"Beynim məni inandırdı ki, ayağım yerindədir" - Minaya düşən gizir Lent.az-a DANIŞDI
13 iyun 2022 18:45 (UTC +04:00)

"Beynim məni inandırdı ki, ayağım yerindədir" - Minaya düşən gizir Lent.az-a DANIŞDI

“Mina partlayışında yaralananda bir müddət ağrı olmur. Beyin bir vaxta qədər ayağın yerində olduğunu inandırır. Məndə də elə oldu...”. 

Bu sözləri Lent.az-a Vətən Müharibəsi iştirakçısı Fərahim Əmirli deyir.

Qısa arayış:

Fərahim Fərman oğlu Əmirli 1993-cü il aprelin 16-da Ağsu rayonunun İlxıçı kəndində anadan olub. 1999-cu ildə orta məktəbə gedən Fərahim Əmirli 2010-cu ildə orta təhsilini başa vurur. Amma ona ali təhsil almaq qismət olmur. O, 2011-ci ildə həqiqi hərbi xidmətə yollanır. Beləcə bundan sonrakı ömrünü hərbiyə həsr edir. Vətən Müharibəsində ayağını itirən Fərahim ali təhsil almağı qərara alır. Subaydır. 

“2011-ci ildə həqiqi hərbi xidmətə yollandım. 2012-ci ildə hərbi xidməti başa vurub geri qayıtdım. Amma yenidən qayıtmağı düşünürdüm. 2014-cü ildə yenidən hərbi xidmətə yollandım. 2020-ci ilə qədər müddətdən artıq hərbçi kimi fəaliyyət göstərmişəm. Bir müddət Bakı Qarnizonunda işlədikdən sonra, xidmətimi Beyləqanda davam etdirdim. 2020-ci ildən gizirəm. Vətən Müharibəsində iştirak etmişəm. Müharibənin ikinci günü hücumda olanda əsgər yoldaşlarım səngərdə minalı əraziyə düşüb qalmışdılar. Onları çıxaranda özüm minaya düşmüşəm. Sol ayağımın aşağı üçdə biri amputasiya olunub. Sağ ayaqda çoxsaylı qəlbə yarası var”.  

Onun sözlərinə görə, bir hərbçinin yaşadığı hər gün təhlükəlidir:

“Müharibədən öncə fərqli bölgələrdə çalışmışam. Bakıda, Beyləqan korpusunda, Haramı düzündə olmuşam. Aprel döyüşlərində ehtiyatda olmuşam. Ön xətt briqadaları qabağa çıxıb, biz Bakı qarnizonları onların yerinə mövqe tutmuşuq. 

Evdən çıxıb, evə qayıtmamaq var...

Bir hərbçinin yaşadığı həyatın hər günü təhlükədir. Bir hərbçi üçün evdən çıxmaq normaldır, amma evə qayıtmağı sual altındadır. Bir hərbçinin həyatı hər gün yeniliklərlə dolu olur. 

Bir ayağımın olmaması həyat fəaliyyətimdə heç bir çətinlik yaratmır. 2014-cü ildə hərbi forma geyinəndə fikirləşirdim belə hadisələrin olacağını. Hər bir şeyə psixoloji hazırlığım vardı”. 

Hərbi xidmətdə texnikaları idarə edən müsahibimiz indi də xidmət etməyə hazır olduğunu bildirir:

“Mənim hərbidəki xidmətim texnika ilə bağlı olub. Texnikanın hər addımı təhlükə deməkdir. Texnikanın sıradan çıxması üçün müharibənin olması vacib deyil. İstənilən bir hərbi təlimdə texnika sıradan çıxa bilər. 

Düzdür, vətənimə, torpağıma görə ayağımı itirmişəm. Torpaq qarşısında borcumu ödəyib geri qayıtmışam. Vətən yolunda ayağımı itirməyim xoşdur. Amma irəli getməməyim daha çox təəssüfləndirdi. 2011-ci ildən əsgər olanda hərbidə qalmaq fikrim vardı”. 

Deyir, indi əsa ilə gəzməyi özünə kompleks edir...

“Ayağımın birinin olmadığına baxmayaraq, əsa ilə yeriməyi özümə kompleks edirəm. İstəmirəm ki, kimsə qıraqdan baxıb “cavan adamdı əsa ilə gəzir ” desin. Ayağım çox ağrısa, bəlkə əsa götürə bilərəm. Amma indiki vaxtda ehtiyacım yoxdur.  

Amma mənim ayağımın protezi var. Rahat gəzirəm. Niyə əsa ilə gəzim ki, kimsə mənə baxıb yazığı gəlsin. Hərbini seçəndə ailəm çox normal qarşıladı. Mənə dəstək oldular. Bu gün də gedib xidmət edərəm”.  

Fərahim Əmirli Vətən Müharibəsində 4 medalla təltif olunub:

“ “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə ”, “Füzuli rayonunun azad edilməsi uğrunda”, “Qubadlı rayonunun azad edilməsi uğrunda” medalları ilə təltif olunmuşam. 

 

Döyüş xatirəsi deyəndə ağlıma dostlarımın şəhid olması gəlir. Bütün xatirələrim onlara aiddir. Onlardan bəziləri qazi, bəziləri şəhid olub. Xəsarət almayanları isə hazırda Şuşada xidmətdədir. Əksəri ilə əlaqəm var”. 

Fərahim deyir ki, mina partlamasında qanaxma zəif olur...

“Minanın ağrısı müəyyən müddət olmur. Beyin bir vaxta qədər ayağın yerində olduğunu inandırır. 10-20 dəqiqə keçəndən sonra artıq ağrılar başlayır. Bu müddətdə də insan özünə ilkin tibbi yardım göstərir. 

Qeyd edim ki, mina partlamasında qanaxma bir az zəif olur. Mina alov şəkilində partladığı üçün  bütün damarları bağlayır. Ümumiyyətlə, ayaq burxulanda da insan özünü panikaya saldısa, çox ağrı verəcək”. 

Həmsöhbətimizin dediyinə görə, iş üçün müraciət edəndə onu yola verirlər:

“Üçüncü qrup əlillik verilib. Bu gün əlil olduğum üçün çox iş yerinə müraciət edirəm, amma cavabsız qalır. Yola verirlər, intizarda saxlayırlar.  Evlə bağlı qeydiyyata düşməyi gözləyirəm. Yəqin ki, yaxın vaxtlarda qeydiyyata götürülər. 

Bəzi məqamlar var ki, ona görə ictimailəşdirmək istəmirəm. Bu gün şəhid yoldaşlarımın ailəsi məni görər, mənə düz gəlməz axı iş tələb etmək. Onun oğlu şəhid olub, mən yaşadığım halda iş tələb edim”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4179
avatar

Fidan İlqar

Oxşar yazılar