Ət məhsulları yoxlanılır
31 iyul 2013 15:48 (UTC +04:00)

Ət məhsulları yoxlanılır

 

Azərbaycanda kolbasa və digər ət məhsulları ilə bağlı yoxlamalar aparılır.

 

Bunu Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev söyləyib.

 

İmran Abdullayev bildirib ki, sistemli yoxlamalar iyunun əvvəlindən başlayıb, Bakı, Sumqayıt şəhərlərini və Abşeron rayonundakı istehsal müəssisələri, topdansatış bazaları və satış məntəqələrini əhatə edir. Yoxlamaların nəticələri yaxın 2 gün ərzində açıqlanacaq: “Araşdırmalar tək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunu əhatə etmir. Tutaq ki, “Elba” müəssisəsi Gəncədə yerləşir, ancaq bu müəssisənin Bakıda paylama mərkəzi var, oradakı məhsullardan da analiz götürülür. Digər tərəfdən, rayonlarda gigiyena mərkəzləri də belə yoxlamalar aparmaqdadır”.

 

İmran Abdullayev deyib ki, yoxlamalar zamanı iki müəssisənin məhsullarında problem aşkarlanıb: “Biz bu müəssisələrin məhsullarından təkrar nümunələr götürmüşük. Ola bilər ki, məhsulların daşınma qaydalarına riayət edilməyib, problem bundan qaynaqlanır. Bizi müəssisənin buraxdığı məhsul maraqlandırır. Kolbasa məhsulları yüksək temperaturda bişir. Ancaq tutaq ki, satıcı kolbasanı kəsir, bıçağı piştaxtanın üzərinə atır, sonra çirklənmiş həmin bıçaqdan yenə kolbasanı kəsərkən istifadə olunur. Əgər çirklənmə varsa, müəssisədə təsdiqini tapacaq.  Ola bilər ki, müəssisədə əli yaralı adam, yaxud müəssisədəki avadanlıqda problem olsun. Elə müəssisə olub ki, müəssisənin suyunda bakteriya aşkarlanıb. Müəyyən etmişik ki, su müəssisədə çirklənir, filtri dəyişilməyib. Ümumiyyətlə, yoxlamalar zamanı müəssisələrdə kritik nəzarət nöqtələri müəyyənləşdirilməli və təhlükə faktları da kritik nöqtələrdə yoxlanmalıdır. Təkrar müayinədə məhsulun keyfiyyətsizliyi təsdiqlənərsə, müəssisə cəzalanır”. 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 931

Oxşar yazılar