249
15:14
10 İyun 2019

Avropa Gənclər Yay Olimpiya Festivalının biletləri satışda - QİYMƏTLƏR

Bu gündən “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının biletləri satışa çıxarılıb.

Bu barədə Lent.az -a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Biletlərin satışı Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi və bilet satış şirkəti iTicket arasında imzalanan razılıq müqaviləsi çərçivəsində gerçəkləşir.

Satışa çıxarılan 146 000 bilet, “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi veb saytından (https://www.eyofbaku2019.com) və iTicket.az rəsmi saytından (https://www.iticket.az) əldə oluna bilər.

Bundan əlavə, bütün idmansevərlər biletləri “Park Bulvar”, “Gənclik”, “28 May” ticarət mərkəzlərindən və paytaxtın müxtəlif ərazilərində yerləşən 12 bilet satışı məntəqəsindən əldə edə biləcəklər.

Açılış mərasiminə bir biletin qiyməti 10-15 AZN arasında, bağlanış mərasiminə isə 5-10 AZN arasında dəyişir. Hər iki mərasim Bakı Kristal Zalında keçiriləcək.

Bütün idman yarışlarına biletlərin pulsuz olmasına baxmayaraq, idman arenalarına giriş yalnız əvvəlcədən əldə olunmuş biletlər vasitəsilə mümkün olacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov vurğulayıb ki, açılış və bağlanış mərasimləri üçün ən münasib qiymətlərin təyin edilməsi, habelə bütün idman yarışlarına biletlərin pulsuz olması yerli və xarici idman azarkeşlərində festivala qarşı daha çox maraq oyatmaq və onların bu möhtəşəm idman oyunlarını şəxsən izləmələri üçün edilib.

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.