Bakı Novruz bayramına necə hazırlaşır? – FOTOREPORTAJ
15 mart 2024 19:07 (UTC +04:00)

Bakı Novruz bayramına necə hazırlaşır? – FOTOREPORTAJ

Yazın gəlişi ilə demək olar ki, hər yer yaşıl don geyinir, göy çəmənlər çiçəklərlə bəzənir. Təbiətin oyanışı, yaşıl zəmilərin boy verməsi, quşların xoş avazı könül oxşayır. Novruz bayramının gəlişi isə bu gözəlliyə daha bir həyəcan qatır. 

Ənənəvi olaraq bu il də paytaxtın müəyyən parklarında, küçələrində hazırlıq işləri davam edir. Artıq paytaxtın müxtəlif hissələrində, parklarda, küçə və prospektlərdə, tarixi abidələrin ətrafında Novruz bayramı atributları, milli ornamentlərlə bəzədilmiş səmənilər quraşdırılıb.

Lent.az-ın əməkdaşı Novruz bayramı ilə əlaqədar Bakıdakı hazırlıqlarla daha yaxından maraqlanmaq üçün paytaxt küçələrinə yollanıb. 

Dənizkənarı bulvar ərazisində uşaqların bayramı əyləncəli keçirməsi üçün novruz bayramına uyğun müxtəlif rəngli və fərqli dizaynda atributlar quraşdırılıb.

Dənizkənarı bulvarda Novruz bayramının simvolu olan səməninin quraşdırılması prosesi artıq yekunlaşmaq üzrədir.

Bakının “Azneft” dairəsində isə xüsusi və fərqli tərtibatla armudu stəkan formasında fiqur yerləşdirilib.

Fəvvarələr meydanında və İçərişəhərdə bu il əvvəlki illərdən fərqli və geniş formada bayram hazırlıqları davam edir.

Paytaxtın “Tarqovı” küçəsində “Torpaq əlimdə, bayram ürəyimdə” adlı xeyriyyə yarmarkası isə ənənəvi olaraq bu il də artıq öz fəaliyyətinə başlayıb. Hər il olduğu kimi bu il də xeyriyyə yarmarkası insanların marağını cəlb etməyi bacarıb. 

Demək olar ki, hər bir kəsin yolunun düşdüyü təmtəraqla bəzədilmiş bu məkanda gəzəndə insan özünü sehrli bir məkanda olduğu kimi hiss edir.

Təxminən 49 evcikdən ibarət olan yarmarkada əsasən “fast food” və qida məhsulları satılan piştaxtaların önündə növbə gözləyən onlarla alıcıya rast gəlmək mümkündür. 

Apardığımız müşahidələrə görə, əvvəlki illərdən fərqli olaraq bu il uşaqların marağına səbəb olan müxtəlif hədiyyəli oyunlar, əyləncə otaqlarına daha çox yer verilib.

# 6198
avatar

Arzu Qurbanlı

Oxşar yazılar