Vaxtı ilə mətbuat katibi idilər. Bütün jurnalistlər onları tanıyır və işləri mediadan keçirdi. Bir vaxtlar onların saytlarda, qəzetlərdə açıqlamalarını oxuyardıq. İndi isə unudulanlar siyahısındadırlar. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır. İndi nə işlə məşğuldurlar?
Lent.az dövlət qurumlarının sabiq mətbuat katiblərinə həsr olunan layihəsini davam etdirir:
Layihəmizdə bu gün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğludan bəhs edəcəyik.
Eldar Sabir oğlu Səfərov 4 yanvar 1957-ci ildə Göyçə mahalında anadan olub. Ermənistan Dövlət Pedaqoji İnstitutunda filologiya üzrə, Ali Partiya Məktəbində politologiya üzrə, Bakı Dövlət Universitetində isə hüquq üzrə ali təhsil alıb. 1979–1980-ci illərdə Sovet Ordusunda həqiqi hərbi xidmətdə olub.
1975–1988-ci illərdə isə “Sovet Ermənistanı” qəzetində müxtəlif vəzifələrdə çalışıb, eyni zamanda qəzetin “Partiya Sovet quruculuğu” şöbəsinin müdiri, Partiya Təşkilatının katibi vəzifələrində işləyib.
1991–1992-cü illərdə “Mədəniyyət” qəzetinin məsul katibi, 1992–1993-cü illərdə “Maraqlı qəzet”inin redaktoru, 1994–1996-cı ildə isə “Səs” qəzetinin siyasət şöbəsinin müdiri vəzifələrində fəaliyyət göstərib.
O, Azərbaycan Milli Məclisinin I çağırış deputatı, 1994-2000-ci illərdə YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, 1998-ci ildə isə prezidentliyə namizəd ikən Heydər Əliyevin mətbuat katibi, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, 2007-ci ildən 2013-cü ilə qədər isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi vəzifələrində çalışıb.
Sabiq mətbuat katibi Eldar Sabiroğlu medianın gündəmində zamanla müxtəlif məsələlərlə bağlı qalmağı bacarıb.
İllər əvvəl Eldar Səfərov öz oğlu Rüfət Səfərovdan imtina etmişdi. Bununla bağlı onun mediada açıqlaması var. Buna, 9 il müddətinə azadlıqdan məhrum edilən Rüfət Səfərovun atası ilə arasında yaranan mübahisə səbəb olmuşdu.
Xatırladaq ki, onun oğlu 2019-cu ilin martında Prezident İlham Əliyevin sərəncamı ilə əfv olunaraq azadlığa buraxılıb.
Eldar Sabiroğlu Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev haqqında öz düşüncələrini əks etdirən “Saray cəngavəri” adında hekayə yazıb. Bu hekayədən sonra Ramiz Mehdiyev ondan prokurorluğa şikayət edib.
28 oktyabr 13 oktyabrda Eldar Sabir oğlu Səfərov öz istəyi ilə Müdafiə Nazirliyinin mətbuat katibliyindən istefa verib. Onun mətbuat katibliyi sabiq müdafiə naziri Səfər Əbiyevin dövrünə təsadüf edir.
Qeyd edək ki, o, evlidir və 2 övladı var. Eldar Sabiroğlu Azərbaycan Silahlı Qüvvələrinin 90 və 95 illik yubileyləri, Hərbi Xidmətdə Fərqlənməyə görə 3-cü dərəcəli medalları ilə təltif olunub. Rus, türk, erməni dillərini bilir.
Eldar Sabir oğlu Səfərov hazırda ehtiyatda olan polkovnikdir.