Kirayə uşaqlar, qaraçı sirri və sevgililər “ovçusu” –
10 sentyabr 2011 13:56 (UTC +04:00)

Kirayə uşaqlar, qaraçı sirri və sevgililər “ovçusu” –

Dərsə tələsirdim. Mətbuat prospektini keçib universitetə aparan səkiyə düzəlmişdim ki, “qardaş bir dəqiqə olar səni” - deyə, sağ tərəfdəki hasarın tinindən kimsə astadan səsləndi. Təxminən 30-35 yaşlarında bir kişi və bir qadın idi. Elə ilk baxışdan ər-arvad təsiri bağışlayırdılar.

Məni çağıran kişi idi. Ayaq saxlayıb yaxınlaşdım, qadın başını aşağı salıb nisbətən kişinin arxasında gizlənməyə çalışdı. Kişi isə asta səslə:

- Qardaş, biz uzun illərdən sonra niyyətimizə çatmışıq - yeganə övladımız olub. Niyyət eləmişdik ki, övladımız olsun, küçələrə düşüb pul yığacayıq, qurban alıb kəsəcəyik. Sənin də nə imkanın varsa Allah yolunda bu niyyətimizə kömək et...

Uzun illərin yanğısı ilə deyilən söz mənə çox təsir etdi və əlimi salıb cibimdəki olan qalan beş minin üç minini (o vaxtkı pulla) ona uzatdım. O, lap qadınlar kimi alqış etməyə başladı...

Uşaqlığım tərəkəmə elatlarında keçdiyi üçün mənim aləmimdə ancaq qapı-qapı gəzən seyidlərə nəzir vermək olardı. Sonradan yavaş-yavaş Bakıda rast gəldiyim “pul yığanlar” isə təsəvvürümdə yeni səhifə açdı. Yəni, “anam xəstədir, pul lazımdır”, “oğlum (yaxud da qızım) ağır xəstədir, imkanım yoxdur” və sair kimi problemləri bildirib əl açan adamlar artıq məndə onlara qarşı bir acı təəssürat da yaradıb.

Rastlaşdığım bu kişi və qadın isə yeni hadisə idi. Mən artıq onları dilənçi və sair zənn etmirdim.

Təxminən aradan bir aya yaxın bir vaxt keçdi. Bu dəfə tələbə yoldaşlarımla Akademik Dram Teatrının yanından keçirdim. Deyib-güldüyümüz an birdən kimsə dostlarımdan birini astaca teatrın tininə çağırdı. Bu həmin kişi ilə qadın idi. Mən nisbətə uşaqların arxasında idim deyə məni görmürdülər, amma eşidirdim. Onlar eyni qaydada - bir ay əvvəl mənə dediklərini bu dəfə dostuma deyirdilər: “Niyyət etmişdik övladımız olsun, küçələrə düşüb pul yığaq. İndi arzumuza çatmışıq” və sair... Dostum da çıxardıb nə qədərsə verdi. Mən özümü saxlaya bilməyib onlara yaxınlaşdım, cütlük məni görən kimi (deyəsən tanıdılar) dərhal qol-qola girib uzaqlaşdılar...

Bəlkə də indi çox adi görünər, amma o anda mənim bir ay əvvəl daxilimdə yaratdığım bir aləm dağıldı. “Deməli, əslində mən tələbə məvacibimlə bir ailənin sevincinə şərik olmamışam, aldadılmışam” - deyə, dilxor oldum. Və məni qədər gör neçələrini belə aldadıblar, hansı ki, az əvvəl bir tələbə yoldaşım da eyni “sevinci” yaşadı...

O vaxtdan on ildən çox vaxt keçib - çox şey dəyişib. Azərbaycanda, xüsusilə də Bakıda sosial mənzərə artıq on il əvvəlki kimi deyil. Çox kasıblar indi varlı olub. Amma nədənsə dilənçilərin sayı azalmaq əvəzinə, nəinki artıb, hətta artıq onlar arasında da müxtəlif təbəqələr yaranıb.

Məsələn, bu yaxınlarda çox adi günlərin birində Mətbuat prospektindən “Elmlər Akademiyası” metrosuna qədər təxminən min metrlik məsafədə bir-birindən aralı düz 17 nəfər dilənən adam saydım.

Onlar günaşırı oradadırlar.

Amma beş-altı il əvvəl belə deyildi....

