“Bizdə uşağı  valideynin şəxsi əmlakı   hesab edirlər” - SOSİOLOQ
22 sentyabr 2022 17:14 (UTC +04:00)

“Bizdə uşağı valideynin şəxsi əmlakı hesab edirlər” - SOSİOLOQ

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə

Gələcəyimiz olan uşaq, və yeniyetmələrin düzgün tərbiyələndirilməsi, gənclərin istiqamətləndirilməsi hər zaman aktual məsələ olaraq qalır. Bu dəfə müsahibimlə övladlarımızın düzgün yetişdirilməsi, onlarla ünsiyyətdə böyüklərin və cəmiyyətin yol verdiyi xətalar barə danışdıq.

Lent.az-ın müsahibi sosioloq Sahib Altaydır.

- Bizim toplumun övlad tərbiyəsində yol verdiyi xəta nədir?

- Azərbaycan və bu statusda olan ölkələrdə digər sahələrdə olduğu kimi, uşaq tərbiyəsi və şəxsiyyət yetişdirilməsində də xeyli problemlər var. Bizim toplumsal düşüncəmizə görə ən yaxşı tərbiyə metodu bizə məxsusdur və biz bununla ən üstün insan modeli yetişdiririk. Bu, ənənəviliyin bizə bəxş etdiyi eyforiyadan başqa bir şey deyil. Müasir düşüncə, yaşam, inkişaf tendensiyası ilə müqayisədə, öz içimizdə ideal hesab etdiyimiz ənənələrimizlə birlikdə çox geridəyik.

- Cəmiyyət ailəyə xas hesab etdiyimiz uşağın tərbiyəsində hansı rolu oynayır?

- İnsan təbiətdəki digər canlılardan fərqli olaraq bioloji olmasıyla yanaşı, həm də sosial canlıdır. Buna görə, valideynlik də iki qola ayrılır – bioloji valideynlik və mənəvi valideynlik. Bioloji olaraq bir uşağın iki valideyni var. Mənəvi müstəvidə isə bu say çoxalır. Uşağın bioloji valideynləri (atası və anası) ilə yanaşı ona tərbiyə, təhsil verməkdə məsul olan müəllimləri, onun şəxsiyyət olaraq formalaşmasında anası və atası qədər məsul olan dövlət də mənəvi valideynlər hesab olunur.

- Şəxsiyyəti düzgün formalaşdıra bilirik?

- Bizdə və bizim statusumuzda olan ölkələrdə hələ də övlad həyatının bütün mərhələlərində ailədən sosial asılı olur. Uşağın doğulmaq, böyümək, təhsil almaq, ali məktəbdə oxumaq, əmək fəaliyyətiylə məşğul olmaq, ailə qurmaq və.s. Valideynin çiyinlərinə çox böyük məsuliyyət yüklənib. Həm bu maddi öhdəliklərin, həm də inanc və mental təfəkkürün nəticəsi olaraq bizdə uşaq valideynin şəxsi əmlakının bir parçası hesab olunur. Uşaqlar daha çox fərd olaraq böyüdülür.  Şəxsiyyət olaraq yox və ən çox da valideynlərin gələcək himayədarı kimi yetişirlər. Uşaq dünyaya göz açdığı andan etibarən ömrünün sonuna kimi onun boynuna müxtəlif məsuliyyətlər, borclar yüklənir. Bu səbəblərdən də şəxsiyyət fenomeni öz təsirini itirir.

Sosial asılılığın yüksək səviyyədə olduğu mühitdə düşüncə və təşəbbüs azadlığının olması mümkün deyil. Bu prinsiplər əsasında zəncirvarı olaraq bir-birindən asılı, azadlıqdan məhrum, şəxsi həyat və təşəbbüsdən uzaqda, öz həyatını deyil, başqalarının həyatını yaşayan nəsilləri formalaşır.

- Sizcə ailə institutumuzda islahatlara ehtiyac var?

- Gen yeni orqanizmdə özünü daha yaxşı formada kopyalayır. Təfəkkürün dəyişməsində nəsil faktoru önəmlidir. Yeni nəsil köhnə nəslin müasiridir. Cəmiyyəti təşkil edən amillər praktikada işləmədikdə şəxsiyyəti formalaşdıran amillər də öz funksionallığını itirir. Valideynlik institutu da müsbət nəticələr verə bilmir.
Azərbaycandakı ailə institutu hələlik öz köhnə qaydalarını, prinsiplərini və məqsədlərini özündə daşımaqdadır. Və heç bir reformu qəbul etmir. Hələ də əksər azərbaycanlı ailələrində qız uşaqları başqa evlərin gəlini olaraq yetişdirilir. Oğlan uşaqları isə ata mülkünün sahibi, valideynin gələcək himayədarı, üzərinə müxtəlif borclar, məsuliyyətlər yüklənmiş şəxs.

- Şəxsiyyətin yetişməsinə mühüm təsirləri olan təhsilimizin yol verdiyi yanlış nədir bəs?

