Qubad İbadoğlunun həbsindən də pul qazanmağı düşünürlər - ŞƏRH
22 mart 2024 19:59 (UTC +04:00)

Qubad İbadoğlunun həbsindən də pul qazanmağı düşünürlər - ŞƏRH

Qərb dairələri Qubad İbadoğlunu "vicdan məhbusu" kimi sırımağa çalışır və  beynəlxalq ictimai rəydə Azərbaycan haqqında "siyasi məhbusların" olduğu, azadlıqların boğulduğu bir ölkə imici formalaşdırmağa çalışır. Q.İbadoğlunun Qərb dairələrinin Azərbaycanda ictimai rəyi şaşdırmaq və vəziyyəti gərginləşdirmək üçün istifadə edildiyi bir vasitə olduğu faktlarla isbatlanıb. Uzun müddət xarici ölkələrdə anti-Azərbaycan fəaliyyəti göstərərək ciddi cəhdlə ölkəmizə qarşı yaradılan təhdidlərdə fəal iştirak edən Qubad İbadoğlu xüsusi tapşırıq əsasında Azərbaycana gələrək öz  əməllərini burada davam etdirməyə çalışıb. Guya o, müxalif qfupların  konsolidasiyasına və vahid cəbhə formasında fəaliyyətə başlamasına nail olmalıydı. Qərbdən ötürülən qrantlar əsasında dağıdıcı şəbəkə qurulması, Azərbaycanda ictimai-siyasi sabitliyin pozulması, bu günə kimi əldə olunmuş uğurların itirilməsi üçün planlı fəaliyyət göstərilməliydi. Q.İbadoğlunun FETÖ və Qərb institutları ilə əlaqələri gün kimi ortadadır. Buna görə də bu gün Qərb dairələri onun arxasında durub Azərbagcana təzyiq göstərmək istəyirlər.

Politoloq Əlisahib Hüseynov deyib ki, Qubad İbadoğlu nə hərəkat rəhbəri kimi, nədəki partiya sədri kimi böyük siyasətdə öz möhürünü vura bilmədi.

 

Ekspert bildirib ki, öz yolunu hələ də müəyyən edə bilməyən bir təşkilat, bir partiya rəhbərinin ciddi siyasi lider xülyası ilə yaşaması isə absurd idi: 

 

"Məhz belə xülyalarla yaşamaq Qubad İbadoğlunu avantürist davranışlarını davam etdirməyə və Qərbdəki himayədarlarının, “donor”larının sifarişlərini, göstərişlərini yerinə yetirməyə sövq etdi. Onun BİZ TV üzərindən politikan-bloger kimi Azərbaycan hakimiyyətinə qarşı çıxışlar etməsi də həmin himayədarlarının göstərişlərinin nəticəsi idi. Qubad İbadoğlu internet “bazar”ının imkanlarından yararlanıb “vətənpərvər” obrazında çıxış edərək, təxribat və təhrik xarakterli addımlar atmağa başladı, virtual “siyasi ulduz”a çevrilməyə can atdı. Bu da onun sadəcə populist olduğunu, psevdosiyasətçiliyini göstərir. Qubad İbadoğlu siyasi partiya sədri kimi uğursuzluğunun əvəzini bu yolla kompensasiya etməyə çalışırdı. Üstəgəl, o da məlum oldu ki, onun hətta FETÖ ilə də əlaqələri varmış. Daxili İşlər Nazirliyinin bir neçə gün əvvəl FETÖ ilə bağlı keçirdiyi əməliyyat çərçivəsində Qubad İbadoğlunun da saxlanması həqiqətən də olduqca ciddi məsələdir. Bu əməliyyat Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat və ciddi materiallar əsasında aparılıb. Saxlanılan 5 nəfərdən birinin Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verdiyini artıq hamımız bilirik. Bu ifadənin nə qədər doğru olduğunu, Q.İbadoğlunun FETÖ lideri Fətullah Gülənlə həqiqətən də əlaqələrinin olub-olmadığını üzə çıxarmaq təbii ki, istintaqın işidir. Odur ki, bu barədə hələlik qəti bir fikir söyləmək mümkün deyil. Ancaq Q.İbadoğlunun siyasi buqələmunluğunu və öz maraqlarından ötrü istənilən bir qüvvə ilə əməkdaşlığa gedə biləcəyini nəzərə alsaq, o zaman ehtimallarımız yəqin ki, bizi yanıltmaz".

 

Analitik vurğulayıb ki, o ki qaldı qeyri-leqal “qrant” pullarının birgə bölüşməsində iştirak etmiş qurumların və şəxslərin indi Qubad İbadoğlunun həbsinə görə narahat olmalarına və onların bu məsələyə siyasi don geyindirib öz məqsədləri üçün istifadə etmək cəhdlərinə, əslində bu da anlaşılandır: 

 

"Bu siyasi möhtəkirlər, fürsətçilər öz “qazanc” yerlərini itirmək istəmirlər. Və hətta Q.İbadoğlunun həbsindən də pul qazanmağı, ya da siyasi divident əldə etməyi düşünürlər. Daim Azərbaycana qarşı qərəzli mövqeyi və ermənipərəstliyi ilə seçilən Human Rights Watch kimi nüfuzlu beynəlxalq təşkilatın Q.İbadoğlunun həbsi ilə əlaqədar məlum bəyanatı da elə həmin möhtəkirlərin, fürsətçilərin işinə yarayır. İşin maraqlı tərəfi odur ki, əvvəllər həmişə ermənilərin mənafelərini qorumağa üstünlük verən Human Rights Watch, budəfə isə Qubad İbadoğlunun “vəkil”i rolunda çıxış etməyə qərar verib. Bunun özü də kifayət qədər düşündürücü məqamdır. Yoxsa, Human Rights Watch kimi bir təşkilat siyasi spekulyasiya xarakterli bəyanatla çıxış etməyə əsla tələsməzdi. Bir müddət keçəndən sonra şübhəsiz ki, bu oyunların da üstü açılacaq. Lakin hələ ki məlum olan isə budur ki, Q.İbadoğlunun həbs edilməsi onun qrant alıb birgə mənimsədiyi xarici “ortaq”larını bərk sarsıdıb. İsterik bəyanatlar da bundan irəli gəlir. “Ortaq”larının bu canfəşanlığı yəqin ki, Qubad İbadoğlunun özü üçün də ciddi dərs olacaq. Ümid edək ki, o, siyasi təşkilat rəhbəri obrazını yaratmaq və həqiqi siyasi liderə çevrilmək istədiyi bir halda bir dəstə yerli və xarici “qrantyeyən”lərin əlində sadəcə alətə, vasitəyə çevrildiyini dərk edəcək. Bunu dərk etmək üçün onun fürsəti var. Görünən budur ki, Qubad İbadoğlu siyasi iflasa uğrayıb. Lakin o, siyasi iflasa uğramasının səbəblərini ilk növbədə özündə axtarmalıdır".

# 2991
avatar

Oxşar yazılar