Yeni azərbaycanlılar...

Əvvəllər paytaxtda dilənən adamlara ya metro, bazar qarşısında, ya da sahil parkında rast gəlinərdi.

İndi şəhərin heç bir yeri orada dilənən adamın olmamasına görə sığortalanmayıb...

Bu gün bazarda alverçilərin, məktəblərdə müəllimlərin, jurnalistikada jurnalistlərin sayı qədər Bakı küçələrində dilənənlərin sayı artır.

Bir balaca diqqətlə müşahidə yetər ki, onları da artıq digər sosial zümrələrdəki kimi müəyyən qrupa bölmək mümkün olsun. Məsələn, oturaq dilənənlər, səyyar dilənənlər, müxtəlif “qeyri adi” təkliflər vasitəsilə dilənənlər, uşaqlar vasitəsilə dilənənlər və sair.

Oturaq dilənənlər Azərbaycanda bir qədər ənənəvidir. Lap keçmişdən, hətta sovet dönəmində belə oturaq formada dilənənlər bizim ölkədə xüsusi bir təbəqə olub. İndi onlara Bakıda hər tində rast gəlmək olar. Oturaq dilənçilər indi adətən yaşlı və şikəst insanlardan ibarətdir. Onların əksəriyyəti maddi imkansızlıqdan diləndiklərini deyirlər. Məsələn, özünü Sadıx kimi təqdim edən, danışmaqdan belə çəkinən təxminən 40-45 yaşlı, ayaqlarının birini itirmiş bu kişi mütəmadi olaraq Yasamal rayonu Firudun Ağayev küçəsində “dayanır”. Deyir ayağını Əfqanıstan müharibəsində itirib: “Sovet dövründə dolanmaq üçün bir az yardım ayırmışdılar. Amma ittifaq dağılandan sonra onu da ala bilmədim. Yoldaşım dünyasını dəyişdi, uşaqlar da ki, hərəsi bir tərəfə getdi. Heç kimim yoxdur, kiçik bir komam var (dedim harada, dedi elə buralarda - yerini demədi). Gecə komamdayam, gündüzlər də bu küçələrdə”. Deməyinə görə gün ərzində yığdığı həm yeməyinə, həm də geyinməyinə bəs edir.

Adını demək istəməyən yetmiş yaşlı bir qoca nənə isə Dövlət Dram Teatrının qarşısındakı parkda, açıq havadakı kafenin yanında “oturur”. Özünün, elə ətrafdakıların da deməyinə görə, bütün günü yox, həftənin üç və ya dörd günü burada olur: “Bir qızım var, ərindən boşanıb, “Nizami” metrosunun arxasında onunla yaşayıram. Qızım satıcı işləyir, bir balaca oğlu da var. Qazancı dolanışığımıza çatmır. Neyniyim bala... ara-bir gəlib burada otururam, sağ olsunlar tanıyanlar, bilənlər, gücləri çatandan kömək edirlər. Amma, bala, mən ömrü boyu heç kimə əl açmamışam, edə bilmirəm...”

Bir sözlə, sadaladıqca oturaq dilənənlərin əksəriyyətinin məhrumiyyət üzündən diləndikləri görsənir.

Lakin bu gün paytaxtda dilənənlər arasında daha çox üstünlüyə malik olanlar səyyar dilənənlədir ki, bunların da əksəriyyəti özləri də etiraf etdiyi kimi “dədə-babadan dilənənlərdir”. Onlar arasında “qaraçılar” deyilən təbəqə daha çox üstünlük təşkil edir ki, bu barədə bir qədər sonra danışacağıq.

Səyyar dilənənlər əvvəllər daha çox parklarda, məhəllələrdə çox fəal idilərsə, artıq şəhərdaxili marşrutlarda iri avtobuslar istifadəyə verildikdən sonra onlar buranı da öz fəaliyyət “dairələrinə” cəlb ediblər. Burada “fəaliyyət” göstərənlər arasında isə istənilən yaş həddi ilə rastlaşmaq olar - azyaşlı uşaqdan tutmuş, yaşlı qocaya qədər. Oturaq dilənçilikdən fərqli olaraq, səyyar dilənçilər arasında “oyunbazlar” daha çoxdur. Məsələn, təxminən iki ay əvvəl “20 Yanvar” metro stansiyası yaxınlığında marşrutlardan birinə minən kimi dərhal ucadan “şikəstəm, heç harada işləyə bilmirəm, Allah yolunda kömək edin” - deyə, qışqıran 25-26 yaşlarında bir oğlanla rastlaşdım. O, sağ əlini dirsəyə kimi sarımışdı, qolu isə dibində burxulmuş vəziyyətdə idi. Alnında ilk baxışdan diqqəti cəlb edəcək qədər yarıq vardı. Növbəti dayanacağa qədər sərnişinlərdən kifayət qədər pul yığdı.

