192
12:10
30 May 2018

Milli enerji strategiyasında yeni mərhələ; Cənub Qaz Dəhlizi ...

Azərbaycanın zəngin neft resurslarına malik olan coğrafi məkanda yerləşməsi XX əsrin 90-cı illərində ümummilli lider Heydər Əliyev tərəfindən düzgün qiymətləndirilərək milli mənafeyə yönəldildi. 1994-cü il 20 sentyabr tarixli “Əsrin müqaviləsi” ilə dövlət neft strategiyasının əsası qoyulmuş, dinamik iqtisadi inkişaf başlanmışdır. Bununla, Xəzər dənizində tarixdə ilk dəfə olaraq beynəlxalq əməkdaşlıq prosesi başlamışdır. Respublikamız isə öz zəngin neft resurslarını dünya bazarlarına çıxarmaq üçün imkan əldə etmişdir.

“Əsrin müqaviləsi”ndən keçən 24 il ərzində Azərbaycan öz imkanlarını ardıcıl şəkildə genişləndirmişdir. Bu dövrdən başlayaraq neft-qaz sahəsinin inkişafında bir neçə önəmli mərhələni qeyd etmək mümkündür:

1) 1996-cı ildə “Şahdəniz” qaz kontraktı üzrə Sazişin bağlanması; Nəzərə almaq lazımdır ki, “Cənub” qaz dəhlizinin də resurs mənbəyi “Şahdəniz” qaz yatağıdır;

2) 1999–cu ildən Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikilmişdir. Bu, yeni bir ixrac marşrutu idi;

3) 2003-cü ildə isə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməl daşı qoyuldu. Memarı ulu öndər olan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri layihəsi 2006-cı ildə reallaşdı. Bakı-Tbilisi-Ceyhanın inşası ilə “Üç dənizin əfsanəsi” reallığa çevrildi;

4) Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilmiş Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri 2007-ci il iyulun 3-də reallığa çevrildi. Belə ki, “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil olması;

5) 2013-cü il dekabrın 17-də Şahdəniz konsorsiumunun “Şahdəniz” qaz yatağının II mərhələsi ilə bağlı yekun investisiya qərarını elan etməsi; Bu qərar Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsinə, Türkiyə ərazisindən keçən Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) və Yunanıstan, Albaniya ərazisindən keçərək İtaliyaya uzanan Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi ilə bağlı planların gerçəkləşməsinə təkan vermişdir;

6) 2014-cü il 20 sentyabr tarixində Cənub Qaz Dəhlizinin təməlinin qoyulması; Bakı-Tbilisi-Ceyhan boru kəmərinin uzunluğundan iki dəfə uzun olacaq 45 milyard dollar dəyərində ola bu layihə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunun daha da artmasına təkan vermişdir.

7) 14 sentyabr 2017-ci ildə “Əsrin müqaviləsi”nin imzalanmasının 23-cü ildönümü ərəfəsində imzalanan yeni sazişlə isə “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı.

“Əsrin müqaviləsi”nin 20-ci ildönümündə 2014-cü il 20 sentyabr tarixində Səngəçal terminalında təməli reallaşan Cənub Qaz Dəhlizi 20 illik uğurlu strateji inkişafın məntiqi davamı idi. Qeyd etmək lazımdır ki, Səngəçal terminalı öz neft və qaz ixrac sistemləri ilə birlikdə Azərbaycanı Avropa ilə Asiyanın kəsişməsində mühüm bir qovşağa çevirir. Həmçinin Səngəçal terminalı dünyanın ən böyük neft-qaz terminalıdır . Cənub Qaz Dəhlizi çox nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb bir layihə olduğu üçün onun reallaşacağına dair ümidlər az idi. Lakin Avropanın “mavi yanacağa” olan tələbatının artdığı bir şəraitdə Azərbaycanın potensial qaz tədarükçüsü kimi diqqəti getdikcə daha çox cəlb etməsi yeni layihələrə yol açırdı. Eyni zamanda, regionda siyasi sabitlik və əməkdaşlıq meydanına çevrilmiş Azərbaycan enerji sahəsində Qərbin fəal əməkdaşlıq edə biləcəyi bir ölkə kimi də yüksək inam və etimad qazanmışdı. Təsadüfi deyildi ki, Qərb özünün təbii qaza olan tələbatının ödənilməsində əsas tədarükçü kimi məhz Azərbaycanı seçdi. Respublikamız isə belə bir genişmiqyaslı beynəlxalq layihəyə start verməkdən çəkinməyərək layihənin təşəbbüskarı kimi vaxtında icra edilməsinə də nail oldu. 29 may 2018-ci il tarixində Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi baş tutdu. Bununla Azərbaycanın enerji strategiyasında yeni bir mərhələnin əsası qoyuldu. “Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır” – deyə açılış mərasimində çıxış edən dövlət başçısı İlham Əliyev bu hadisəni tarixi bir gün olaraq dəyərləndirdi.

