İqtisadi İnkişaf Nazirliyindən dondurma xəbərdarlığı
15 iyul 2011 14:18 (UTC +04:00)

İqtisadi İnkişaf Nazirliyindən dondurma xəbərdarlığı

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xəzər küçəsi, ev 3 ünvanında fiziki şəxs Tahir Qasımova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı dondurmaların etiketində enerji dəyərinin resepturada müəyyən edilmiş həddən fərqli və tərkibində resepturada nəzərdə tutulmayan xammallar olduğunun göstərildiyi, habelə dondurmaların laborator müayinədən keçirilmədən satışa çıxarıldığı aşkar edilib. Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, müəssisədə istehsal edilən hazır məhsullardan götürülmüş nümunələrin laborator müayinəsi zamanı “Zontik”, “Malenkoye Çudo” və “Tortinka” plombir dondurmalarında mezofil-aerob və fakültativ-anaerob mikroorqonizmlərin sayının normadan çox olduğu müəyyənləşdirilib.

Aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar dondurmalarının istehsalı və satışının dayandırılması, müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış məhsulların geri yığılması, habelə insan orqanizmi üçün təhlükəli 200,7 kq dondurmanın məhv edilməsi barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Tahir Qasımova icrası məcburi göstəriş verilib.

Müəssisədə istehsal edilən dondurmaların insanların, xüsusi ilə uşaqların sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğunu nəzərə alaraq, Tahir Qasımova dondurma istehsalı üçün verilmiş gigiyenik və uyğunluq sertifikatlarının ləğv edilməsi ilə bağlı İqtisadi İnkişaf Nazirliyi tərəfindən müvafiq orqanlar - Səhiyyə Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi qarşısında məsələ qaldırılıb.

Araşdırmalar davam edir.
# 478

Oxşar yazılar