Şeyxlə nəzir qutuları davası edən otel sahibi - UNUDULAN MƏMURLAR
10 noyabr 2021 17:06 (UTC +04:00)

Şeyxlə nəzir qutuları davası edən otel sahibi - UNUDULAN MƏMURLAR

Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…

İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihəmizdə bu dəfə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyevdən bəhs edəcəyik:

Rafiq Əliyev 1 yanvar 1947-ci ildə Ağdam rayonunda anadan olub. Əliyev 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib.

O, 21 iyun 2001-ci ildə Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə təyin edilib.  27 iyun 2006-cı ildə isə vəzifəsindən azad edilib.

Rafiq Əliyevin sədrliyi dövründə mətbuatda onun haqqında bir çox iddialar səsləndirildi.

O iddialardan biri o idi ki, Rafiq Əliyev dubaylı iş adamına qarşı dələduzluq edib. Belə ki, mətbuatda gedən yazılara görə, 1997-ci ildə Rafiq Əliyevlə dubaylı iş adamı İsa Məhəmməd Salih arasında Bakı İslam Universitetinin tələbələri üçün yataqxana tikintisi ilə bağlı 1,6 milyon dollarlıq müqavilə imzalanıb. Həmin pulları isə dubaylı iş adamı göndərib. O pul ilə yataqxana əvəzinə “İRŞAD”otel tikilib. Sənədlərdə isə “İRŞAD” İslamşünaslıq tədqiqatları mərkəzi kimi göstərilib. Bundan xəbər tutan İsa Azərbaycana gəlsə də, ona Rafiq Əliyevlə münaqişəyə getməməyi tövsiyə ediblər. 

Rafiq Əlyev isə mətbuata açıqlamasında barəsində səslənən ittihamları təkzib edib. Qeyd edib ki, “İrşad” otel və eyni adlı Araşdırmalar Mərkəzi 1998-ci ilin oktyabrında fəaliyyətə başlayıb, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə 2001-ci ildə yaradılıb və o komitə sədri təyin olunub. Eyni zamanda professor xatırladır ki, “İrşad”la əlaqəli bütün məsələlər dövlət orqanları tərəfindən dəfələrlə yoxlanılıb.

Zaman-zaman Rafiq Əliyevin Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə arasında da problemlər yaşanıb. Belə ki, Rafiq Əliyevin mətbuata açıqlamaları tez-tez onlar arasında qalmaqala səbəb olub.

O, açıqlamalarının birində bildirir ki: ”Bibiheybət məscidinə aylıq 400 min manat nəzir yığılır. Yəni az qala yarım milyona yaxın məbləğdir. Amma Qafqaz Müsəlmanları İdarəsi dövlət orqanlarına buna görə hesabat vermir”.

Qeyd edək ki, Rafiq Əliyev 1985-1998-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu, din tarixi bölməsinin müdiri, 1997-1999-cu illərdə həmin İnstitutda xarici əlaqələr üzrə müdir müavini, 1998-2000-ci illərdə isə Azərbaycan Elmlər Akademiyasının Qafqazda İslam Araşdırmaları Mərkəzinin direktoru vəzifələrində çalışıb.

Hazırda isə “İRŞAD” İslam Araşdırmaları Mərkəzinin rəhbəri kimi fəaliyyət göstərir. 

Rafiq Əliyev ailəlidir və onun 2 övladı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14673
avatar

Aytəkin Cəlali

Oxşar yazılar