Vətən müharibəsində şəhid olan Kənan Allahverdiyev
14 dekabr 2020 17:01 (UTC +04:00)

Vətən müharibəsində şəhid olan Kənan Allahverdiyev

Taxtadan qılınc, şəhid olmadan öncə alınan qisas, sonuncu zəng: 19 yaşlı Kənanın şərəfli həyat yolu

“Öz qisasını alıb, sonra şəhid olub. Ayağından yaralansa da, sürünə-sürünə mövqeyini dəyişib, yenidən ayağa qalxıb döyüşə atılıb. Sinəsindən aldığı 4 güllə yarası ilə şəhidliyə qovuşub”.

Söhbət 19 yaşlı Kənandan gedir. Lent.az şəhid Kənan Allahverdiyevin şərəfli həyat yolunu təqdim edir.

 O, 2002-ci il fevralın 10-u Sumqayıt şəhərində anadan olub. 5 nəfərlik ailənin 3 övladından biri olan Kənan evin sonbeşiyi, sevimlisi idi. Bütün ailə üzvlərinin gözündə həmişə uşaq olan Kənan, etdiyi qəhrəmanlıq, ucaldığı bu zirvə ilə birdən-birə böyüdü. Qardaşı Nicat ilə söhbətimiz zamanı bildirdi ki, onu tanıyan hər kəs mərdliyinin, qorxmazlığının şahidi idi. Ta uşaq vaxtından:

“Elə uşaqlıqdan mərdliyi var idi. Heç nədən qorxmazdı”.

Kənan Sumqayıtda yerləşən Qubadlı rayon Mahmudlu kənd tam orta məktəbində təhsil alıb. Dərslərində əlaçı olmasa da bütün müəllimlərin sevimlisi olub:

“Aktiv uşaq olub. Heç nədən geri qalmazdı. Bir də dürüstlüyü, təmizliyi, tərbiyəsi həmişə onu diqqət mərkəzində saxlayıb. Bütün müəllimləri həmişə deyirdilər ki, Kənan mərd uşaqdı”.

Uşaqlıqdan qəhrəmanlıq filmlərinə maraq göstərən Kənan, izlədiyi kinolardan daha da həvəsə gəlib:

“Ən çox sevdiyi film “Diriliş Ərtoğrul” idi. Bir bölümünü belə qaçırmazdı. Hər dəfə seriala baxanda deyirdi ki, mən də bu igidlər kimi şəhid olacam. Filmdə şəhid adına o qədər böyük hörmət, sevgi var idi ki, sanki bundan ilham alırdı. Fikri ancaq onda idi. Həmin serial təzə başlayan illərdə onun 13 yaşı olardı. Seriala baxandan sonra çıxıb özünə taxtadan qılınc düzəltmişdi. Qonşunun atına minib qılıncı da əlinə alırdı. Özünü filmdəki kimi hiss edirdi. “Ərtoğrul kimi olacam” deyirdi”.

Bir insan gələcəklə bağlı nə arzulayar? Hansı xəyalları qurar? Təbii ki, sonsuz xəyalları var hər kəsin. Amma Kənanın xəyalı, arzusu bir olub:

“Şəhid olmaq, gələcəklə bağlı tək planı bu idi sanki. Ona görə də əsgər getməyi həyəcanla gözləyirdi. Əsgər gedəndən sonra da heç vaxt heç nədən şikayətlənməyib. “Çətinliyim var” sözünü dilinə gətirməyib”.

6 ayın əsgəri olan Kənan qardaşı ilə axırıncı dəfə sentyabrın 20-si görüşür:

“Hələ müharibə başlamamışdı. Getdim yanına görüşdük. Nə soruşdumsa, dedi hər şey yaxşıdır. Heç vaxt şikayətlənməzdi. Müharibənin olacağını eşitmişdik. Dedim özünü qoru. Qoruya bilmədi...”

Müharibə başalayan kimi o da döyüşə yollanır. Sonuncu zəngini sentyabrın 30-u edir. Qısa danışır. Ailəsi üçün isə bu onun dilindən eşitdikləri və heç vaxt unutmayacaqları qədər uzun bir söhbət olur.

“Sanki vidalaşırdı. “Sağ olun, özünüzə yaxşı baxın” dedi. Heç bir çətinlikdən danışmadı. Elə hey “mən yaxşıyam, hər şey yaxşıdır, arxadayam, döyüşmürəm” deyirdi.  Amma halbuki elə öndə vuruşanlardan biri olub. Özü bizə elə deyirdi ki, narahat qalmayaq”.

Kənan Talış uğrunda gedən döyüşlərdə böyük şücaət göstərir. Kənan döyüşə snayperçi kimi qatılır və xeyli sayda erməni faşistini məhv edir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə ayağından yaralansa da, geri çəkilmir. Yenidən döyüş meydanına atılır. Sinəsindən aldığı 4 güllə yarası ilə oktyabrın 3-ü şəhidliyə qovuşur:

“Döyüş yoldaşları deyir ki, Kənan öz qisasını alıb sonra şəhid oldu. Ayağından yaralansa da sürünə-sürünə mövqeyini dəyişib, yenə döyüşüb. Çox sayda ermənini məhv edib. Son anda da qorxmadan, çəkinmədən üstlərinə gedib. 19 yaşında bu qədər igidlik, mərdlik, qorxmazlıq... Mən qardaşımla fəxr edirəm. Amma onun acısı, üzüntüsü o qədər çoxdur ki, sözlərə sığmaz...”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 32049
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar