407
16:44
04 İyun 2019

700 balın toplanmaması təhsilin keyfiyyət göstəricisi deyil - EKSPERT

Bu il ali məktəblərə qəbul formatının dəyişməsi 700 ballıq nəticə göstərənlərin sayını sıfıra saldı.

Lent.az -ın məlumatına görə, 2018-ci ildə 29 nəfər 700 bal toplasa da, bu il ən yuxarı nəticənin olmaması ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bir qisim kurikulum sistemini, digər qisim yeni qəbul formatını günahlandırır.

Bəs əslində nə baş verir?

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mövzu ilə bağlı bəzi açıqlamalar verib: “Test imtahanları 1992-ci ildən etibarən keçirilsə də, ilk 700 bal toplayanlar 2007-ci ildə qeydə alınıb. Vurğulamaq lazımdır ki, bundan öncə 2001-ci ildə ölkə Prezidentinin müvafiq Fərmanına əsasən qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentlərə Prezident təqaüdü təyin edilib. Bununla da, abituriyentlərdə nəinki bu və ya digər ixtisasa qəbul olunmaq üçün tələb olunan balları toplamaq, eyni zamanda təqaüd almaq üçün öz ixtisas qrupunda birinci olmağa motivasiya yaranıb".

O bildirib ki, məhz bunun nəticəsində 2007-ci ildə ilk “700 ballı”ları müşahidə etmək mümkün olub: "Qeyd etmək lazımdır ki, pedaqoji nöqteyi-nəzərdən 650 baldan yuxarı nəticə göstərən abituriyentləri bir-birindən fərqləndirmək düzgün deyil. Onların hamısı çox savadlı və məqsədyönlü şəxslərdir. Lakin müsabiqənin xüsusiyyətləri və abituriyentlərin iddia etdikləri müxtəlif ixtisaslarda yerlərin məhdud sayı konkret bir parametrin, yəni bədnam insan amili olmadan (insan amili dedikdə tapşırıq və ya pul ilə nəyisə həll etmək nəzərdə tutulur) abituriyentləri sıralamağa imkan verən balın zəruriliyini diktə edir”.

Təhsil eksperti, pedaqoq Nadir İsrafilov Lent.az -a bildirib ki, 700 bal məsələsi ətrafında kifayət qədər ajiotaj yaradılıb: “Ortada olan eyni təhsildir. Bir ildə savad azalmadı. 700 bal tətbiq olunandan bu nəticəni toplayanlar 10 nəfər də olub, 14 də və s. Ən son ildə 20 nəfəri ötmüşdü. 500-600-650 bal da yüksək göstəricidir. Aşağı bal deyəndə söhbət 0-100 bal arasında olan həddən gedə bilər”.

N.İsrafilovun sözlərinə görə, imtahanların bu şəkildə keçiriləcəyi ilə bağlı əvvəlcədən məlumat verilmişdi: “Kurikulum sisteminin tətbiqi ilə bağlı yeni modelə keçilib. Hər hansı bir yenilik tətbiq olunanda mütləq müəyyən bir tənəzzüllə ortaya çıxır. Öncədən tənqid edirdilər ki, test üsulu krossvoddu, əyləncədir və s. Sonra qərara alındı ki, test məntiqi təfəkkürü yoxlayırsa, bir tərəfdən də yazı, nitq qabiliyyəti məsələləri var. Hansı ki, həmin vərdişlər uşaqlarda sönmək üzrədir. Yeni modelə keçiddə əsas məqsəd o idi ki, şagirdlərin, abituriyentlərin yazılı, şifahi vərdişlərini inkişaf etdirmək mümkün olsun. Neçə illər test tətbiq olunub. İndi tədricən qapalı testlər tətbiq olunur. Aydın məsələdir ki, abituriyent burada yazmalı, fikirlərini bildirməlidirlər. Şagirdlərin uyğunlaşma məsələsi var. Ona görə hesab edirəm ki, bu məsələni faciəyə çevirməyə ehtiyac yoxdur. Bu il olmayıbsa, gələn olar, o biri il olar”.

Təhsil eksperti qeyd edib ki, keyfiyyət göstəricisini balla əlaqələndirmək düzgün deyil: “Sovet sitemində 5 ballıq şkala deyirdilər. 65 faizi ötəndən sonra göstərici artıq uşağın savad göstəricisi hesab olunurdu. İndi 600-650 bal sovetin şkalası ilə götürsək, 4-5 qiymətlərlə oxuyan uşaqlar deməkdir. Əsas odur ki, 100-150 baldan aşağı göstəricilərin sayı artmasın. Ümumiyyətlə, təhsilin səviyyəsi bir-iki ilə aşağı düşə bilməz, eynilə qalxa da bilməz. 700 balın toplanmaması təhsilin keyfiyyət göstəricisi deyil. Sadəcə yeni modelə şagirdlərin hələ lazımınca adaptasiya olunmamasıdır”.

Ekspert bildirib ki, təhsildə elə bir yenilk, yerdəyişmə yoxdur ki, birmənalı şəkildə hamı tərəfindən qəbul olunsun.

“Kimsə testi inkar edib təxribat adlandırıdı. Başqa biri müsbət texnologiya hesab edir. Təhsil elədir ki, gündə bir texnologiya olur. İndi bizdəki də tam təkmil forma deyil. Zaman keçdikcə boşluq olan sahələr üzə çıxacaq və təkmilləşmə prosesi davam edəcək”,- deyə ekspert vurğulayıb.