Elə həmin günün səhəri bu dəfə “İnşaatçılar” metrosunun yaxınlığında avtobusa minərkən yenə həmin oğlanla rastlaşdım. Yenə oturacaqların arası ilə nalə çəkib pul yığırdı. Amma çox maraqlıdır - bu dəfə hər iki qolu sağ-salamat idi, əvəzində qoltuğunda çəlik, ayağının biri dizinə qədər sarınmışdı. Deməli, bu gün də ayağından “şikəst” imiş. Bu hadisə məndə ciddi maraq oyatdı, növbəti dayanacaqda onun arxasınca düşməyə çalışsam da, adamların arasında onu itirdim. Amma istəyim ürəyimdə qalmadı. Aradan iki-üç gün keçəndən sonra Yasamal bazarı yaxınlığında avtobusdan düşdüyü yerdə rastıma çıxdı. Bu dəfə də bir qolunu dirsəyə qədər sarımışdı və yanında da üst-başı natəmiz olan 4-5 yaşlı qış uşağı vardı, əlindən tutmuşdu. Dərhal ona yaxınlaşaraq “Niyə körpə uşağa bu qədər əziyyət verirsən” - deyə, soruşdum.

O, sağa-sola ürkək halda baxaraq “Neyniyim, şikəst adamam... Bu mənim qızımdır, çörək puluna çıxmışıq” – deyə, cavab verdi.

- 3-4 gün əvvəl ayaqdan şikəst idin, indi də qoldan şikəst görürəm. Yaman tez-tez qəzaya uğrayırsan deyəsən...

Vəziyyətin mürəkkəbləşdiyini görən “dostum” əlacsız halda dilləndi:

- Nə istəyirsiz axı... Biz onsuz da dədə-babadan dilənirik... başqa iş bacarmırıq.

- Çoxdu sizdə bu “sənət”lə məşğul olan?

- Elə hamımız...

Özümdən asılı olmayaraq onun sözünü kəsib yanındakı uşaqdan “bu sənin nəyindir” - deyə, soruşmuşdum ki, oğlan dərhal elə sarıqlı əli ilə uşağı qucağına basıb özünü yaxınlıqakı “dağlı” məhəlləsinə verdi və gözdən itdi.

Heç də o qənaətdə deyiləm ki, bu gün səyyar formada dilənənlərin hamısı bu “qəhrəmanımız” prinsipdədir. Onların arasında həqiqətən ehtiyacı olanlar da var... Lakin nədənsə onlar az rastıma çıxdı. Yəqin, “kasıb mərd olar” səbəbindən onları küçədə az gördüm... Nə bilim...

Bakıda sevgililər “ovçusu”

Bəlkə də Bakı yeganə şəhərdir ki, burada nisbətən kasıb oğlan risk edib öz sevgilisi ilə şəhərə gəzməyə çıxa bilmir. Çünki artıq şəhərdə onları “ov” kimi gözləyən “ovçu”lar peyda olub ki, bunlar da elə səyyar dilənənlər arasındadır. Parkda, küçədə hansı qız-oğlan cütlüyünü görürlərsə, dərhal qabağını kəsib “sən bu gözəlin canı, sən onun...” və digər formada saqqız kimi yapışaraq cibindəki olan-qalanını əlindən almamış əl çəkmirlər.

