Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…
İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.
Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.
Layihəmizdə bu dəfə sabiq Kənd Təsərrüfatı naziri İsmət Abbasovdan bəhs edəcəyik.
İsmət Dursun oğlu Abbasov 25 may 1954-cü ildə İrəvan şəhərində dünyaya gəlib. O, 1971-ci ildə bu şəhərdəki M.Axundov adına orta məktəbi, 1976-cı ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib.
İsmət Abbasov 1976–1980-cı illər Azərbaycan Dövlət Üzümçülük və Şərabçılıq Komitəsində Təchizat, Tədarük və Satış İdarəsində böyük mühəndis, şöbə rəisi, Bakı Şampan Şərabları zavodunun planlaşdırma-istehsalat şöbəsində, Bakı biskvit fabrikində, Bakı tütün kombinatında və 1 saylı şərab zavodunda direktor müavini vəzifələrində çalışıb.
O, 1997–2004-cü illərdə Kənd Təsərrüfatı nazirinin 1-ci müavini 23 oktyabr 2004-cü ildən isə nazir təyin olunub. Yeri gəlmişkən, sabiq nazir 2013-cü ilə kimi isə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti idi.
İsmət Abbasov “Azərbaycanın kənd təsərrüfatı”, “Ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının prioritet istiqamətləri”, “Azərbaycanın və dünya ölkələrinin kənd təsərrüfatı” kitablarının müəllifidir.
Sabiq nazir 1990-cı ildə Bakı şəhər Sovetinin deputatı da seçilib. Yeni Azərbaycan Partiyasının və onun Siyasi Şurasının üzvüdür.
İsmət Abbasov bir sıra məsələlərlə medianın gündəmini zəbt edə bilib.
Belə ki, mediada onun oğlu Yunis Abbasovun Londonda böyük mal-mülkünün üzə çıxması və radikal dini təriqətin üzvü olmasına dair bir sıra yazılar gedib.
Sabiq nazir isə bunlara belə cavab verib: “Mənim heç bir narahatlığım yoxdur. Bundan sonra da barəmdə kim nə yazır, qoy yazsın! Özləri bilər! Hamıdan yazırlar, qoy məndən də yazsınlar”.
Bundan başqa, İsmət Abbasov haqqında bəzi iddialar da səsləndirilib. Belə ki, mətbuatda onun aqrolizinq adı ilə milyonlarla pul qazanması barədə materiallar dərc olunub.
Qeyd edək ki, Abbasov nazir olduğu dövrdə Ermənistana səfər edib. O bildirib ki, İrəvanda doğulduğundan erməni dilini yaxşı bilir.
İsmət Abbasov 22 oktyabr 2013-cü ildə Kənd Təsərrüfatı naziri vəzifəsindən azad edilib. Daha sonra isə 2018-ci ilə qədər Azərbaycan Respublikası Baş nazirinin müavini kimi fəaliyyət göstərib.
O, “Şöhrət” ordeni ilə təltif edilib, iqtisad elmləri üzrə fəlsəfə doktorudur. Ailəlidir, iki övladı və üç nəvəsi var. Hazırda isə bizinesi ilə məşğuldur.