Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirildi
18 fevral 2024 14:38 (UTC +04:00)

Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirildi

Bu gün Bakı və Naxçıvan şəhərlərində Dövlət İmtahan Mərkəzi tərəfindən doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib.

Bu barədə Lent.az-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

İmtahanın keçirilməsi üçün 2 bina, 4 imtahan rəhbəri, 2 ümumi imtahan rəhbəri, 31 nəzarətçi, 4 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.

İmtahanın nəticələri “Danışıq bloku” imtahanı keçiriləndən sonra 2 həftə ərzində elan olunacaq.

Fevralın 18-də keçirilən imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarətdir. Bu imtahanda iştirak etməyən iddiaçılar danışıq bloku üzrə imtahana buraxılmırlar. Danışıq bloku üzrə imtahan 4 mart tarixində keçiriləcək. Danışıq bloku üzrə imtahanda iştirak etməyən iddiaçılar ilk 4 blok üzrə 30 bal və daha yüksək nəticə göstərsələr belə, şəhadətnamə ilə təmin olunmayacaqlar.

Həm xarici dil üzrə fəlsəfə doktoru imtahanlarında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Vizual məlumatın təsviri və danışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala üzrə qiymətləndirilir.İmtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq blokları üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azı 30 bal toplamış iddiaçılar və əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanından azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər.

Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı fevralın 19-da, danışıq bloku imtahanı isə martın 4-də keçiriləcək.

# 3375
avatar

Oxşar yazılar