Vəziyyət o yerə çatıb ki, artıq bu “ovçu”lar şəbəkə halında fəaliyyət göstərirlər. Məsələn, apardığım kiçik araşdırma nəticəsində məlum oldu ki, onlar bir-neçə qrupdurlar və Bakının müəyyən yerlərini öz aralarında bölüblər. Yəni, Zorge parkının “uşaqları” qətiyyən Hüseyn Cavid parkında “fəaliyyət” göstərə bilməzlər, çünki buranın da öz “uşaqları” var. Hətta onlar arasında kəskin “ərazi” münaqişəsinin də şahidi oldum. Bu hadisə, bu yaxınlarda Sahil parkında baş verib. Təxminən 10-12 nəfər üst-başları çirkab içində olan yeniyetmə oğlan və qız bir-birilərinə qarşı əməlli başlı əlbəyaxa davaya qalxmışdılar. Axırda onlardan 4-5 nəfəri birtəhər canlarını qurtararaq qaçıb yaxınlıqdan keçən marşrut avtobusuna mindilər. Nədənsə, polis bu mənzərəni “görmədi”. Ümumiyyətlə, paytaxtda bu cür fəaliyyət göstərən bu “uşaqlar” təxminən 3-4 yaşdan 15-16 yaşlarına qədər olan qız və oğlanlardan ibarətdir.

Bu vəziyyət artıq paytaxtımızda ənənəvi hal alır və hətta özündə yeni bir “təbəqə”də meydana gətirir. Çünki artıq bir neçə ildir ki, istər bir xanımla yol gedəsən, ya da tək olasan qəfil kifayət qədər normal geyinmiş biri qarşına çıxıb “qardaş bağışlayın məni, Sumqayıta evimə getməliyəm, yol pulum yoxdur. Varındısa, mənə 30-40 qəpik kömək elə” - deyə, adamı şaşırdanlar olur. Əvvəllər buna o qədər əhəmiyyət vermirdim, hətta ümumiyyətlə bunu real qəbul edirdim. Lakin bir neçə dəfə elə real şahidi oldum ki, yolun bu tərəfində məndən 40 qəpik yolu pulu alan bu “dayı”lar yolun o biri tərəfində özlərinə kafeyə salaraq əllərində olanı verib yanğılı-yanğılı yüz-yüz vururlar. Məslə burasındadır ki, onlar da son vaxtlar artıq tək adama yaxınlaşmırlar, harada bir cüt sevgililər görürlərsə, dərhal başlarının üstünü alırlar. Çünki Azərbaycan kişisi üçün yazılmamış qanun var: qadın yanında nə olursa-olsun pul istəyəni boş qaytarmayacaq.



Dilənmək üçün Bakıda kirayəyə verilən uşaqlar...

Paytaxtda istər səyyar dilənələr arasında, istərsə də fala baxmaq və sair kimi qeyri-adi təkliflərlə, hətta körpə uşaqlardan istifadə edərək dilənənlər arasında “qaraçılar” deyilən təbəqə yüksək üstünlük təşkil edir.

Ona görə formal olaraq “qaraçılar” deyirəm ki, çünki bu gün Azərbaycanda “qaraçı” adı altında başqa tayfalar da birləşib.

Araşdırmalara görə, əsl qaraçılar Azərbaycana XIX əsrin sonlarında kütləvi halda Hindistan gəlməyə başlayıblar. Dahi yazıçımız Süleyman Sani Axundovun “Qaraca qız” əsəri də məhz o dövrdə bu hadisə ilə bağlı həyəcanı ifadə edir.

Hindistanda xüsusi bir etnik olan qaraçılar Böyük Britaniyanın Hindistanı tutmasından sonra zaman-zaman üzü qərbə doğru axın etməyə başlayıblar. Məhz bu axın nəticəsində onlar üz tutub məskən saldıqları ölkədən asılı olaraq öz dinlərini də tədricən dəyişməyə başlayıblar. Əsas dinləri Atəşpərəstlik olan qaraçılardan Avropaya və Rusiyaya üz tutanlar xristianlığın müvafiq qollarını, müsəlman ölkələrində məskən salanlar isə İslamı qəbul ediblər. Çar İmperiyası dövründə Rusiyaya köçənlər provoslav dinini qəbul etsələr də, sonradan onların da bir hissəsi Qafqaza köç edərək İslamı qəbul etməli olublar.

Qaraçılar Azərbaycana köç etdikdən sonra əsasən Şamaxının Mərəzə kəndində və Yevlax rayonunun Yolqırağı kəndlərində məskən salıblar. Sovet hakimiyyəti qurulduqdan sonra prinsipcə səyyar həyata, daha asan pul qazanmağa üstünlük verən qaraçılar da təsərrüfat və ictimai işlərə cəlb edildilər. Buna baxmayaraq, hələ Sovet hökuməti dövründə onlar imkan düşdükcə öz səyyar “fəaliyyətlərinə” qayıdıblar. İttifaq dağıldıqdan sonra qaraçılar üçün də sərbəstlik yarandı. Hətta onların əksər hissəsi ilk illər post sovet məkanda ağır illər yaşanan zaman tədricən köçüb daha qazanclı Avropa və ərəb ölkələrinə getdilər.

