Təhsil Nazirliyindən növbəti yenilik
01 aprel 2013 13:23 (UTC +04:00)

Təhsil Nazirliyindən növbəti yenilik

Təhsil Nazirliyində Peşə Seçiminə Dəstək Sistemi (PSDS) portalının (www.psds.edu.az) təqdimat mərasimi keçirilib. Lent. az-ın məlumatına görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, yeni sistemin yaradılması Azərbaycan cəmiyyətində peşə təhsilinə olan marağın daha da artmasına təkan verəcək. Nazir onu da bildirib ki, bu gün Azərbaycanda peşə təhsilinin inkişafı əsas prioritet sahə kimi irəli sürülüb: “Bu gün ölkədə yeni peşə məktəbləri tikilir, əsaslı təmir olunur. Belə bir zamanda insanların peşə təhsili barədə daha ətraflı məlumat alması üçün belə portalın hazırlanması və istifadəyə verilməsi vacibdir. ”

 

Tədbirin sonunda yeni sistem təqdim olunub. Bildirilib ki, PSDS portalı “Özünü tanı ”, “Peşə ixtisasları”, “Peşə təhsili müəssisələri ”, “Şagird qəbulu ”, “CV yüklə” və “CV siyahısı ” bölmələrini özündə birləşdirir. İstifadəçilər “Özünü tanı” bölməsində 170 sualdan ibarət testləri həll etməklə bacarıq və maraq dairələri ilə bağlı özlərində aydın təsəvvür formalaşdıra bilərlər. “Peşə ixtisasları” bölməsində müvafiq peşələr haqqında dolğun məlumatlar əldə etmək mümkündür. Portal istifadəçiləri “Peşə təhsili müəssisələri ” bölməsində seçdikləri peşə ixtisasının hansı peşə təhsili müəssisələrində tədris olunduğu haqqında informasiya ala və  ətraflı məlumat əldə edə bilərlər. “Şagird qəbulu” bölməsində müvafiq peşə ixtisasına uyğun peşə təhsili müəssisələrinə ərizə ilə müraciət etmək imkanı yaradılıb. İstifadəçilər “CV yüklə ” bölməsində özləri haqqında məlumatları daxil edərək işəgötürənlərin onlarla əlaqə saxlamasını təmin edə bilərlər. “CV siyahısı ” bölməsində namizəd tələb olunan meyarları daxil edərək istənilən namizəd siyahısına çıxış əldə edə və hər bir namizədin CV məlumatlarını nəzərdən keçirə bilər.

# 1262
avatar

Oxşar yazılar