İstanbulda Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun (BQDXDƏTF) 5-ci ildönümü ilə bağlı mükafatlandırma mərasimi keçirilib. Lent.az-ın “AzərTAc”a istinadən məlumatına görə, mərasimdə prezident İlham Əliyev Yubiley medalı ilə təltif olunub.
Dövlət başçısı fondun təsis edilməsi təşəbbüsünü dəstəklədiyi və bu qurumun fəaliyyətinə əsaslı töhfələr verdiyi üçün mükafatlandırılıb. Tədbirdə çıxış edən Türkiyənin Avropa İttifaqı (Aİ) üzrə nazirinin müavini Ələddin Büyükkaya Fondun Aİ ilə münasibətlərə xüsusi əhəmiyyət verdiyini vurğulayıb. O, Fondun fəaliyyətindən söz açaraq bu günədək mədəniyyət, sosial və iqtisadi sahələrdə 300-ə qədər layihənin icra edildiyini söyləyib, quruma fəaliyyətində uğurlar arzulayıb.
BQDXDƏTF-nin prezidenti, Türkiyə Böyük Millət Məclisinin deputatı İsmayıl Safi rəhbərlik etdiyi təşkilatın 5 illik fəaliyyəti və gələcək planları haqqında ətraflı məlumat verib. O bildirib ki, 20 ölkənin təmsil olunduğu Fondun əsas məqsədi Xəzər dənizi bölgəsi ilə Qara dəniz ölkələri arasında iqtisadi inkişaf, ətraf mühit, elm, təhsil, mədəni müxtəliflik, tolerantlıq və mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlıq yaratmaqdır. Azərbaycanın qurumdakı fəaliyyətinə toxunan İ. Safi prezident İlham Əliyevə xüsusi minnətdarlığını bildirib.
Mərasim bədii hissə ilə davam etdirilib.