Azərbaycanlı kikboksçu Tulin Ələkbərova barəsində sosial media hesablarında yayılan montajlı şəkillərin silinməsini tələb edir.
Lent.az-ın məlumatına görə, kikboksçu bildirib ki, onun şəkili qeyri-etik formada redaktə edilərək sosial media hesablarında yayılıb:
"Bir neçə gün bundan əvvəl Aysu Qəhrəmanova adlı idmançı tərəfindən mənəmmiş kimi bir şəkil montaj edilərək paylaşılıb. Mən həmin qızdan Abşeronda polis idarəsinə şikayət etmişəm. İki gün sonra qız idarəyə çağırıldı. O, şəkli öz telefonundan silib. Lakin bunu bütün sosial şəbəkə hesablarında yaymışdı. Öz "TikTok" hesabından da sildi. Üzr istəmədən, mən şikayəti geri çəkmədən qız çıxıb gedib. Bütün sosial şəbəkədə paylaşılan montajlı formada mənəmmiş kimi qələmə verilən şəkillərim başqasının qeyri-etik səsi ilə paylaşılıb. Əslində elə bir şey yoxdur. Mən sadəcə olaraq bundan narahatam. Mənim adımı pisə çıxardırlar, bu, karyerama mənfi təsir edir. Bir neçə tələbəmi buna görə itirmişəm. Ailəvi problem yaşayıram. Nişanlanacağım oğlanın ailəsi görüb. Pis vəziyyətdəyəm. Özümü öldürmə dərəcəsinə çatmışam".
Tulin Ələkbərova bu məsələnin qloballaşmasını, problemin aradan qaldırılmasını, qızın isə cəzalandırılmasını istəyir:
"Hansı sosial şəbəkədə, mediada paylaşılıbsa, bunlar aradan götürülsün ki, mən normal həyatıma davam edim. Bütün platformalardan mən bunun silinməsini tələb edirəm. Mən canıma qəsd edəndən sonra buna kim cavabdeh olacaq?".
Kikboksçu Aysu Qəhrəmanova isə "oxu.az"a bildirib ki, iki il öncə Tülin Ələkbərova onun zalda videosunu çəkərək sosial şəbəkədə paylaşıb, şərəf və ləyaqətinə toxunub:
"İki il əvvəl mən zalda olanda Tülin Ələkbərova sparring məqsədilə video çəkib, lakin bunu sosial şəbəkədə tamam başqa cür istifadə edib. Mənim şərəf və ləyaqətimi alçaldıb. Videonun silinməsi üçün ailəm dəfələrlə xanıma yazıb, amma o, valideynimə də qeyri-etik cavablar verib. Mən o vəziyyətdə idim ki, evdən çölə belə çıxa bilmirdim. Çöldə olanda hər kəs mənə deyirdi ki, sən Tülinin döydüyü qız deyilsən, hələ də yaşayırsan? Bu tip ifadələr ilə məni alçaldırdılar. Mən, hətta intihara da cəhd etmişəm. Bədənimdə xəsarətlərim var. Əsəblərim pozulduğuna görə müalicə aldım. Bundan sonra epilepsiya xəstəliyi tapdım. Xanıma etdiyim xəbərdarlıqlara baxmayaraq, o videonu silmədiyi üçün Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə şikayət etdim. O dedi ki, silirəm və bir də paylaşmayacağam. Lakin o yenə də mən hər yarışda döyüşüb udanda həmin videonu paylaşırdı. Üzərində "özündən zəifi vurub paylaşmaqla deyil, gücün çatırsa, mənə çatsın. Gəlin bunu buradan aparın, ayaq üstə dura bilmir" tipli yazılar yazırdı. Mən isə onun acığına elə bir şəkil paylaşdım".
Aysu Qəhrəmanova qeyd edir ki, paylaşdığı şəkil fotomontaj deyil:
"O şəkil montaj deyil, bunu özü də bilir, sadəcə özünə haqq qazandırmaq üçün belə bir açıqlama verib. O foto montaj olsaydı, heç vaxt səviyyəmi salıb paylaşmazdım".
O, həmçinin əlavə edib ki, heç bir tanışlığı olmadan mübahisəni ilk Tülin Ələkbərova başladıb:
"Onunla heç bir problemim, tanışlığım yox idi, mənə sataşmağa başladı. İki il ölüm həddinə çatdım, dəfələrlə intihara cəhd etdim. Anam gecələri yatmayıb mənim başımda dururdu ki, özümə xəsarət yetirməyim".