At muraddır - ARAŞDIRMA
16 iyul 2011 22:10 (UTC +04:00)

At muraddır - ARAŞDIRMA

İnsanın ən sədaqətli dostu olan ata dünyanın hər yerində böyük önəm verilir. Onun şərəfinə heykəllər qoyulur, bəslənməsi üçün milyonlarla vəsait xərclənir. Azərbaycan xalqı üçün isə at igidlik, sədaqət rəmzidir. Ta qədimdən Azərbaycan cins, köhlən atları ilə dünyaya səs salıb. Məşhur Qarabağ atlarının şərəfinə yüzlərcə nağıl, rəvayətlər qoşulub. Koroğlunun Qıratı, Şirinin “Gülgün” atı, Qaçaq Nəbinin “Bozat”ı azadlıq, haqq-ədalət uğrunda vuruşan Azərbaycan xalqının ata olan sevgisinin rəmzidir.

Azərbaycan dünyada Qarabağ, Quba, Bakı və Qazax atları ilə tanınıb. Deyilənə görə, vaxtilə Makedoniyalı İsgəndər, İran hökmdarı Dara kimi sərkərdələr öz süvari qoşunlarını məşhur Qarabağ atlarının hesabına gücləndirərmiş. Hətta faktlar sübut edir ki, dünyada geniş yayılmış ərəb və ingilis cins atlarının formalaşmasında Azərbaycan atlarının müəyyən rolu olub. Ölkəmizin adına daha çox şöhrəti isə "qılınc at” deyə çağırılan Qarabağ atları, məşhur "Dilboz" atları və Ağstafa cinsli atlar gətirib.

Ancaq Sovet dövründə atçılığa verilən dəyər, münasibət öz aktuallığını itirdi. Atcılıq təsərrüfatları dağıdıldı, baxımsızlıq cins atların kökünün kəsilməsi, ata marağın azalması ilə nəticələndi. Qarabağ müharibəsi nəticəsində isə atların yetişdirildiyi ən iri müəssisələrdən biri olan Ağdam Atçılıq Zavodu dağıdıldı.

Atçılığın inkişafı üzrə proqram təsdiqlənib

Bəs görəsən Azərbaycan atının əvvəlki şöhrətini qaytarmaq istiqamətində hər-hansı işlər görülürmü?

Mütəxəssis fikrinə keçməzdən öncə qeyd edək ki, son illər atçılığın inkişafı istiqamətində müəyyən işlər görülür. Əldə etdiyimiz məlumata görə, MDB ölkələri arasında atçılıq Rusiya və Ukraynadan sonra ölkəmizdə inkişaf etdirilməkdədir. Azərbaycan hökuməti atçılığın, o cümlədən məşhur Qarabağ atlarının inkişafı üzrə proqram təsdiqləyib. Proqramda elmi-tədqiqat işlərinin aparılması, mütəxəssislərin hazırlanması, müvafiq kitabların buraxılması, atların pasportlaşdırılması, normativ-hüquqi sənədlərin hazırlanması, genetik fondun qorunması nəzərdə tutulur.

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Xidmətinin Aparatında böyük məsləhətçi, baytar Tofiq Atazadə də isə bu istiqamətdə atılan konkret işlərdən bəhs etdi: “Öncə onu deyim ki, hazırda dünya üzrə 260 cins atın ikisi Azərbaycana məxsusdur. Bunlar “Qarabağ” və “Dilbaz” atlarıdır. Azərbaycanın yerli cins atları öz xüsusiyyətlərinə görə digər atlardan seçilir. Qarabağ atları tünd-qəhvəyi, əsasən kürən olur. Hündürlüyü 150 sm olan bu atlar çaparaq və cəld yerişlidir. Çevik, hərəkəti səlis, bədən quruluşu möhkəm olan at həm də dözümlü və yemə qarşı tələbkar olmaması ilə fərqlənir. "Dilboz" atları isə yeganə cinslərdəndir ki, yaşadığı dövrdə 2 dəfə rəngini dəyişir. Belə ki, anadan olanda 2 - 3 yaşa kimi açıq-boz, getdikcə isə mavi rəng almağa başlayır. Hər iki cinsdən olan atlar sürətlə qaçan və yorulmazdır. Ümumilikdə ölkəmizdə 76 min təkdırnaqlı var. Buraya at, qatır və ulaq daxildir. Sırf cins atların, yəni Qarabağ və "Dilboz" atlarının sayı isə 471 başdır. Yerdə qalan qatışıqcinsli atların sayı isə 600-ə yaxındır”.