Cənub Qaz Dəhlizi Xəzərdən Avropaya təbii qazın nəql edilməsi üçün nəzərdə tutulan böyük qaz boru kəməri, nəhəng infrastruktur layihəsidir. Layihə 4 hissədən - “Şahdəniz-2” təbii qaz yatağı, Cənubi Qafqaz Boru kəməri, Trans-Anadolu Təbii Qaz kəməri (TANAP) və Trans-Adriatik Boru (TAP) kəmərindən ibarətdir. Bu qaz infrastrukturu layihələri çərçivəsində investisiyaların ümumi həcminin 45 mlrd. dollar təşkil edəcəyi, marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni iş yerinin açılacağı planlaşdırılır. Bu günədək layihənin icra edilməsinə 40 milyard dollardan çox sərmayə qoyulubdur və yenə qoyulacaqdır.

“Şahdəniz” qaz yatağı Cənub Qaz Dəhlizinin əsas resurs bazasıdır. Bu gün Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir, proqnozlaşdırılan qaz ehtiyatı isə 4-5 trilyon kubmetr təşkil edir. Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyəti var. Layihənin icrası ilə Azərbaycan qazı növbəti illər ərzində Avropa istehlakçıları üçün yeganə qaz mənbəyi rolunu oynayacaq, ölkəmiz Avropa bazarına öz təbii qazını ixrac edəcəkdir. Cənub Qaz Dəhlizinin icrasında 7 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya iştirak edir. Həmçinin 3 Balkan ölkəsi – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro tərəfdaşlar kimi növbəti mərhələdə layihəyə qoşulmaq niyyətindədirlər.

“Cənub” qaz dəhlizinin perspektivlərini aşağıdakı kimi sadalamaq mümkündür:

  • Layihə Azərbaycana əlavə dividendlər gətirməklə, ölkə iqtisadiyyatını daha da sürətlə inkişaf etdirəcək;
  • Avropanın enerji təhlükəsizliyinin həllində mühüm faktor olacaq;
  • Layihə çoxtərəfli tərəfdaşlığı genişləndirərək beynəlxalq əməkdaşlıq prosesini sürətləndirəcək;
  • Layihənin reallaşması ilə bazarların azad olması və ədalətli qiymətlərin təklif edilməsi baxımından da irəliləyiş müşahidə olunacaq;
  • Layihə Avropa və Asiyanı birləşdirən sülh körpüsü rolunu oynamaqla, gələcək illər ərzində də davamlı əməkdaşlığı təmin edəcəkdir.

Respublikamızın gerçəkləşdirdiyi enerji siyasəti bütövlükdə regionun siyasi və iqtisadi inkişafına, rifahına xidmət edir. Bütün bu uğurların təməli isə “Əsrin müqaviləsi”nə söykənir. Prezident İlham Əliyev xüsusi vurğulamışdır ki, Azərbaycan Respublikasının həyata keçirdiyi neft və qaz layihələri bu gün dünyada enerji inkişafının möhkəm bünövrəsidir. Azərbaycan bu gün Avropa, bütövlükdə dünya enerji bazarında aparıcı qüvvədir. Cənub Qaz Dəhlizi Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri baxımından da tarixi hadisədir. Bununla, Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsi məsələsində getdikcə artan vacib rol oynayacaq. Həyata keçirilən məqsədyönlü və praqmatik siyasət nəticəsində Azərbaycan Respublikası beynəlxalq enerji təhlükəsizliyi sisteminin başlıca subyektlərindən birinə çevriləcək.

Nailə Məmmədova “Azerbaijan Realities”