızılları da böldünüz aralarında?

- Dağıtdım, hamısını verdim. Ərimin sexi vardı, toxuculuq, yun sexi, boya sexi. O qədər yetim-yesir saxlamışıq ki. Xeyriyyə işləri görmüşəm.

- Deyirlər, həyat bumeranqdır, yaxşılıq da, pislik də özünə qayıdır. Bəs, gördünüzmü yaxşılıqların qarşılığını?

- Mənə nə lazımdır ki. Oturmuşam, hər rahatlığım var, heç nə lazım deyil mənə. Uşaqlarımdan heç vaxt pul istəməmişəm, hər şeyimi onlara vermişəm.

Bu yerdə Elmira xanımla söhbəti saxlamaq istəyirəm. Məncə, deyildi hər şey. Şərhə də ehtiyac görmürəm. Buranın sakinlərinin söhbətləri həyatı bütün çılpaqlığı ilə açıb göstərir. Elmira xanım deyir, 2000-ci ildən burdayam. Davud bəy isə 2003-dən. Keçək Davud bəyə. Elmira xanım imkan versə... Başlayır onun əvəzindən danışmağa. Deyir, onun heç kimi yoxdur. Dünyanın da hər yerini gəzib.

- Dünyanın hər yerini gəzmisiniz?

– Almaniyada olmuşam...

Yenə sözünün Elmira xanım kəsir:

– Misirdə olub. Mən də muzeylər gəzmişəm, Davud da. Həm də boksçudu Davud.

Bu yerdə Davud bəy dözə bilməyib, irad tutur: “Sən danışanda mən susdum, imkan ver, biz də danışaq, lazımsız sözlər deyirsən”.

Elmira xanım “yaxşı, səni dindirmək olmur” - deyə küsüb, gedir.

- Riqa gözəl şəhərdir - deyə, Davud bəy söhbətə başlayır - beş il oxudum orda.

- Niyə qalmadınız bəs, o gözəl şəhərdə?

- Elə peşmanam. Ordan gələndən ancaq stress yaşadım. Oranı unuda bilmədim, adaptasiya ola bilmədim bura. Təmiz bakılıyam. Getdim oxudum, bir az da yaşadım orda, sonra gəldim. Qəşəng qızları var.

- Niyə evlənmədiniz bəs orda?

- Fikrim-zikrim oxumaq idi, başımı qaldırmadım, ancaq oxudum. İndi Rəssamlar İttifaqında məni görən gözləri yoxdur.

- Niyə?

- Qısqanclıq. Nizaminin 750 illiyində bir Məcnun işləmişdim ki. Toğrul Nərimanbəyov da işləmişdi, mən də. Sadə əsər deyil “Leyli və Məcnun”, ideoloji əsərdir. Fəlsəfəsini vermişdim onun. Muzey götürdü əsərimi, indi ordadır. 1600 manat da pul verdilər mənə.

- Əsərlərinizdən qazana bilirdiniz?

Nədənsə sualdan yayınır, ya da əsərinin dəyərini mənə izah etməyə çalışır.

- Yox, siz mənə deyin, Məcnunu işləmək asandır?

“Əlbəttə, yox” - deyə cavab verirəm.

“Fərhad Xəlilov bəyənmədi” - deyir:

- Toğrulun qardaşı Vidadi Nərimanbəyov çox bəyəndi. Mənə dedi ki, sən özünə bu əsərlə düşmən qazandın, dost. Bilmirəm nə etmişəm Fərhada, məni görən gözü yoxdur.

“Qocalar evi”ndə Davudun emalatxanası da var. Nə yazıq ki, boya, fırça hər dəqiqə ala bilmir, təqaüdü dərmanlara gedir. Deyir, ovqat da olmur işləməyə.

- Deyəsən, evlənməyinizə peşman olmusunuz?

- Yox yaxşı qadındır, sadəcə səhhəti əldən gedib deyə əsəbləri də dözmür. Mən də elə onun günündəyəm, bir-birimizə daha çox lazımıq indi. Bura gələndə gördüm fərqlənir, davranışı, danışığı. Özü özündə qadındır, qayğıkeşdir. İndi mənim 74, onun 75 yaşı var. 15 yaşımda “Dinamo”ya getmişəm, deyir boksçudur.

- Sizi gözündə bir az da böyüdür də.

- Azərbaycan qadını belədir də, riqalılar belə deyil.

- Onlar qoymayıb də vaxtında evlənəsiniz, gəlib burda evlənmisiniz, ahıl yaşınızda. Yenə Azərbaycan qadını sahib çıxıb sizə.

Baxıb gülümsəyir, başı ilə təsdiqləyir.

- Bakılısınız, bəs, Bakıda heç ata-babadan bir ev-filan qalmamışdı?

- Var idi, Poluxində. 93-cü ildə qaz partladı, yandı evim. Sənədlər olan arxiv də yanmışdı, heç nə ala bilmədim, ev də vermədilər. İndi orda xarici şirkət yerləşir. 93-də kimə nəyi sübut edə bilərdin? İndi mən Rəssamlar İttifaqından kömək istəyirəm. Mənə maddi yardım ayırsınlar, işləyim. Dövlət filan qədər vəsait ayırıb o ittifaqa.

Belə. Davudun son cümləsi qoy, elə bu olsun. Kim eşidər, kim eşitməz, bizim işimiz çatdırmaqdır. “Qocalar evi”ndə bir rəssam yaşayır.

Növbəti yazı “Qocalar evi”ndə məskunlaşmış, Qarabağ müharibəsində cəbhədə mərmi daşımış bir qadın barədə olacaq.

Foto - Ehtiram Cəbi © APA GROUP