“Dərslik yazmağı hər adama etibar etmək olmaz...” - RƏY
13 dekabr 2012 13:50 (UTC +04:00)

“Dərslik yazmağı hər adama etibar etmək olmaz...” - RƏY

Bineyi-qədimdən belə olub, indi də belədir və təbii ki, bundan sonra də belə olacaq. Hər hansı məsələylə bağlı həmin məsələyə vaqif olanların fikirləri daha qiymətlidir. Belə adamların fikirləri səslənəndə, artıq mübahisələrə son qoyulur, ortadakı müşkülün həll olunmasının, naqisliklərin aradan götürülməsinin  yolları axtarılır. Lent.az-da dərsliklərlə bağlı apardığımız araşdırma bir sıra mətbu orqanlarda, internet saytlarında geniş müzakirələrə, yeni yazılara rəvac verdi. Biz də müəllif olaraq xeyli fikirlər, təkliflər, iradlarla üzləşdik, hamısına da normal yanaşdıq. Çünki apardığımız araşdırmada qərəzə yol vermədiyimizin fərqindəydik. Dərinə getdikcə, gördük ki, həqiqətən, görmədiyimiz qüsurlar da varmış. Necə ki, yenilərini də dünən tapdıq. 1-ci sinif Azərbaycan dili dərsliyində keçilməyən hərflərin sözlərdə işlənməsinin sayına yeniləri əlavə olundu. Fotolardan gördüyünüz kimi, uşaqlar adıçəkilən dərsliyin 70-ci səhifəsində «çarx» sözündəki «ç» hərfini 76-cı, 60-cı səhifədə «üzüm» sözündəki «ü» hərflərini 62-ci, 63-cü səhifədə «Azərbaycan» sözündə «c» hərfini isə hələ 74-cü səhifədə tanıyacaqlar (foto – 1, 2, 3).

Beləliklə, 1-ci sinif “Azərbaycan dili” dərsliyində sözlərdə işlənən keçilməyən hərflərin sayı 7 oldu (ç, c, v, ş, q, ü, g). Bu da nə az, nə də çox - əlifbanın 22 faizini təşkil edir.

Dərsliyi vərəqlədikcə daha çox qüsurlar meydana çıxır. 141-ci səhifədəki əlyazma şəklində yazılan nümunədəki «böyüməsinə» sözündəki «s» hərfinin yerinə işlədilən «ş» kimi…

Qısası, dərsliklərimizdəki ciddi nöqsanlar göz qabağındadır. Və təəssüf ki, dərslik müəllifləri, bir sıra ekspertlər, müəllimlər, Təhsil Nazirliyinin yetkililəri bunları ciddiyə almırlar. Bu baxımdan, «plagiat yaxşıdır», «hansısa sözdə keçilməyən hərf işlədilə bilər» kimi iddialar barədə bu dəfə dəyərli alimlərimizin, uzun illər dərslik sahəsində çalışmış insanlarımızın fikirlərini öyrəndik. Əməkdaşımız müsahiblərə iki sualla müraciət elədi: «Dərsliklərdə plagiata və keçilməyən hərflərdən istifadə edilən sözlərə münasibətiniz necədir?»

<b>Əjdər Ağayev, Azərbaycan Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru professor: </b> “Hər hansı biri istər tədqiqat işində, istərsə də dərslik yazarkən kiminsə ideyalarını köçürürsə, haqlı deyil. Əgər bir müəllif öz yazısında başqa ölkənin dərsliyindən istifadə edirsə, bu, plagiatdır. Daha doğrusu, oğurluqdur. Təbii ki, dərsliklərdə tədqiqatların nəticələrindən bəhrələnmək olar. Amma istər Avropa, istərsə də Rusiyadakı müəlliflərin dərsliyindən hansısa parçanı olduğu kimi dərsliyə köçürmək olmaz.
Birinci sinfin riyaziyyat dərsliyi ilə bağlı deyirlər ki, həmin dərslikdə digər ölkələrin dərsliklərindən parçalar götürülüb. Əgər belədirsə, deməli, dərsliyin müəllifləri pedaqoji işi bilmirlər. Dərslik müəllifləri o yerdə yaşayan insanların genetik imkanlarını, tarixini nəzərə almalıdırlar. Riyaziyyatdakı teoremlər, qanunlar hər yerdə eynidir. Bununla razıyam. Amma hər hansı misalı necə tədris etmək, bu, artıq milli məsələdir. Birinci sinfin riyaziyyat dərsliyinin müəlliflərindən olan Nayma Qəhrəmanova Texniki Universiteti bitirib, ixtisasca mühəndisdir, heç bir yerdə dərs deməyib, pedaqoji anlayışı da yoxdur. Ona görə də müəllifi olduğu dərslikdə səhvlər edir.
Dərsliklərdə tək oğurluq məsələsi deyil, çox qüsurlar var. Bunlar da hamısı biri-biri ilə bağlıdır. Azərbaycan dili dərsliyində hər hansı bir hərf keçilmədən şagirdlərə (keçirilməyən hərflərdən istifadə olunmaqla) mətn təqdim edilir. Ancaq əgər uşaq bir hərfi keçməyibsə, ona o hərfin işləndiyi sözü vermək olmaz. Bu kimi qüsurlar çoxdur. Bu da ondan irəli gəlir ki, müəlliflər didaktikanı bilmirlər”.

