Dəli yığıncağı və ya əsl dəli kimdir? - REPLİKA
14 fevral 2024 17:35 (UTC +04:00)

Dəli yığıncağı və ya əsl dəli kimdir? - REPLİKA

Dəli yığıncağı - Bilib gizlətdiklərimiz qatilimiz olur.

Dünən xəstəxanadan çıxıb taksiyə oturdum. İşlərim alınmamışdı deyə çox əsəbi idim və telefonda oğluma giley-güzar edirdim. 

Sürücü 70-75 yaşlarında çox arıq bir kişi idi. Mənim telefon söhbətimin bitməyini gözləyirmiş kimi güzgüdən üzümə baxıb “adamda əsəb qoymurlar qala, məni də 2 saylı əsəb xəstəxanasına yazıblar, bilmirsən hardadı?” soruşdu. Bilmədiyimi dedim. Amma içimə qurd düşdü.

Yolda bərk tıxac var və kişi başını pəncərədən çıxarıb başladı yan-yörədəki maşınların sürücülərinə söyməyə. Yol boyu yanından kim keçirdisə, hərəsinə bir bəhanə tapıb qəzəbləndi, deyindi, mırıldandı. İş yerimə çatanda yolun qısalığını görüb mənə də çəmkirdi: “5 addım yol idi də, özün gələ bilmirdin, taksi tuturdun?”.

Kişinin qırımından anlamışdım ki, ruhi xəstədir, ona baş qoşası olsam, pis qurtarar deyə yol boyu kəlmə kəsmədim.

Bəs mənim yerimdə başqası olsaydı, cavab versəydi, onda bu iş necə nəticələnərdi? Aramızda o qədər potensial cani dolaşır xəbərimiz yox.

Bəli psixi xəstələrə sürücülük vəsiqəsi verilmir. QANUNLA. Amma bu bizik, qanunu şalban kimi görürük, üstündən atlaya bilməsək də, yanından fırlanıb keçirik. Kişi bu vəsiqəni psixi xəstəliyə tutulmazdan öncə alıbsa onda necə?

Bəlkə də dünyada yeganə xalqıq ki, psixi xəstəni bu sahənin mütəxəssisi  olan psixiatra aparmağa utanırıq. Hətta bunu təhqir kimi qəbul edirik. Xəstənin adamlarına deyəndə ki, bu xəstə özü və ətrafdakılar üçün təhlükəlidir, mütləq ruhi dispanserdə müalicə almalıdır, inciyirlər.

Ölkədə poliklinikalarda psixiatr müayinəsindən keçmək məcburi deyil. Çox zaman poliklinikalarda psixiatrlar yoxdur,  müayinə olunmaq üçün xüsusi müəssisələrə üz tutmalı olursan. Sağlamlıq kağızı almaq üçün yoxlananda bədənin hər yerini yoxlayırlar, başdan başqa. Baş bədəndən sayılmır?

Xəstə yaxınları özləri müraciət etməyincə bu ölkədə heç kimi psixi problemləri olan adam kimi qeydə almırlar. Ona görə, hər sahədən insanlar arasında psixi xəstələrə rast gəlmək olar. Müəllim, həkim… Bu iki sahənin adını xüsusi həssaslıqla çəkdim, çünki onlara cəmiyyətdə inam ehtiram var və belə xəstələr onlar arasında olanda nəticə daha qorxunc olur. Boş yerə yazmadım, şahidi olmuşam.

Psixoloji problemi olan adamı çox zaman nevropatoloqa aparırlar və təbii ki, həkim çox zaman öz profilinə aid olmayan xəstəni ayırd edə bilmir. Psixi xəstələr isə heç də həmişə təsəvvür etdiyimiz kimi kənardan zombiyə filan bənzəmirlər. Kifayət qədər normal görünüşlü, nəzakətli və kamuflyaj altında gizlənmiş olurlar.

Psixi xəstə əsgərliyə gedib əlindəki silahla potensial qatil kimi gəzsə, onda necə?

Qısası, “eşidən bilən nə deyər, adımıza qara ləkə düşməsin” deyib bir psixi problemi olan insanı gizlədəndə onda cəmiyyətə qırmızı ləkə düşür - Qan şəklində.

2 saylı Ruhi Xəstəxananın keçmiş baş həkimi Ağahəsən Rəsulovla müsahibəmdə maraqlı bir fikir səsləndirmişdi. Cəmiyyət içindəki dəlilərin sayı, xəstəxanadakılardan qat-qat çoxdur. Kim dəlidir, kim ağıllı, heç zaman bilə bilməzsən. Bilmədiklərimiz heç, bildiklərimizi gizlədib, özümüzü , ətrafımızdakıları riskə atırıqsa, düşüncələrimizi dəyişmiriksə biz dəli yığıncağı deyilik, bəs nəyik?

# 3567
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar