Vaxtı ilə mətbuat katibi idilər. Bütün jurnalistlər onları tanıyır və işləri mediadan keçirdi. Bir vaxtlar onların saytlarda, qəzetlərdə açıqlamalarını oxuyardıq. İndi isə unudulanlar siyahısındadırlar. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır. İndi nə işlə məşğuldurlar?
Lent.az dövlət qurumlarının sabiq mətbuat katiblərinə həsr olunan layihəsini davam etdirir.
Layihəmizdə bu gün “Azərişıq” ASC-nin sabiq mətbuat katibi Tanrıverdi Mustafayevdən bəhs edəcəyik.
Tanrıverdi Qiyas oğlu Mustafayev 4 yanvar 1962-ci ildə Qərbi Azərbaycanın Çəmbərək rayonunun Gölkəndində anadan olub. O, 1984-cü ildə Texniki Universitetin Avtomatika və Hesablama Texnikası fakültəsinin Sənaye elektronikası ixtisasını bitirib. Daha sonra isə təhsilini Moldova EA-nın Ekoloji Genetika İnstitutunun İxtisasartırma və İxtisasdəyişmə fakültəsində davam etdirib.
Sovet dövründə Moldova Azərbaycanlarının “Araz” cəmiyyətini yaradıb.
Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Təhqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, Moldovanın Nazirlər Soveti yanında Milli Münasibətlər üzrə Dövlət Departamentində orada yaşayan azlıqlarla iş şöbəsinin müdiri, 2001-ci ilə qədər Moldova-Türkiyə hökumətlərarası iqtisadi, mədəni, elmi əlaqələr komissiyasının üzvü vəzifələrində çalışıb.
Sabiq mətbuat katibi Moldovadan Azərbaycana gələndən sonra “Barmek” Azərbaycan Elektrik Şəbəkəsinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunub.
O, 2001-ci ildə Moldova nümayəndə heyəti tərkibində Dünya Azərbaycanlılarının I Qurultayında iştirak edib.
Mətbuat xidmətinin rəhbəri kimi fəaliyyətindən Lent.az-a bəhs edən Tanrıverdi Mustafayev bildirir:
“Mətbuat xidmətinin rəhbəri olduğum vaxtlarda gecə saat 3-də bir xanımdan zəng gəldi ki, bəs işıqlar sönüb, liftə qalmışam və təyyarəyə çatmalıyam. Mən danışıb o işığın yanmasını təmin etdim və xanım təyyarəsinə çatdı. Həmin gün həyat yoldaşımla mübahisəmiz düşdü. O deyirdi ki, qadınlar sənə gecə də zəng edir. O söhbətin üstündən illər keçib, amma hələ də həyat yoldaşım onu mənim üzümə vurur. Mən mətbuat katibi işlədiyim dövrdə insanlar arasında fərq qoymurdum. Bütün jurnalistlərlə operativ şəkildə işləməyə çalışırdım”.
O, 20 il, necə deyərlər elektrik təsərrüfatında işləyib. Onun 18 ilini isə mətbuat xidmətinin rəhbəri olub. Hazırda “Azərişıq” ASC sədrinin müşaviri olaraq çalışır. Həm də Texniki Universitetdə müəllimdir.
“Tərəqqi” medalı ilə təltif olunub. Biologiya elmləri namizədi, dosentdir. Ailəlidir, 2 oğlu var.