- Bizdə təhsil də ənənəvi düşüncəni təlqin edir. Elm müstəqil yaradıcılıq növüdür. Təhsil azad fərd yetişdirməyi təlqin etməli ikən, əzbərçiliyin fonunda inkişaf etməli olan təfəkkürü ətalətliliyə sövq edir.

Öncəliklə valideynlərin övladlarının seçimlərinə qarışmasıyla başlayır xəta. Uşaqlığı, yeniyetməliyi, gəncliyi sosial asılılıq şərtləriylə keçən bir fərd hansı azad seçimlərə sahib ola bilər ki?! Təhsil seçimi əsasən valideynin istəyiylə formalaşır. Bütün sosial nəsnələr bir-biriylə zəncirvari bağlıdır. Təhsilin məqsədi öncə insan həyatı öyrətmək, daha sonra dövlətin gələcəyi və cəmiyyətin rifahı üçün insan resursu formalaşdırmaqdır. Bizim təhsil sistemimin isə həyatı öyrətmək və peşə əxlaqına sahib mütəxəssis yetişdirmək yönündə fəaliyyəti zəifdir. İnsanımızın düşüncəsi görüntüyə, xoşbəxt olmağa yox, xoşbəxt görünməyə hesablandığı kimi, təhsilimizin də məqsədi sadəcə universitetə qəbul sayı göstərməkdir. Daha o qəbulda iştirak edən yeniyetmə bu potensiala sahibdirmi, ya yox, ondan həqiqi mütəxəssis olacaqmı, bu mütəxəssis eyni zamanda özündə peşə məsuliyyətini dərk edəcəkmi, bu nüanslar maraqlı deyil. Eyni düşüncə valideynlərə də aiddir. Hansı toplumlarda ki, kütləvi, təqlidçi təfəkkür hökm sürür, orada azad düşüncə olmur, keyfiyyət yox, kəmiyyət nəzərə alınır, yaşam tərzi insanlar arasında bir-birindən kopyalanır. Bizdə ali məktəb seçimi əksəriyyət etibarilə yüksək təhsil almaq məqsədilə yox, görüntü məqsədilə edilir. “Qonşunun övladı universitet oxuyur, mən də oxuyum” düşüncəsi əsas götürülür. Bu məqamda təhsilin keyfiyyəti yox, diplomun statusu əsas diqqət mərkəzində olur. 
Ailə institutunda da, təhsildə də, iqtisadi, sosial, siyasi idarəetmədə də ənənəvilik hökm sürür. Bu da müasir inkişaf tendensiyasıyla müqayisədə tərbiyədən təhsilə, təhsildən əməyə, əməkdən şəxsi həyat prinsiplərinə kimi övladın həyatının bütün sahələrində müasir dünya ilə ayaqlaşa bilmədiyimiz hər addımda özünü göstərir.
Köhnə təfəkkürlə, ənnəviliklə tərbiyələnən, təhsil alan, idarə edilən uşaqlar isə cəmiyyətin gələcəyi üçün heç bir modernizm dəyərlərini formalaşdıra bilməz. Valideyn, məktəb və dövlət – uşağın gələcək uğuru da, uğursuzluğu da bu üçlüyün sayəsində formalaşır.

Yazı MEDİA-nın maliyyə yardımı ilə hazırlanıb.

# 1551
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

Səs yazısı yayılan direktor İŞDƏN ÇIXARILIR  - RƏSMİ - YENİLƏNİB

Səs yazısı yayılan direktor İŞDƏN ÇIXARILIR - RƏSMİ - YENİLƏNİB

29 noyabr 2022 , 21:37
“Azəriqaz”ın rəhbəri canlı yayımda sualları cavablandıracaq  

“Azəriqaz”ın rəhbəri canlı yayımda sualları cavablandıracaq  

29 noyabr 2022 , 20:18
Dekabrda gözlənilən maqnit qasırğaları:  ən təhlükəli günlər   AÇIQLANDI

Dekabrda gözlənilən maqnit qasırğaları: ən təhlükəli günlər AÇIQLANDI

29 noyabr 2022 , 20:15
"Tamadalar", bərbər və dərzilərdən bu qədər pul alınacaq

"Tamadalar", bərbər və dərzilərdən bu qədər pul alınacaq

29 noyabr 2022 , 12:28
Naxçıvan gömrüyünə yeni rəis təyin olundu - FOTO

Naxçıvan gömrüyünə yeni rəis təyin olundu - FOTO

29 noyabr 2022 , 12:20
Sabah güclü  yağış və qar yağacaq   - HAVA PROQNOZU

Sabah güclü yağış və qar yağacaq - HAVA PROQNOZU

29 noyabr 2022 , 12:16
Bakı milyonçusunun  məzarı acınacaqlı durumda - FOTO

Bakı milyonçusunun məzarı acınacaqlı durumda - FOTO

29 noyabr 2022 , 12:05
Azərbaycan Tibb Universiteti əcnəbi tələbələri QOVDU  - SƏBƏB

Azərbaycan Tibb Universiteti əcnəbi tələbələri QOVDU - SƏBƏB

29 noyabr 2022 , 10:53