Vaxtı ilə mətbuat katibi idilər. Bütün jurnalistlər onları tanıyır və işləri mediadan keçirdi.
Bir vaxtlar onların saytlarda, qəzetlərdə açıqlamalarını oxuyardıq. İndi isə unudulanlar siyahısındadırlar. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır. İndi nə işlə məşğuldurlar?
Lent.az dövlət qurumlarının sabiq mətbuat katiblərinə həsr olunan layihəsini davam etdirir:
Layihəmizdə bu gün Xarici İşlər Nazirliyinin sabiq mətbuat katibi Xəzər İbrahimdən bəhs edəcəyik.
Xəzər Zafir oğlu İbrahim 30 may 1978-ci ildə dünyaya gəlib. O, Bakı Dövlət Universitetində beynəlxalq əlaqələr və Corctaun Universitetində təhlükəsizlik elmləri üzrə magistr dərəcələri (fərqlənmə ilə) alıb. Bir müddət Xəzər universitetində dərs deyib. Sabiq mətbuat katibi 1998-2002-ci illərdə ikitərəfli hərbi-siyasi əlaqələr, NATO məsələləri, silahlara nəzarət, tərksilah və çoxtərəfli təhlükəsizlik məsələləri üzrə məsul olaraq, Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar və Təhlükəsizlik Problemləri İdarələrində müxtəlif vəzifələr tutub.
Belə ki, o, Xarici İşlər Nazirliyinin Hərbi-Siyasi Şöbəsində, 2007–2009-cu illərdə isə həmin nazirliyin mətbuat katibi, ondan əvvəl isə mətbuat katibinin müavini kimi çalışıb. Daha sonra Amerika Birləşmiş Ştatlarında səfirliyinin müşaviri təyin olunub.
2011–2017-ci illərdə NATO yanında Nümayəndəliyin başçısı vəzifəsini icra edib. 2017-ci ilin 5 oktyabrda isə Türkiyəyə səfir təyin edilib. Azərbaycanın Türkiyədəki keçmiş səfiri Məmməd Əliyev Xəzər İbrahimin təyinatını yüksək qiymətləndirib: “Xəzər İbrahim gənc və enerjili kadrdır. Onu yeni səfir postuna cənab prezident təyin edibsə, deməli, layiqli insandır. Yadımdadır ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətində çalışarkən özünü ən yaxşı cəhətdən göstərə bilib. Əminəm ki, Türkiyədə uğurlu fəaliyyət göstərəcək. Diplomatik işləri həyata keçirmək üçün onun potensialı yüksəkdir. Xəzər İbrahimi hamımız enerjili diplomat kimi tanıyırıq. Qardaş Türkiyə ilə Azərbaycan arasında əlaqələrin daha da genişləndirilməsində böyük rolu olacaq”.
Xəzər İbrahim bu il Türkiyədən geri çağırılıb.
Sabiq mətbuat katibinin qohumu rejissor Rahim Sadıqbəyli sosial şəbəkədə Xəzər İbrahim barədə maraqlı faktlar açıqlayıb. Məlum olub ki, XİN-in mətbuat katibi olduğu dönəmdə onun Bakıda mənzilinin olmayıb: “Qohum var ki, adam lap qardaşı belə olsa, varlığından utanır. Amma elə qohumlar da var ki, bütün nəslin fəxarətinə çevrilir. Xalam oğlu bu səviyyəyə öz zəhməti, əzmkarlığı, savadı sayəsində gəlib. Heç Bakıda mənzili də yoxdur. Ata-anası 1 otaqlı mənzildə yaşayırlar. Anası illərdir xəstədir. Heç vaxt heç kəsə əyilməyib. Yalnız özünə güvənən insan olub. Altı dildə sərbəst danışa bilən, əsl professional diplomatdır”.
Xəzər İbrahim hazırda Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfiridir. Evlidir, bir oğlu və üç qızı var.