Tələbə yoldaşı ilə evlənən jurnalist - UNUDULAN MƏTBUAT KATİBLƏRİ
05 noyabr 2021 17:01 (UTC +04:00)

Tələbə yoldaşı ilə evlənən jurnalist - UNUDULAN MƏTBUAT KATİBLƏRİ

Vaxtı ilə mətbuat katibi idilər. Bütün jurnalistlər onları tanıyır və işləri mediadan keçirdi. Bir vaxtlar onların saytlarda, qəzetlərdə açıqlamalarını oxuyardıq. İndi isə unudulanlar siyahısındadırlar. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır. İndi nə işlə məşğuldurlar?

Lent.az dövlət qurumlarının sabiq mətbuat katiblərinə həsr olunan layihəsini davam etdirir:

Layihəmizdə bu gün Ombudsman Aparatının Mətbuat xidmətinin sabiq rəhbəri Zemfira Məhərrəmlidən bəhs edəcəyik:

Məhərrəmli Zemfira İsmayıl qızı 11 dekabr 1955-ci ildə Bakıda anadan olub. O, 1978-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Onun jurnalistikada  ilk təyinatı televiziyaya verilsə də, “Bakı” və “Baku” qəzetlərinin yaradıcısı Nəsir İmamquluyevin istəyi ilə həmin qəzetlərdə çalışıb. 

Z. Məhərəmli 1979-cu ildə Azərbaycan Jurnalistlər Birliyinə, 2003-cü ildə isə Azərbaycan Yazıçılar Birliyinə üzv olub. Zemfira xanım bu ilin mart ayında prezidentin sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına, 21 iyul 2010-cu il tarixli Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.

O, 2003-cü ildə Azərbaycan Respublikasının ilk Ombudsmanı Elmira Süleymanova tərəfindən ombudsman aparatına dəvət alıb. 2003-cü ildən  mətbuat xidmətinin rəhbəri olan Zemfira Məhərrəmli 2016-cı ilin yanvarında öz ərizəsi ilə işdən ayrılıb. Buna səbəb kimi isə müstəqil jurnalist olmaq, yaradıcılığa daha çox zaman ayırmaq istəyi olub. 
Zemfira Məhərrəmli “Döyüşə qızlar gedir”, “Qarabağda savaş var”, “Ötür durna qatarı”, “Qırx qız dastanı”, “Garabagh war witnessed by women”, “Karabaxskaya voyna: srajalisğ i jenşinı”, “Bir ömürdə yaşanan üç həyat”, “Oyuncaq, Söz adamı”, “Sonbaharın ilgımları”, “Qarabağ müharibəsi: zərif talelər”, “Analıq haqqı”, “Bədii düşüncədə Qarabağ” kimi əsərlərin müəllifidir. Onun əsərləri rus, türk və ingilis dillərinə tərcümə edilib.

Zemfira Məhərrəmli əməkdar jurnalist Qulu Məhərrəmlinin həyat yoldaşıdır. Xatırladaq ki, Zemfira xanım müsahibələrinin birində Qulu Məhərrəmli ilə tələbə yoldaşı olduqlarını deyib: “Qulu müəllimlə tələbə yoldaşı olmuşuq. 1973-78-ci illərdə Jurnalistika fakültəsində birgə oxumuşuq. 1979-cu ildə ailə qurduq. Ümumiyyətlə, yaradıcı  adamlar, o cümlədən jurnalist xanımlar üçün məişət qayğıları çətin olur. O qadın jurnalistlərin bəxti gətirib ki, həyat yoldaşları ilə eyni peşənin sahibidirlər, bu baxımdan  həmkarları onları daha yaxşı başa düşür”.

Qeyd edək ki, Zemfira xanım və Qulu Məhərrəmlinin evliliklərindən 2 uşaqları var. Onların heç biri media sahəsində deyil. 

Bundan əlavə Zemfira xanım zaman-zaman öz çıxışlarında jurnalistikadakı problemlərdən də danışıb. O bildirib ki, indi bəzi televiziya adamları, istedadına və yaradıcı qabiliyyətinə görə deyil, sadəcə efirdən görünən sifətinə görə tanınırlar: “Görün, qəzetlərimizdə nə qədər istedadlı qələm sahibləri, o cümlədən bacarıqlı jurnalist qızlarımız çalışır, amma onları çoxları tanımır, onlar çox vaxt populyar ola bilmir, sanki kadr arxasında qalırlar. Halbuki, televiziyada ikicə dəfə şou verilişi aparan, heç də böyük istedad sahibi olmayan aparıcıları elə tez tanıyırlar ki...”.

Hazırda Zemfira Məhərrəmli yaradıcılıqla məşğuldur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16719
avatar

Aytəkin Cəlali

Oxşar yazılar