Bu gün də Avropa ölkələrində yaşayan qaraçılar bizdəkilərdən fərqli olaraq ona görə daha az dilənirlər ki, orada yerli şəraitdən asılı olaraq onlara öz fəaliyyətləri ilə məşğul olmaq üçün kiçik sahibkarlıq hüququ veriblər. Məsələn, hansısa fala baxmaq ofisi açmaq, müxtəlif qaraçı oyunları yaratmaq və sair.

1988-ci ildə Ermənistanın Azərbaycana növbəti təcavüzü başladıqdan sonra ölkəmizdə qaraçılar adı altında başqa tayfalar da birləşməyə və təxminən onların rolunu oynamağa başladılar.

Belə ki, Böyük Britaniyanın Hindistana hücumundan sonra əslində qaraçı olmayan, lakin daha çox qaraçılara bənzəyən bəzi hind tayfaları İrana köç edir. Ötən əsrlər boyu isə onların bir hissəsi Ermənistana köç edərək atəşpərəstlikdən dönüb xristianlığı qəbul edirlər. Onlar əsasən əzəli Azərbaycan torpaqları olan Zəngəzur və Vedibasar mahalında məskunlaşırlar. Sovet İttifaqı dövründə çox qəribə hal idi ki, onlar nə hərbi mükəlləfiyyətə, nə də hansısa ictimai işlərə cəlb olunurdular. Dövlət sadəcə olaraq onlardan müəyyən vergi almaqla keçinirdi. O vaxtdan onları Qafqazda “yezidi kürdləri” adlandırsaq da, tədqiqatçıların fikrincə bu ad onlara yanlış verilib. Qafqazda bu ad onlara təsadüfən verilməyib, köç etdikləri ilk illərdə qarışıq fars dilində danışdıqları üçün yerli əhali onları “yezidi kürd” adlandırmağa başlayıb. Əslində, indinin özündə də onların əksər hissəsi bu adla razılaşmır. Məsələn bu yaxınlarda Ermənistanda onların gənclərdən ibarət bir hissəsi bu adla çağırıldıqları üçün ermənilərlə kütləvi davası da olmuşdu.

Qeyd etdiyim kimi, ermənilərin Azərbaycana təcavüzü başladıqdan sonra - Ermənistanda etnik təmizləmə aparılarkən “yezidi kürd” adlanan bu tayfanın da bir hissəsi Azərbaycana axın etdi. Bu gün onlar əsasən Bakı və Sumqayıtda cəmləşiblər. Sumqayıtda birinci mikrorayon ərazisində, Bakıda isə Yasamal rayonu ərazisində bu tayfalar daha çox məskən salıblar. İndi paytaxt ərazisində qarışıq fars-hindu dilində danışan bu tayfalara “qaraçı” adı verilir.

İlk günlərdən onlar da öz keçdikləri tarixi yollarına uyğun daha çox asan pul qazanmağa - fala baxmaq, dilənmək və sair yollara üstünlük versələr də, onların əksər hissəsi öz sosial şəraitlərini kifayət qədər yaxşılaşdırıblar. Məsələn, paytaxtın Yasamal rayonunda köhnə “dağlı” məhəlləsində məskən salan bu tayfalardan bir hissəsi bu yolla özlərinə dəbdəbəli ev tikib, kifayət qədər münbit şərait yaradıblar. Hətta onlar arasında küçə alverinə keçənlər də çoxalıb.

Buna baxmayaraq Azərbaycana köç etmiş bu tayfaların əksər hissəsi artıq ölkə vətəndaşı adını alsalar da hələ də küçələrdə və digər müvafiq yerlərdə kütləvi dilənçiliklə məşğuldurlar.

İlk illərdə onların əksəriyyəti müxtəlif dəmir kasalarda, fars dilində yazılmış kağızlarda fala baxıb pul qazansalar da, bu gün artıq demək olar ki, tam şəkildə kütləvi dilənçiliklə məşğuldurlar.

