Azərbaycanda əhalinin 60 faizi artıq çəkidən əziyyət çəkir
16 aprel 2013 11:54 (UTC +04:00)

Azərbaycanda əhalinin 60 faizi artıq çəkidən əziyyət çəkir

Aparılan tədqiqatlar göstərir ki, Azərbaycanda ölüm və xəstələnmə hallarının başlıca səbəbi qeyri-infeksion xəstəliklərdir (QİX). Lent.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2013–2020-ci illəri əhatə edən Milli Strategiyanın ilkin layihəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masa çıxışı zamanı deyib. Nəticələrə əsasən, QİX hallarının böyük əksəriyyətinin baş verməsi tütünçəkmə, artıq çəki və qeyri-sağlam qidalanma kimi risk faktorları ilə bağlıdır: “Ölkədə tütünçəkmə 22,9%, gündəlik tütünçəkmənin yayılması isə 21,3% təşkil edir. Lakin bu yayılma kişilər arasında qadınlara nisbətən 100 dəfə yüksəkdir. Ətrafa yayılan tütün tüstüsünə məruz qalma hallarına gəlincə, kişilər daha çox ictimai yerlərdə (76,6%), qadınlar isə evdə (41,2%) bundan ziyan görürlər. Spirtli içki içənlərlə bağlı isə durum belədir: kişilərdə 26,9%, qadınlarda 1,7% (bundan əvvəl kişilərdə 18,6%, qadınlarda 1,6%”.
İSİM-in direktoru vurğulayıb ki, Azərbaycanda 60%-ə yaxın əhali artıq çəkidən əziyyət çəkir: “Azərbaycanda insanlar arasında artıq çəki 35,8%, piylənmə isə 21,9% təşkil edir. Aparılan sorğular nəticəsində məlum olub ki, piylənmədən əziyyət çəkən qadınların sayı kişilərdən əhəmiyyətli dərəcədə çoxdur”.

# 815

Oxşar yazılar