“Ciddi nöqsandır və aradan qaldırılmalıdır”

Nizami Cəfərov, millət vəkili, AMEA-nın müxbir üzvü, professor: “</b>Gərək dərsliklərdə plagiatçılıq olmasın. Yəni, qarşına çıxan hər dərsliyi köçürmək doğru deyil. Amma bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, dərslik müəllifin (və yaxud müəlliflər kollektivinin) təhqiqatı deyil. Müəllif dərslikdə bütün faktları, hadisələri, elmin indiyə qədərki nəticələrini ümumiləşdirməlidir. Təbii ki, hərf keçirilmədən həmin hərfin işləndiyi söz verilə bilməz. Əgər belə fakt varsa, bu ciddi nöqsandır və aradan qaldırılmalıdır”.

<b>Qəzənfər Kazımov, professor, bir sıra dərsliklərin müəllifi: “</b>İndi dərsliyi mütəxəssis olmayanlar da yazırlar, daha doğrusu ordan-burdan köçürürlər. Bu da həm nöqsan, həm plagiatdır. Dərslik yazmağı hər adama etibar etmək olmaz. Keçmişdə dərsliyi ən təcrübəli, dərslikdən başı çıxan insanlar yazırdı. İndi yaxınlıq, qohumluq, dostluq məsələləri nəzərə alınaraq dərslik yazmağa icazə verirlər. 5, 6, 7-ci sinfin Azərbaycan dili dərsliklərindən xeyli şikayət var. İndiki dərsliklərin bəzilərində tapşırıqlar çox köhnədir. Bəzən köhnə dərsliklərdən köçürülmələr olur. Düzdür, keyfiyyət baxımından dərsliklərdə xeyli inkişaf var, ancaq təəssüflər olsun ki, sadaladığımız nöqsanlar da mövcuddur. Bəzən görürsən ki, bir dərslikdə 3-4 adamın adı müəllif kimi qeyd olunub. Ancaq onlardan elələri var ki, həmin dərslikdən xəbərləri yoxdur, sadəcə könülləri xoş olsun deyə, həmin dərsliyə adları müəllif kimi salınıblar. Bir məsələni də qeyd edim ki, birinci sinfin Azərbaycan dili dərsliyini hər adam yaza bilməz. Bu ciddi bir məsələdir. Hərf keçirilmədiyi halda, həmin hərfin işləndiyi sözlərin şagirdlərə keçirilməsi düzgün deyil. Sözləri dərsliyə doldurmaqla dərslik olmur”.

 “Həmin dərslikləri şagirdlərə vermək düzgün deyil...”

Tofiq Hacıyev, əməkdar elm xadimi, professor, BDU-nun kafedra müdiri: “</b> Dərsliklərdəki plagiat məsələsindən xəbərim yoxdur. Ona görə də bu barədə bir söz deyə bilmərəm. O ki qaldı hərf keçirilmədiyi halda həmin hərfin də işləndiyi sözlərin Azərbaycan dili dərsliyində verilməsinə, təbii ki, doğru deyil. Yəni, bunu bilmək üçün alim olmağa ehtiyac yoxdur. İstənilən adamdan bunu soruşduqda, o da eyni fikri bildirəcək”.

Yəhya Kərimov, Təhsil Problemləri İnstitutunun direktor müavini, professor: “Mən plagiat məsələsindən danışanda yaxşı baxmırlar, deyirlər ki, paxıllıqla belə deyirsən. Birinci sinfin Azərbaycan dili dərsliyini təhlil edib Təhsil Nazirliyinə təqdim etmişəm. Onun bir sürəti də məndədir. Üçüncü sinfin Azərbaycan dili dərsliyinin müzakirəsinə qatılmışdım. Müzakirələrdə həmin dərslikdə 200-300 səhvin olduğunu qeyd etmişəm. Elmi səhvlər var. 100-ə qədər cümlə “amma”, “ancaq”, “lakin”, “çünki” sözləri ilə başlayır. Onlarla cümlədə nöqtə qoymayıblar, ifadələrdən sonra nöqtələr qoyublar. Cümlələr kiçik, ifadələr böyük hərflə başlayıb. Mən bu cür şeyləri deyəndə, cavab verə bilmirlər. Bir şeyi bilirəm ki, dərslikləri heçə döndəriblər. Həmin dərslikləri şagirdlərə vermək düzgün deyil. Müəlliflərin bəziləri müəllim deyil. Texniki Universiteti bitirən dərslik yazır, yaxud kimya təhsili alan Azərbaycan dili dərsliyinin müəllifidir. Nazirlik mənə tapşırıb ki, dərsliklərə qapalı şəkildə qiymət verim. Mən də qiymət verib, oturacağam yerimdə”.

Ənvər Abbasov, Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin direktoru, dosent: “ Mən dərsliklərdəki plagiat məsələsini araşdırmamışam. Ona görə də bundan xəbərim yoxdur. Təbii ki, dərslikdə plagiat, köçürmə halları ola bilməz. Dərslik tərtibatdır, o, hazırlanmalıdır. Yəni, dərslik yazılmır, tərtib olunur. Ona görə də orijinal, uşağın səviyyəsinə uyğun olmalıdır”.

Əməkdaşımız Ənvər müəllimə “1-ci sinif Azərbaycan dili” dərsliyində keçilməyən hərflərin işlədildiyi sözlərdən istifadə olunmasına necə baxırsınız” sualını verməyə belə imkan tapmayıb. Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin direktoru 1-ci suala cavabdan sonra “bu qədər kifayətdir” deməklə söhbəti yekunlaşdırıb.
 

# 1979

Oxşar yazılar