Yay aylarında günəşin təsirindən qaralmış, parlaq dəri bir çox qadının arzusudur. Lakin günəş altında saatlarla yatmaq əvəzinə, daha sürətli və “praktik” yol axtaranlar solarium cihazlarına “qutu”larına üz tutur. Cəmi 5-10 dəqiqədə bürünc dəri rəngi hər il minlərlə insanı bu prosedura vadar edir.
Bəs bu “gözəllik qutusunun” içində əslində nə baş verir?
Lent.az xəbər verir ki, solarium cihazları bədənin ultrabənövşəyi şüalarla qısa müddətdə qaralmasına səbəb olur. Bu, dəridə melanin piqmentinin ifrazını artırmaqla baş verir. Dəri səthindəki bu dəyişiklik bir neçə seansdan sonra özünü aydın şəkildə göstərir. Lakin bu süni qaralmanın cəlbedici tərəfləri ilə yanaşı, ciddi sağlamlıq riskləri də var.
Dermatoloq-həkimlərin sözlərinə görə, solariumdan tez-tez istifadə edilməsi dəri xərçəngi riskini artırır:
Solarium dəri hüceyrələrində genetik dəyişikliklərə səbəb ola bilər. Bu, yalnız erkən qocalmaya deyil, həm də dəri xərçəngi riskinin artmasına gətirib çıxarır. Onun yaydığı UV-A və UV-B şüaları təbii günəş işığından daha güclü ola bilər. Hər iki tip şüa dəriyə nüfuz edərək kollagenin dağılmasına, qırışların yaranmasına səbəb ola bilər.
Solarium cihazları xüsusilə ağ dərili, çoxlu çilləri olan, günəşə qarşı həssas insanlar üçün risklidir. Bundan əlavə immun sistemində zəiflik olan şəxslərin solariumdan uzaq durması tövsiyə olunur. Bu səbəbdən də həkimlər təbii günəş işığında qaralmağı, eyni zamanda SPF tərkibli günəşdən qoruyucu vasitələrdən istifadəni tövsiyə edir.