Dilənən bu tayfanın yerli dilənçilərdən bir fərqi də var ki, burada əsasən qadınlar dilənir. Nədənsə bu qarışıq tayfaya məxsus kişilər özləri nəinki fiziki əməkdən, hətta dilənməkdən belə çəkinib qadınları və uşaqları qabağa verirlər.

İndi Azərbaycanda dilənçilikdə körpə uşaqlardan istifadənin təxminən 80-90 faizi məhz bu tayfaya aiddir. Müşahidə nəticəsində belə bir maraqlı məqam aydın oldu ki, onlardan hansısa bir ailə hansı günsə dilənməyə çıxa bilmirsə, öz körpə uşağını dilənən digər ailəyə kirayə verir. Burada da uşağın bacarığından asılı olaraq öz “kirayə qiymətlər”i var.
Məsələn əksər metro stansiyaları qarşısında, xüsusən də cümə günləri məscid kənarlarında bu vəziyyətdə onlara asan rast gəlmək olur. Hətta onlar arasında kiçik bir qız uşağı ilə etdiyim söhbətdə də onun da “kirayə”yə verilməsinin şahidi oldum.

“Dövlət, qeydiyyatı və yaşayış yeri olmayan şəxsləri himayəyə götürəcək”

Əslində dilənçilik bütün dünya ölkələrində mövcud olduğu üçün buna o qədər də faciəvi yanaşılmır. Lakin müəyyən mental və digər faktları nəzərə alsaq, Azərbaycanda bu halın kütləviləşməsi narahatlıq doğurur.

Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirir ki, artıq Azərbaycan qanunvericiliyində bu məsələ ilə bağlı müvafiq dəyişikliklər gündəmdədir. Onun sözlərinə görə, parlamentdə birinci oxunuşdan keçən və payız sessiyasında ikinci oxunuşda müzakirəyə çıxarılacağı gözlənilən “Sosial xidmət haqqında” qanunda Azərbaycanda qeydiyyatı və yaşayış yeri olmayan şəxslərlə bağlı müddəalar nəzərdə tutulub: “Nəzərdə tutulan müddəalarda göstərilir ki, dövlət, qeydiyyatı və yaşayış yeri olmayan şəxsləri müəyyən müddətə himayəyə götürür. Hansı ki, bu müddət ərzində onlar ən azı yaşayış yeri ilə təmin olunacaqlar”. M.Quliyev onu da deyir ki, əslində bu gün Azərbaycanda dilənçiliyi peşəyə çevirənlər daha çoxdur və mütləq bununla hüquq- mühafizə orqanları ciddi məşğul olmalıdırlar: “Etiraf edək ki, dilənçilik məsələsi təzə hadisə deyil və bu gün dünyanın ən inkişaf etmiş ölkələrində, hətta ABŞ-da belə bu, nəzərə çarpan hadisələrdəndir. Lakin bizdə xüsusən də bu “qaraçı” deyilən qruplar dilənçiliyi əməlli başlı özlərinə peşə ediblər ki, bununla hətta yerli əhalinin də müəyyən hissəsinə öz “sənət”lərinə cəlb eləməyə başlayıblar. Ona görə də hesab edirəm ki, mütləq hüquq mühafizə orqanları bu işlə ciddi məşğul olmalıdırlar. Əks halda bu, Azərbaycanda hansısa sosial partlayışla nəticələnə bilər”.

Mən çox gözəl anlayıram ki, həyat ən şirin nemətdir və onu yaşamaq üçün insan hər vasitəyə əl atmağa hazırdır. Əlbəttə ki, heç kimə ən şirin nemətini yaşamaq üçün məcburən kiməsə asılı olmasını da arzulamıram. Lakin həyat sənə az da olsa nəsə verirsə o zaman bir şeyi əldə etmə ehtirası deyil, əldə etdikdən sonra da onu istəməyə davam edə bilmə bacarığı həyatı mənalı edir. Çünki, həyat dilənmək üçün çox qısa, dilənçi olmaq üçün isə çox uzundur.


P.S. “Əl açan” azərbaycanlılar arasında həqiqətən də ehtiyac ucbatından dilənənlərə də rast gəldim. O anda dərk etdim ki, adi vaxtlarda ovuclarına pul atın onların yanından keçmək nə qədər asandırsa, onlarla üz-üzə söhbət bir o qədər ağrıdıcıdır...

Mübariz Aslanov

[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1454

Oxşar yazılar