Peşə məktəblərində çatışmazlıqlar aşkarlandı, rəhbər şəxslər cəzalandırıldı
01 aprel 2013 13:34 (UTC +04:00)

Peşə məktəblərində çatışmazlıqlar aşkarlandı, rəhbər şəxslər cəzalandırıldı

Təhsil naziri Misir Mərdanov llk peşə-ixtisas təhsili müəssisələrində ixtisas və fənn proqramları üzrə imtahanların 
təşkilinin və istehsalat təcrübəsinə hazırlıq vəziyyətinin monitorinqi barədə
əmr imzalayıb. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Əmrdə qeyd olunur ki, ötən ay Bakı şəhərinin 3, 6, 9, 14, 17 saylı peşə liseylərində və 1, 6 saylı peşə məktəblərində ixtisas və fənn proqramları üzrə imtahanların təşkilinin və istehsalat təcrübəsinə hazırlıq vəziyyətinin monitorinqi keçirilib.

Monitorinq keçirilən təhsil müəssisələrində imtahanlar ümumilikdə "Peşə məktəbi və peşə liseylərində imtahanların aparılması və şagirdlərin kursdan-kursa keçirilməsi haqqında" təlimata uyğun keçirilsə də, bəzi müəssisələrdə müəyyən çatışmazlıqlar aşkar edilib. Nazirin əmrinə əsasən müəyyən edilən çatışmazlıqların aradan qaldırılması, gələcəkdə imtahanların və istehsalat təcrübəsinin daha səmərəli şəkildə təşkil edilməsi məqsədi ilə  imtahan keçirilən "İKT proqramları", "Mühasibat uçotu" fənlərindən imtahanqabağı hazırlıq işlərini qismən yerinə yetirdiklərinə görə 17 №-li Bakı peşə liseyinin direktoru Qəhrəman Hacıyevə və həmin liseyin tədris istehsalat işləri üzrə direktor müavini Azad Qədirova,  tədris planının tələblərinə  əməl etmədiyi üçün isə 1 №-li Bakı peşə məktəbinin direktoru Pərviz Əliyevə xəbərdarlıq edilib.

İmtahanların və istehsalat təcrübəsinin təşkil edilməsi işində əmək müqaviləsi üzrə əmək funksiyalarını və  öhdəliklərini yerinə yetirmədiyinə görə 1 №-li Bakı peşə məktəbinin  tədris-istehsalat işləri üzrə direktor müavini Nazim Nağıyevlə bağlanmış əmək müqaviləsi ləğv edilib.  Bakı peşə liseyinin direktoru S. Məmmədovaya tapşırılıb ki, imtahanlara hazırlıq mərhələsində və imtahanların keçirilməsi prosesində işəgötürən təşkilatların nümayəndələrinin cəlb edilməsini təmin edilməli və imtahan suallarının praktika yönümlü olmasına üstünlük verilməldir.

Əmrdə o da qeyd Texniki-peşə təhsili şöbəsi gələcəkdə  imtahanların mövcud normativ-hüquqi sənədlərin tələblərinə uyğun keçirilməsini təmin etməlidir. İlk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, imtahanlar mövcud normativ-hüquqi sənədlərin tələblərinə uyğun həyata keçirilməli, imtahan biletlərinin tərtib edilməsi zamanı praktika yönlü sualların üstünlük təşkil etməsinə əməl olunmalı, təhsil alanların ixtisas dərəcələrinin vaxtında müəyyən edilməsi məqsədi ilə mərhələli attestasiyaların keçirilməsi qaydalarına əməl olunmalıdır.

 İmtahan verənlərin bilik və bacarıqlarının praktikaya uyğunluğu işini daha da təkmilləşdirmək məqsədi ilə işəgötürən təşkilatların nümayəndələrinin imtahanlarda iştirakı təmin edilməlidir.

# 677

Oxşar yazılar