Atlarımız pasportlaşdırılacaq

Mütəxəssis bildirdi ki, atçılığın ölkədə inkişafı üçün dövlət başçısının sərəncamı ilə Atçılıq Federasiyası yaradılıb: “Federasiyanın nəzdində müasir tələblərə cavab verən, atçılıq klubu var ki, orada yarış üçün ingilis, ərəb və digər atlarla yanaşı, Qarabağ atları da hazırlanır. Ancaq hələ ki, atlarımızı beynəlxalq yarışlara çıxara bilmirik. Səbəb ölkəmizin Avropa Atçılıq Federasiyasına üzv olmamasıdır. Artıq ölkə başçısı bu məsələnin həlli ilə bağlı KTN-ə tapşırıq verib və Federasiyaya üzv olmaq üçün müraciət olundu. Vəziyyətlə tanış olmaq üçün Federasiya tərəfindən ölkəmizə komissiya göndərildi. Ancaq atçılığın hazırkı durumu onları razı salmaması ölkəmizin federasiyaya üzv olma məsələsi ləngidi. Azərbaycan Atcılıq Federasiyaya üzv olmaq üçün onlar irəli sürdüyü tələbləri yerinə yetirməlidir. Əsas şərt atların identifikasiya olunmasıdır. Yəni hər bir at qeydə alınmalı, pasport və çiplə təmin olunmalıdır. Eyni zamanda atlar 8 xəstəliyə qarşı müayinədən keçirilməlidir. Bu istiqamətdə işlərə start verilib və elektron milli informasiya sistemi yaradılıb. Artıq hər bir rayon atlarla bağlı elektron versiyada hesabat verir. Pasportlaşdırma istiqamətində də işlər görülür, atlar siyahıya alınır. Pasportda atın sahibinin adı, cinsi, çipin nömrəsi, atın nömrəsi, ölçüləri və sair yer alacaq. Çip isə loru dildə desək, atın elektron sənədi olacaq. Belə ki, üzəri qalın şüşədən olan kiçik həcmli dəmir qurğu ömürlük olaraq atın boyun nahiyəsində yerləşdiriləcək. Orada atın adı, nömrəsi, ləqəbi, ata-anası, cinsi, sahibinin adı, hansı nəsildən olması və bu kimi məlumatlar daxil ediləcək. Məsələn bizdə elə atlar var ki, 1800-cü ildən bütün nəsli haqqında məlumatlar qorunub-saxlanılır. Bu məlumatlar cip vasitəsilə kompüterin yaddaşına daxil ediləcək və atın boyun nahiyəsinə yerləşdiriləcək. Bundan sonra hər hansı bir ölkədə atla bağlı məlumat almaq istədikdə atın çip olan hissəsinə xüsusi cihaz yaxınlaşdırılacaq və at haqqındakı bütün məlumatları kompüterdə oxumaq mümkün olacaq. Onu da deyim ki, atların qohumluq əlaqələri də öyrənilir. Bu məqsədlə atların tük nümunələrini tədqiq etmək üçün Almaniyaya göndərilib. Tük nümunələrinin öyrənilməsi nəticəsində həmin atların qohumluq əlaqələrini, nəsil mənsubiyyətini müəyyən edəcəyik, həm də genetik profillərini təsvir edə biləcəyik. Artıq Avropada olan Qarabağ qanlı atlar haqqında məlumat bazası yaradılıb. Ancaq buna baxmayaraq bu gün Qarabağ atları ilə bağlı bir sıra problemlər var. Məsələn bu gün dünya bazarında Qarabağ atının qiyməti çox aşağıdır. Bir atın yetkinlik yaşına çatdırılması üçün təxminən üç min manata yaxın vəsait sərf olunur. Belə bir vəziyyəti aradan qaldırmaq üçün düzgün siyasət yeritməli, atlarını geniş təbliğ etməli, onun istifadə sferasını genişləndirməliyik”.

T. Atazadə atçılığın milli monitorinq planının hazırlandığın da dedi: “Atlarda səkkiz xəstəliyə qarşı monitorinq olunacaq. Bu tələblər yerinə yetirildikdən sonra, Avropa Atçılıq Federasiyasına hesabat veriləcək. Müvafiq rəy verildikdən sonra, Azərbaycan Avropa Atçılıq Federasiyasına üzv qəbul ediləcək. Bundan sonra atlarımız Avropa dövlətlərində satışa, yarışlara, auksionlara və digər tədbirlərə çıxarıla biləcək”.

Atcılıq küllü miqdarda vəsait gətirə bilər

Mütəxəssis onu da bildirdi ki, hazırda KTN-in nəzdindəki 4 damazlıq təsərrüfatda cins atlar yetişdirilir: “Ağstafa və Şəkidə "Dilboz" atları, Ağcabədi rayonu ərazisindəki təsərrüfatda isə Qarabağ atları saxlanılır. Bununla belə fiziki və hüququ şəxslər də atçılığa böyük maraq göstərir. Onlar xaricdən təmizqanlı (ingilis, ərəb, Axaltəkə, alman cinsləri) atlar alaraq respublikaya gətirir və şəxsi təsərrüfatlarda bəsləyirlər. Məsələn Binə ərazisində yerləşən "Jokey" klubu həm Azərbaycan, həm də Amerikadakı təsərrüfatında yüksək tələblərə cavab verən atlar yetişdirib yarışlara çıxarılır. Novxanıda sərhədçi atçılıq klubunda isə Sərhəd Qoşunları və idman yarışları üçün atları yetişdirir. "Günay" atçılıq təsərrüfatı isə sırf idman atları yetişdirilir”.
Sonda T. Atazadə Azərbaycan atının nəinki əvvəlki şöhrətinin, hətta daha böyük uğurlarının qayıdacağına əmin olduğunu dedi: “Atçılığın inkişafı respublikaya küllü miqdarda vəsait gətirə bilər”.

Mirvari
# 2453

Oxşar yazılar